May 9, 2013

Güllə

ایلقار مؤذن‌زاده
گولـله

[یازیچی‌نی اردیبهشتین 18 ده ایران ایسلام جمهوری‌سی‌نین امنیت مأمورلاری خیوو شهرینده توتوب اردبیل زیندانینا ‏آپارمیشلار.]‏

İLQAR MÜƏZZİNZADƏ
GÜLLƏ

‎(Yazıçını Mayın 8-də İran İslam Cümhurisinin təhlükəsizlik məmurları Xiyov şəhərində tutub ‎Ərdəbil zindanına aparmışlar.)‎


شاعیر و یازیچی ایلقار مؤذن‌زاده 1364-جو ایلده خیوو شهرینده (مشگین‌شهر) آنادان اولموش، اورتا مکتبی ائله اورادا ‏بیتیرمیشدیر و ایندی ایسه همان شهرین دانشگاهیندا اوخویور.‏

اردیبهشتین 18 ده ایلقار و اونون قارداشی احسانی ایران ایسلام جمهوری‌سینین امنیت مأمورلاری خیوودا توتوب اردبیل ‏زیندانینا آپارمیشلار.‏

Şair və yazıçı İlqar Müəzzinzadə 1985-ci ildə Xiyov şəhərində (Meşginşəhr) anadan olmuş, ‎orta məktəbi elə orada bitirmişdir və indi isə həman şəhərin unversitəsində oxuyur.‎

Mayın 8-də İlqar və onun qardaşı Ehsanı İran İslam Cümhurisinin təhlükəsizlik məmurları ‎Xiyovda tutub Ərdəbil zindanına aparmışlar.‎


GÜLLƏ

Bir an öncə yoldaşı ayağa durmuşdu. Bir addım geriyə, bir addım önə. Valaylı-valaylı. ‎Çətinliklə başmaqlarını götürüb önünə atdı. Başmağının dalını dabaniyla qatlayıb tələsik ‎dərəyə sarı endi. İşəməyə enirdi eləbil. Yürüdüm. Bu birisilə işim varıdı. Başının üstündə ‎dayanmışdım. Palazın üzərində uzanmışdı, lül kefli. Külək vodkanı aşırmışdı. Bəlkə də mənim ‎ayağım palaza ilişəndə aşmışdı. "İbiqəndi" satan vodkalardan idı. Əl atıb yerə dağılmadan ‎qaldırıb daşa dayadım. Dizim xırda qablı qatığa batmışdı. Qatıqlı çips qırıntılarını dizimdən ‎silib, şalvarımı palazın bucağıla təmizlədim. Belimdən qayışımın arxasındakı tapançanı əlimə ‎aldım. Bir an dərəyə enən kişinin fikri beynimə sıçradı. Üç addım qabağa irəliləyib dərəyə sarı ‎boylandım. Məndən qabaq, hülü dənəsi boyda bir daş dığırlanıb dərəyə herlənmişdi. Daş ‎dığırlanıb aşağı düşərkən qursağım sancdı. Hürkəndə qursağım sancardı.‎

Yoldaşı daşın böyründə yerə sərilmişdi. Başını aşağı salıb çənəsini sinəsinə yapışdırmışdı, ‎uyuyaraq.‎

Biraz öncə dərəyə sarı enən kişi yuxarı qalxmadan işi yerinə qoymalıydım. Bir daha dərəyə sarı ‎boylandım. Dərəyə enən kişi, yarısı islanmış yumuru yekə bir daşın böyründə uzanmışdı və ‎daşın ətəyindən yaş bir cızıq sıldırıma sarı süzülməkdə idi. Südüyü özündən də sərxüş idi, ‎torpağın üzərində sankı kefli bir qarışqa qoşunu yürüyürdü.‎

Bizim "qulam" kimi uzanmışdı. Qulam da bir istəkan artıq içəndə belə uyurdu. Kərim ‎Talver[1], Behruz[2], Oğrü Qulam[3] və Tarıverdi[4]. Hərdən Oğru Qulam gilin bağında ‎içməyimiz yadıma düşdü. Qulam bu öykünü oxuyursa yəqin küsməlidir. Polislərə izləm ‎verdiyimə və ləqəbini yazdığma görə. Anlamır! çox danışsa Kərim Talverə deyərəm elə vurar ‎ki başı qarpız kimi açılar. Qollarını çırmalayıb talverini götürəndə "Cəmşid Haşımpur"[5]un ‎‎"düşərgədən uçuş"[6]una bənzəyir. Köhnə bir garajda qolları çırmalı keçib otuz nəfər boynu ‎yoğunu qırıb çıxar. Heç of da deməz, burnu da qanamaz, tam hind filimləri kimi. Amma ‎həməşə subay qalacağınada gövənr və sondada evlənməz, tam iran filimlərinin tərsinə olaraq. ‎Bu öykünün sonunda da evlənməyəcək, nə mən, nə də o.‎

Geri qayıtdım. Ovcumdakı gülləni beyninin hansı bölümündə yerləşdirmək fikrindəydim. Başı, ‎təzə kürədən çıxmiş qıp-qırmızı bir Boranı kimi pörtmüşdü. Əlimi yandırırdı. Gülləni başının ‎harasında yerləşdirməyi incələyirdim. Öncə görmə orqanları işdən düşməlidi; yox, danışıq ‎bölümündə dilə fərman verən orqan. Yaddaş bölümü ya da cinsəl hormonlar törənən yeri...‎

Balaca bir toz dərədən yuxarı qalxdı. Başı yerə quyub neçə atdım geridə olan böyük daşın ‎arxasına qaçdım. Yuldaşı dörd əl-ayaqlı dərədən yuxarı qalxırdı. Eləbil ürəyi qalxmış dərə, ‎kişini qusmaqdaydı. Dizləri yaş qara şalvarı toz-torpağa bulanmışdı.‎

Fürsəti əldən vermişdim. Əlimədəki gülləni sıxırdım. Tərlənmiş güllə ovcumu qıdıqladı. ‎Darıxma yoldaş! Alın yazımızı paylaşacam. Güllə məndən gövdə səndən. Polislərin də əlindən ‎dincəlim deyə, bu yasaq gülləni hər halda bir yerində gizlətməliyəm. Beynin, ürəyin, gözlərinin ‎giləsi. Sonra, təbiblər açıb götürəcəklər; bir kasa isti qan badəsində kefli gülləni, pənsə ilə tam ‎incə və yumuşaq, siqara qutusu boyda bir naylona qoyulacaq və əkbərli xiyabanındakı "cinayət ‎işləri mərkəzi"ndə təqdim olacaq. İthaf olarkən bu möhtəşəm güllə, sənin nəfəslərinin üstündə, ‎işarə barmağımla tətikin mərcləşməsində tikə-tikə cırıq varlığını tətikə utuzacaqdır barmağım ‎səni...‎

Güllə yalnız qulaq asır, heç dinməyirdi. Ömründə yalnız bir dönə qışqıracaqdı. Tapançanın ‎lüləsindən doğulub, qan gölündə boğulan çağ.‎

Küləkli havada dərəyə enən kişinin uca səsi qulağıma doldu. Palaz üstə uzananın qırmızı başını ‎şillələyib çağırırdı:‎

‎- Musa...Musa...Musa

dəbərmirdi. Gözlərim bərəldi. Boynum biraz irəliləyib, səsə doğru şəkləndim. Başına bir kola ‎qabı dolu su tökdü. Alnıma soyuq tər oturdu. Alkaqol onu öldürürsə, gülləni öz beynimə ‎taxardım. Qıvraqca şəhərə sarı, kərim talver avtomobilini saxladığı yerə yürüdum. Avtomobilə ‎istart vurarkən sorğulu gözlərlə üzümə baxdı:‎

‎- neyliyə bildin?‎

‎- Heç nə, dayan döz diyəcəm.‎

‎- Sür köşkə; dedim ‎

nədənsə mobaylımla şəhər içi telfonlara zəng aça bilmirdim. Telfon köşkünə keçib, Urjansı ‎yığdım. Beş on dəyqə sonra, Ambulansın ulaması çöllüyə yayılaraq, Musanı götürmüşdülər... ‎‎"Kərim Talver" sinirlənmişdi və sükana yumuruq vurub məni danlayırdı:‎

‎- işi qurtar görək di, çox yubadısan. Əlindən gəlmirda qardaş, sənə gör haçan dedim? Tapşır ‎mən qurtarım daaaaaa.‎

‎- Hösələm yoxdu kərim! Bəsdi daha. Dedim.‎

‎*** ‎
kabuslar hərdən məni çox incidirdi. Yuxudan tərsə durmuşdum. Doktor demişdi pis yatırsan. ‎əyri yatıb düz yuxlayırdım, toxtayırdım. Amma kabuslarım heç zaman toxtamırdı. Mən ‎yuxudan durmamış bir şeylərin məndən azalmasını duymuşdum! Atamla məhkəməyə ‎gedəcəkdik. Otağına sarı getdim. Ölmüşdü deyəsən! Eləbil məndən əsgilib azalan bir şey atam ‎imış. Yüngüllüyünü duyurdum! Üstünə mələfə çəkilmiş yuxulu bir kimsənin üzərindən, bir an ‎mələfənin çəkilməsi kimi, bir şeylərin məndən çəkilməsini balaca bir titərətməylə ‎düşünmüşdüm! Bir serçə oturduğu budaqdan qalxanda, budağın titrəməsi kimi titrəmişdim. ‎Sözünü heç kimsəyə deməzdi. Gedəndə də belə heç bir kimsəyə demədi. Bacım qızı Saçlının ‎qırmızı donlu bir metirlik oyuncağı kimi uzanmışdı."Oyun-Oyuncaq çıxartma kişı dur ayağa ‎məhkəmə yubandı" deyirdim. Sankı Atamın batariyasını çıxarmışdılar. Tapsaydım ha o işi ‎görəni! Verərdim Kərim Talver ortadan iki şaqqa elərdi. Saçlı axşamlar oyuncağının ‎batariyasını çıxardıb şarja qoyardı. Yox, saçlının işi ola bilməz. Atamın batariya yerisi yox idi ‎ki hələ yerinidə bilmiş olsun. Yalnız öz uyuncağının yerini bilirdi. Atam oyun-oyuncaq ‎deyildiki. Saçlı oyuncağının batariyasını çıxarardı və oyuncaq sabaha kimi ölərdi. Elə bizdə ‎ölürük! Gecə ölüb səhər dirilirik. Ölürük dirilirik. Bir yarpaq rəqsi kimi. Lirik bir ölüm dirim ‎yaşamında. Atam gecə öldü, amma sabahısı dirilmədi. Çox yalvardım da.‎

Yoldaşlarıma mesaj atmışdım. Halın eni uzununu dəlicə avaraca yeriyirdim. Batariya ‎axtarmırdım ki. Amma bir şey itirmiş kimi. Gözüm yalnız xalçanı axtarırdı. Bir saat sonra ‎dostlarım gəldilər. Əl-üzlərini yumamış. Qulamın başı həməşəki kimi balışda köndələn qalıb, ‎biz-biz durmuşdu. Nahara yaxın idı. Ev qonaqla dolmuşdu. Kiçik otaqda uzanmış Atamın heç ‎nə karına dəyildi. Arxası üstdə düşən Tusbağa kimi boğulurdum amma qəbir üstündə ağa kimi ‎idim. Yavaşca əl ayağımı havada dəbərdərək; nə çönə bilirdim, nə yeriyə, nə danışa, nə dinə, ‎nə məsəsəbə! Heç nə yə qulluq etmirdim, heç nə yə! Bir Tusbağa fatihəsi idim. Gələn fatihə ‎çöyrür. Məni amma heç nə çöyürmürdü...‎

Musa yox idi. İki il öncə Atamla çörəkxana qabağında dalaşmışdılar. Eləbil heç birinə bir şey ‎olmamışdı. Atamın biraz gözlüyü əyilmişdi, biraz özlüyü. Atam deyirdi «mən onu ‎böyütmüşəm, indi mənə qoduqlanır», Musa da deyirdi «mən özüm böyümüşəm, qoduq ‎özünsən!». Musa Atamın Xalası nəvəsi idi. Qoca xalasının yalnız bir oğlu varidi oda Arvadiyla ‎Avtomobil qəzasında olmüşdü. Uşaqlığında məhəllədə qurbağa edamını eşidəndə gülməyim ‎gələrdi həməşə. Baqqal Babaxan dan beş dənə ikiyüz girəmlik daş alıb, ipək sapını qurbağanın ‎boynuna bağlayıb, ayaqlarının altından daş sallarmış. Hərdənsə elektrik pirizi əldə edə bilirdisə ‎Amerika edamları sayaq elektrik edam edərmiş. Qurbağanın əllərindən və boynundan lüt ‎elektrik simini dayayarmış. Kərim deyir onda qurbağanın qiyafəsi çox gülməli olub və gözləri ‎kəlləsinə çıxarmış. Amma bu çeşid edamın pis qoxusu olduğu üçün məhəllə uşaqları Musanın ‎bu tür edamila muxalifət edərmişlər. Qurbağalara edam bəyaniyəsi də oxuyurmuş. Qurbağalara ‎yazdığı edam bəyaniyəsində "gecələr quruldayıb yuxuya bais olmağını və qurbağaların çirkin ‎olduqları üçün adamı irgəndirməklərini" də vurğularmış. Həməşə qurbağaların gülməli ‎edamlarını görmək həsrətində qaldım. Kərim deyir çox gülməli olurmuşlar. Sondada məhəllə ‎uşaqları Musanı alqışlarmışlar. Hərdənsə məhəllə uşaqlarını evə apararmış və həməşə ağzı açıq ‎yatan qoca Nənənin başı üstündə oturub burnunun içini barmağila girdələyib qoca Nənənin ‎ağzına atarmış, qoca Nənə də tamsınaraq, uşaqlar pıqqıldaşıb gülüşüb eşiyə qaçarmışlar. Bir ‎dönə də Atam onu bu iş üstə bir həftə anbarda sıçanların yanında, ortadakı taxta dirəyinə ‎bağlamış imış. Musanın Ata-Anası Avtomobil qəzasına uğrayanda Musa iki yaşlı imiş. ‎Renault‏ ‏‎[7] Avtomobili ilə Tehran yolunda təsadüf etmişdilər, Musa diri qalmışmış amma. ‎Atam deyirdi «Musanı diplom alana kimi mən saxladım», diplom dan sonra daha başına ‎boşlamışdı. Amma Musa da deyirdi «məni allah saxladı».‎

Son dönə Atamla savaşmaqları Qoca Nənəmin qızılları üstünda idi. Musa anbardakı ‎sandığçanın içində gizlənilən qızılları götürmüşmüş. Musa deyirdi sən onları mənə hədiyə ‎vrmək sözünü vermişdin «kişi tüpürdüyünü yalamaz!» Atam da deyirdi «yalayar iki də artıq!» ‎Son dönə savaşanda Atamın gözlüyü sındı. Gözlüyünü təəmirə verib Atamın gözünə ‎qaytardım. Amma deyirdi: «gözlük önəmli dəyil, özlüyüm sındı» amma day özlüyünün yerini ‎tapa bilmədim. O andan bəri gündə bir yol axşamlar bazara gedib qayıdırdı və yalnız otağına ‎təpilib pencərəsiz damın bucağındakı pıncın tüstü çəkən deşiyindən sıqara püfləyirdi, otaqdan ‎asılmış qoca Nənəmin gülər tablosuna gözünü zilləyib, gözləri dolardı. Neçə gün idi otağın ‎kilid yerindən izləyirdim... Musa Nənəmi dığlatdı öldürdü deyirdi həmişə...Amma nə isə Atam ‎suçlu idı. Onunla baş-başa qoşmamalı idı.‎

Şikayətləşdilər sonda. Birinin burnu qanamışdı, birinin gözlüyü sınmışdı, bir yandan qızıl üstə ‎dalaşma, bir yandan yaman-yovuz demək. Musa nı maddı cərimə ilə buraxdılar. Atama da il ‎yarım zindan. Zindanindan bir il sovuşmuşdu. Atamın zindanından iki ay qalan Anam öldü. ‎Tələbkarlar dığladıb öldürdü demək. Hər zaman qapımızın önündəki çıraq dirəyinə dayananda ‎Atamı aparan qandalı xatırlayırdım və xiyabanın o əlində dayanmış adamları. Qapımız önündə ‎dik-dik dayanan çıraq dirəyi hər gün on seri bəlkə gözümə girirdi. Mamur aparanda, əlini çıraq ‎dirəyinə ilişdirmişdi Atam.‎

‎*** ‎
axşamlar Musa tükanını bağlayarkən, mən də çıraq dirəyinin arxasından güdürdüm. Sayxın bir ‎yerdə ələ keçirmək istəyirdim. Kərim Talver də xiyavanın otayında köhnə Peykan[8]ila mənim ‎işarəmi gözləyirdi. Yaxşı və əlverişli bir fürsətdə tutmaq istəyirdim.‎

Axşamlar kərimlə Xiyov Çayı[9]nda bir qabçaq içgini üç istəkanda qarnımıza töküb "Əhməd ‎kaya"nı dinlərdik. Son istəkanda, qabçağın altını fəndəklə qızdirib, üstünə çaxmaq çəkərdim. ‎Ot birdən qapardı. Ot, əlimi it kimi də qapmışdı neçə dönə, əlim yanmışdı. Amma yenə hayam ‎yox idi. Qızğin kefli qabçağı yandıranda, qabçağda qapılan alovun içində Musanın qiyafəsini ‎görərdim. Kərim əlimdən zara gəlmişədi. Neçə dönə talverini götürüb gedib başını əzmək ‎istəmişdi. Amma qoca Nənəsinin canına and vermişdim və oturmuşdu.‎

Atam dünən axşam yenədə yuxuma gəldi. lüt idi. Əriyib arıqlamış gövdəsilə. Darıxdığını ‎deyirdi. Bir yastı daşın üstündə oturmuşdu. «Musanın başını daşın üstünə qoyub, ilan başı ‎kimi əzməyincə, içimdə ki acı volqan yatmaz» dedi.‎

Atamın qırxı çıxmaqdaydı və mənim bağrım biraz sökülmüş. Uçmuş bir evin kərpici altında ‎süzülən bir qırx ayaq kimi, bir şeylər bağrımda süzülürdü. Beynimin küçələrində bir ayaq ‎addımlayırdı və hər gün bir addım, hər gün bir ayaq, qırx gün sovuşmuşdu, amma darıxmalar ‎sırtıq bir qırx ayaq kimi idı, çıxmırdı könlümdən.‎

Gülləni Kürdüstandan almışdım. Güllə, Musanın o dünyaya gediş bileti idi. Bərzəxə bir cetin ‎uçuşu.‎

Gülləyə qısqanırdım! Musanın içindən tapılandan sonra illər boyu "cənayt işlər mərkəzi" ‎dekorunda, naylonda hayat sürməyinə. Darıxdırıcı olmayacaqmı sənə ey güllə? Yazığım gəlir ‎qan gölünə girdiyin zaman, cümcümə də əbədilik dustaqlanmağına. Nə edə bilərəm ki? Nə ‎bilim, bəlkə də beyində torpağın içində ayrışıb, daha tez başqa bir varlıq çərçivəsində hayata ‎dönə biləsən. Torpağın qucağında ayrışıb, dəmirliyin bitgilərə yararlı olub, bir tikanlı roz ‎gülünün bir budağı oldun bəlkədə...‎

Bu dönə küçənin dönəcəyində musanı xəfləyəcəkdim. Atam bir həftə idi küsmüşdü. Yuxuma ‎gəlseydi də, gəlib yastı daşın üzərində oturub, arxasını çevirib, məni danışdırmazdı. Nə qədər ‎də çağırardım qulaq asmazdı. Çıxarsızlığımı düşünmüşdü bəlkə də. Yaxınlaşa da bilmirdim. ‎Maqinet də olan bir meğnatis güc kimi, mən və Atam arasında bir meydan yaranmışdı. Nə ‎qədərdə güc verirdim, yaxınlaşa bilmirdim. Gecəni sabaha kimi arxası mənə sarı taxta kimi ‎quruyardı. Səhərə yaxın da durub yastı daşın üstündən tüstülü çöllüyə sarı yeriyərdi. Tüstünün ‎içində gözdən itənəcək. Gün bə gün yuxumda arıqlayıb, solğunlaşırdı. Bu həftə işi bitirmək ‎istəyirdim. Həftə başı Musa yoldaşila körpü altına içməyə getdiyində, xəfləməliydim.‎

Çıraq dirəyinin altında, Musa nı güdürdüm. Güllə cebimdə idi və tapança belimdə. İki güllə ‎idi. Biri çaşsaydı o birisini qullanacaqdım. Kərim xiyabanın o birisi əlində sükan arxasında ‎uzanmışdı. Musa yoldaşını gözləyirdi, gəlsin körpü altına getsinlər deyə. Mən Musanı ‎gözləyirdim, tükanından çıxıb körpüyə sarı yola düşsünlər deyə və Kərim də məni, ona işarə ‎edim deyə. Güllələrlə son danışıqlarımı aparırdım. Əlimi cebimə salıb barmaqlarımın ucuyla ‎güllələrin qulağına pıçıldayaraq. Musanın tükanının kirkirəsi aşağı çəkilməklə özümə gəldim. ‎Avtomobilə minib yola düşmüşdülər. Kərimin Peykanına sarı yürüyüb Avtomobilə təpildim. ‎Musa bir xiyaban qabaqlıq bir Suprmarket önündə saxlamışdı və yeyinti alırdı. Eləbil kərimin ‎böyrəklərinin sancısı tutmuşdu. Ağrı kəsici dava alsın deyə, düşüb xiyaban qırağındakı ‎davaxanaya yürüdü. Musa gil getmişdi və Kərim hələ xiyabanın o tayında meyvəşirəsi əlində, ‎Suprmarket dən çıxmaqdaydı. Sükan arxasında oturub, körpüyə sarı sürdu. Mən də körpüyə ‎sarı gedirdim. Günəş dağlar arxasında batmaqda və hava qaranlıqlaşmaqdaydı. Bırazda ‎qaranlıqlaşırdısa maraqlı olardı. İşıqdan acığım gəlir, gecə qaranlıq olsaydı qorxum da ‎tökülərdi. Gözləyirdim Musa gil neçə istəkan içsinlər və Musanın yoldaşı işəmək üçün dərəyə ‎ensin. Güllə ovcumda tərlənmişdi. Daha güllə ilə danışmağa vaxtım yox idi. İkisinidə ‎tapançada yerləşdirdim. Hava tam qaranlıqlaşmışdı və Musanın yoldaşı ceb telfonunun ışığiyla ‎dərəyə sarı enməkdə idi. Yürüdüm. Uzanmışdı. Tapançanı çəkib və barmağımı tətikə süzdüm. ‎Musa ayağa durub ehmalca atama sarı yürüdü. Bir zəncirotu‏ ‏budaqdan buraxılan kimi uçdu. ‎Atam yastı daşın üzərində durmuş, arıq gövdəsilə sümükləri belə dışarı vurmuşdu. Musa ‎Atama sarı yürüməkdə idi, amma Atamın ona gücü çatmayacaqdı, bilirdim. Mən də Atamın ‎yanına getsəydim yaxşı olardı. Anamı da görə bilrədim. Onların yanına getməsəydim yəqin ‎Musa o dünyadada hər ikisinin dərisini soymalıdır. Getməyimi düşünürdüm. Güllənin biridə ‎mənim beynimdə oturmuşdu. Musanı izlədik. Atamla birgə Musanı yastı daşın üzərinə aparaq ‎deyə... ‎

________________________________________
‎[1] “Kərim” insan adı və “Talver” onun ləqəbi, avtomobil təmirxanalarında olan ‎yarım metirlik dəmir bir arac.‎
‎[2] İnsan adı
‎[3] “Qulam” adlı bir şəxsin ləqəbi‎
‎[4] İnsan adı
‎[5] iran əkşən filimlərinin ulduzlarından
‎[6] Bir əkşen filim adı
‎[7] Bir növ Avtomobil
‎[8] Bir növ Avtomobil
‎[9] Xiyov şəhərində bir gözəl Park

No comments: