Jan 3, 2013

رومان صنعتى و نسلين داواسى

میلان کوندرا

MİLAN KUNDERA
Roman Sənəti və Nəslin Davası

‎“Yüz ilin tənhalığı”nı oxuyandan sonra məni qəribə bir hiss bürüdü, məgər bütün böyük roman ‎qəhrəmanları övladsız olur.‎


‏"يوز ايلين تنهاليغي"ني اوخوياندان سونرا مني غريبه بير حيس بورودو، مگر بوتون بؤيوک رومان قهرمانلاري اؤولادسيز ‏اولور. گئرچک حياتدا اهالي‌نين جمعي بير فايزينين اوشاغي اولماديغي حالدا، مشهور رومان قهرمانلارينين مينيموم اللي فايزي ‏اؤزوندن سونرا نسيل قويمادان صحيفه‌لر آراسيندا ايتيب گئدير. ايستر پانتاقروئل اولسون، ايستر پانورق، ايستر دون کيخوت، ‏هئچ بيريسي‌نين اؤولادي يوخ ايدي. تکجه اونلارينمي؟ هئچ "تهلوکه‌لي علاقه‌لر" فيلمينده‌کي والمونونون دا، مارکيزا دؤ ‏مئرتئيين ده، خئيرخاه پرئزيدئنت آروادي مادام دؤ توروئلين ده اوشاغي يوخدور. يا دا هئنري فيلدينقين ان مشهور پئرسوناژي ‏اولان توم جونسون، همچنين هؤتئنين گنج وئرتئرينين ده اوشاقلاري يوخ ايدي. ‏

ستئندالين آز قالا بوتون رومان قهرمانلاري اوشاقسيزدير (يا دا هئچ واخت اوشاقلارينين اوزونو گؤرمه‌ييبلر)، عئيني شئيي ‏بالزاکين و دوستويئوسکي‌نين قهرمانلارينين اکثريتينه عاييد ائتمک اولار. اگر کئچن عصره باخساق "ايتميش زامانين ‏آختاريشيندا" اثرينين باش قهرماني حاقيندا دا و البته کي، روبئرت موزيلين اساس قهرمانلاري اولان، اولريخ اونون باجيسي ‏آقاتا، والتئر و اونون آروادلاري کلاريسه و ديوتيم حاقيندا دا، هاشئکين قهرماني شوئيک و کافکانين بوتون قهرمانلاري ‏حاقيندا دا عئيني شئيي دئمک اولار. دوغرودور کافکانين قهرماني اولان کارل روسماني ايستيثنا ائتمک لازيمدير، آنجاق او دا ‏خيدمتچي قيزي حاميله قويدوقدان سونرا دوغولاجاق اوشاغي حياتيندان سيلمک اوچون باشيني گؤتوروب آمئريکايا گئتميش و ‏آردينجا بئله بير رومانين يارانماسينا رواج وئرميشدير. حاقيندا بحث اولونان سونسوز قهرمانلار هئچ ده يازيچيلارين شوعورلو ‏مقصديندن دوغماييب، رومان صنعتي‌نين اؤز ماهيتي (ياخود دا بو صنعتين شوعورآلتي طرفلري) نسلين داوام ائتمه‌سي ‏ايدئياسى ايله هئچ جور باريشمير. ‏

هايدئقئرين دئديگي: "رومان آيري-آيري شخصيتلرين ياراتديغي "يئني دؤورون" تشکولو ايله، اورتايا چيخدي " فيکري هر ‏شئيين اساسيندا دايانير. رومانين سايه‌سينده آوروپادا اينسان شخصيت کيمي حؤکمونو گؤسترمگه باشلادي. اصلينده، ‏واليدئينلريميزين بيزدن اؤنجه نئجه ياشاديقلاري حاقيندا چوخ آز شئي بيليريک، بيزيم ياخينلاريميز حاقيندا بيليکلريميز ‏سطحيدير، ساده‌جه اونلارين دونيايا نئجه گليب گئتديکلرينه شاهيد اولوروق، اونلار دونيادان سيلينن کيمي يئرلريني باشقالاري ‏توتور، اونلار بؤيوک بير عوضلنمه قاتاري ياراديبلار. محض رومان کوتله ايچيندن بير نفري سئچيب باشدان-باشا اونون ‏حياتيني، فيکيرلريني، دويغولاريني دانيشير، اونو عوض ائديلمز ائدير، او هر شئيين مرکزينده دايانير. ‏

دون کيخوت اؤلور و رومان سونا چاتير، بو بيردفعه‌ليک سوندور، چونکي دون کيخوتون اوشاقلاري يوخدور، اگر ‏اوشاقلاري اولسايدي اونون حياتي‌نين بير داوامي اولا بيلردي، بلکه اونو يامسيلايان يا دا اونو موحاکيمه ائدن بيريسي ‏اولاجاقدي، بلکه اونو مودافيعه ائده‌جک يا دا اونا خيانت ائده‌جکديلر. آتانين اؤلومو قاپي‌نين آراسيني آچيق قويور، لاپ ‏اوشاقليقدان باشلاياراق بيز دفعه‌لرله محض بونو ائشيديريک، سنين حياتين اوشاقلاريندا داوام ائده‌جک، سنين اوشاقلارين، ‏سنين اؤلومسوزلوگوندور. آنجاق اگر منيم حيات حکايتيم، شخصي حياتيم باشا چاتديقدان سونرا بئله داوام ائده بيليرسه، دئمه‌لي ‏منيم شخصيتيم يئتکين بير شخصيت دئييل، اوندا هله باشا چاتماميش نه‌لرسه وار، او تکليکده تام معنا ايفاده ائده بيلمير. بئله ‏آنلاشيلير کي، فردين ايچينده اريگيب يوخا چيخديغي، اؤز کيمليگي‌نين اونودولماغينا شرايط ياراتديغي، عاييله، نسيل، سوى-‏کؤکو، ميلت کيمي تاماميله کونکرئت، دونيوي شئيلر وار. بو "هر شئيين اساسي" اولان فردين، بير نئچه عصيردير ‏آوروپانين بسله‌ديگي، ايللوزييادان، خيالدان باشقا بير شئي اولماديغي آنلامينا گلير. ‏

قارسيا مارکئزين "يوز ايلين تنهاليغي" کيتابي‌نين سايه‌سينده رومان آرتيق فرديتچيليک خولياسييلا ويداعلاشيب، ايندي ديقت ‏مرکزينده آيريجا بير فرد دئييل، فردلرين بير-بيريني عوض ائتديگي اوزون بير زنجير دايانير. اونلار هاميسي اؤزونه گؤره ‏اونيکال، تکرارسيز اولماقلا برابر اثرين آخينيندا اؤتري بير ايشيق زولاغي کيمي گؤزه گؤرونوب يوخ اولورلار، هر بير فرد ‏اونودولماليدير و اونلارين هر بيري بو حاقدا دوشونور، هئچ بير قهرمان اولدن آخيرا کيمي رومانين اساس سيماسي اولمور. ‏رومانداکي قهرمانلارين اولو ننه‌سي اولان قوجا اورسولا يوز ايگيرمي ياشيندا دونياسيني دگيشسه ده رومان بو حاديثه‌دن ‏خئيلي گئج قورتارير. بورادا ديقتي چکن باشقا بير مقام دا وار کي، بوتون صورتلرين آدلاري بير-بيرينه بنزه‌يير، مثل اوچون: ‏آرکاديو خوزه، خوزه آرکاديو، ايکينجي خوزه آرکاديو، آورئلييانو بوئنديا، ايکينجي آورئلييانو. مؤليفين بونو ائتمکده مقصدي، ‏صورتلري بير-بيريندن فرقلنديره‌جک جهتلري دومانلي شکيلده تصوير ائديب اوخوجونون اونلاري قاريشيق سالماسينا نايل ‏اولماقدير. اونلار بوتون جهتلري ايله آوروپانين فرديتچيليک دؤورونه يادديرلار. بس گؤره‌سن اونلار هانسي دؤوره ‏عاييدديرلر؟ آمئريکانين هيندو کئچميشينه‌مي؟ يا دا آيري-آيري فردلرين اينسان جينسي ايچريسينده اريييب يوخا چيخاجاغي ‏گله‌جگه‌مي؟ منيم فيکريمجه بو رومان، رومانچيليق صنعتي‌نين زيروه نؤقطه‌سي اولماقلا برابر، عنعنه‌وي رومان دؤورو ايله ‏ويداعلاشمادير. ‏

‏("لؤ موند" قزئتي، فرانسا) 29/05/2007 - چئويرى: ناميق حوسئينلى

Milan Kundera

Roman sənəti və nəslin davası


‎“Yüz ilin tənhalığı”nı oxuyandan sonra məni qəribə bir hiss bürüdü, məgər bütün böyük roman ‎qəhrəmanları övladsız olur. Gerçək həyatda əhalinin cəmi bir faizinin uşağı olmadığı halda, məşhur ‎roman qəhrəmanlarının minimum əlli faizi özündən sonra nəsil qoymadan səhifələr arasında itib gedir. ‎İstər Pantaqruel olsun, istər Panurq, istər Don Kixot, heç birisinin övladı yox idi. Təkcə onlarınmı? Heç ‎‎“Təhlükəli Əlaqələr” filmindəki Valmonunun da, Markiza de Merteyin də, xeyirxah prezident arvadı ‎madam de Turvelin də uşağı yoxdur. Ya da Henri Fildinqin ən məşhur personajı olan Tom Consun, ‎həmçinin Hötenin gənc Verterinin də uşaqları yox idi.‎

Stendalın az qala bütün roman qəhrəmanları uşaqsızdır (ya da heç vaxt uşaqlarının üzünü görməyiblər), ‎eyni şeyi Balzakın və Dostoyevskinin qəhrəmanlarının əksəriyyətinə aid etmək olar. Əgər keçən əsrə ‎baxsaq “İtmiş zamanın axtarışında”əsərinin baş qəhərəmanı haqqında da və əlbəttə ki, Robert Muzilin ‎əsas qəhrəmanları olan, Ulrix onun bacısı Aqata, Valter və onun arvadları Klarisse və Diotim haqqında ‎da, Qaşekin qəhrəmanı Şveyk və Kafkanın bütün qəhrəmanları haqqında da eyni şeyi demək olar. ‎Doğrudur Kafkanın qəhrəmanı olan Karl Rossmanı istisna etmək lazımdır, ancaq o da xidmətçi qızı hamilə ‎qoyduqdan sonra doğulacaq uşağı həyatından silmək üçün başını götürüb Amerikaya getmiş və ardınca ‎belə bir romanın yaranmasına rəvac vermişdir. Haqqında bəhs olunan sonsuz qəhrəmanlar heç də ‎yazıçıların şüurlu məqsədindən doğmayıb, roman sənətinin öz mahiyyəti (yaxud da bu sənətin şüuraltı ‎tərəfləri) nəslin davametməsi ideyası ilə heç cür barışmır.‎

Haydeqerin dediyi: “Roman ayrı-ayrı şəxsiyyətlərin yaratdığı “Yeni dövrün” təşəkkülü ilə, ortaya çıxdı” ‎fikri hər şeyin əsasında dayanır. Romanın sayəsində Avropada insan şəxsiyyət kimi hökmünü ‎göstərməyə başladı. Əslində, valideynlərimizin bizdən öncə necə yaşadıqları haqqında çox az şey bilirik, ‎bizim yaxınlarımız haqqında biliklərimiz səthidir, sadəcə onların dünyaya necə gəlib getdiklərinə şahid ‎oluruq, onlar dünyadan silinən kimi yerlərini başqaları tutur, onlar böyük bir əvəzlənmə qatarı yaradıblar. ‎Məhz roman kütlə içindən bir nəfəri seçib başdan-başa onun həyatını, fikirlərini, duyğularını danışır, onu ‎əvəzedilməz edir, o hər şeyin mərkəzində dayanır.‎

Don Kixot ölür və roman sona çatır, bu birdəfəlik sondur, çünki Don Kixotun uşaqları yoxdur, əgər ‎uşaqları olsaydı onun həyatının bir davamı ola bilərdi, bəlkə onu yamsılayan ya da onu mühakimə edən ‎birisi olacaqdı, bəlkə onu müdafiə edəcək ya da ona xəyanət edəcəkdilər. Atanın ölümü qapının arasını ‎açıq qoyur, lap uşaqlıqdan başlayaraq biz dəfələrlə məhz bunu eşidirik, sənin həyatın uşaqlarında davam ‎edəcək, sənin uşaqların, sənin ölümsüzlüyündür. Ancaq əgər mənim həyat hekayətim, şəxsi həyatım ‎başa çatdıqdan sonra belə davam edə bilirsə, deməli mənim şəxsiyyətim yetkin bir şəxsiyyət deyil, onda ‎hələ başa çatmamış nələrsə var, o təklikdə tam məna ifadə edə bilmir. Belə anlaşılır ki, fərdin içində ‎əriyib yoxa çıxdığı, öz kimliyinin unudulmağına şərait yaratdığı, ailə, nəsil, soy-kökü, millət kimi tamamilə ‎konkret, dünyəvi şeylər var. Bu “hər şeyin əsası” olan fərdin, bir neçə əsirdir Avropanın bəslədiyi, ‎illüziyadan, xəyaldan başqa bir şey olmadığı anlamına gəlir.‎

Qarsia Markezin “Yüz ilin tənhalığı” kitabının sayəsində roman artıq fərdiyyətçilik xülyasıyla vidalaşıb, indi ‎diqqət mərkəzində ayrıca bir fərd deyil, fərdlərin bir-birini əvəz etdiyi uzun bir zəncir dayanır. Onlar ‎hamısı özünə görə unikal, təkrarsız olmaqla bərabər əsərin axınında ötəri bir işıq zolağı kimi gözə ‎görünüb yox olurlar, hər bir fərd unudulmalıdır və onların hər biri bu haqda düşünür, heç bir qəhrəman ‎əvvəldən axıra kimi romanın əsas siması olmur. Romandakı qəhrəmanların ulu nənəsi olan qoca Ursula ‎yüz iyirmi yaşında dünyasını dəyişsə də roman bu hadisədən xeyli gec qurtarır. Burada diqqəti çəkən ‎başqa bir məqam da var ki, bütün surətlərin adları bir-birinə bənzəyir, məsəlçün: Arkadio Xose, Xose ‎Arkadio, ikinci Xose Arkadio, Aureliyano Buendia, ikinci Aureliyano. Müəllifin bunu etməkdə məqsədi, ‎surətləri bir-birindən fərqləndirəcək cəhətləri dumanlı şəkildə təsvir edib oxucunun onları qarışıq ‎salmasına nail olmaqdır. Onlar bütün cəhətləri ilə avropanın fərdiyyətçilik dövrünə yaddırlar. Bəs görəsən ‎onlar hansı dövrə aiddirlər? Amerikanın hindu keçmişinəmi? Ya da ayrı-ayrı fərdlərin insan cinsi içərisində ‎əriyib yoxa çıxacağı gələcəyəmi? Mənim fikrimcə bu roman, romançılıq sənətinin zirvə nöqtəsi olmaqla ‎bərabər, ənənəvi roman dövrü ilə vidalaşmadır

‎(“Le Monde” qəzeti, Fransa) 29/05/2007‎‏- ‏‎ Çeviri: Namiq Hüseynli

No comments: