Dec 27, 2012

Ayrılıq

Təbrizli Məmmədrza‎
SON GECƏ kitabından

O gecə şıdırğı yağış yağırdı. Günortadan dostları ilə görüşə gedən Taymaz evə dönəndə ‎çox gərgin idi. Saatlarca sürən götür-qoydan, müzakirə və dartışmalardan sonra elə bu gecə ‎Təbrizdən çıxmasına qərar vermişdilər... ‎

Hava qaralmazdan qabaq dostları onu maşınla evə gətirirdi. Taymazın ürəyinə qəribə bir ‎ağırlıq çökmüşdü. Düşünürdü ki, bəlkə bir də Təbrizə dönə bilmədi. Yarıyolda istədi ki, ‎evlərinə yeriyə-yeriyə getsin. Dostları ilə danışıb razılaşdı, maşından enib bir az Saat ‎qabağında* durdu, yan-yörəyə diqqətlə göz gəzdirib baxdı, baxdı... sonra dərindən köks ‎ötürdü, işgəncə zamanı dırnaqları dartılıb çıxarılan, irinlədiyi üçün hələ də zoqquldayan yaralı ‎ayağını çəkə-çəkə Ərk qalasına* yaxınlaşdı, dolmuş gözlərini silib ürəyində qoca Ərklə ‎sağollaşdı.