M. Ə. Fərzanə
(Qovsi)
Folklorumuzun gözəl incisi və ölməz şahəsəri olan Dədə Qorqud
dəstanları barədə bu son illərdə başlamış yeni baxışlar və araşdırmalar, iki
min ilin başlanışında da dəvam edəcək və bəlkə də bu xüsusda yeni görüşlər və
yekunlaşdırmalar ortaya çıxacaqdır. Dağın
vəhşi lalələrini göz önündə canlandıran bu dəstanlar, öz doğma uslubu,
canlı təsvirləri parlaq günəş kimi mədəniyyət tariximizə ışıq saçmış, öz
büllurluğunu qorumuş və keçmişin saf güzgüsü kimi bizə gəlib çatmışdır.
Əsər bir çox dillərə tərcümə edilmiş, həqqində çoxlu məqalələr və
açıqlamalar yazılmışdır. Fuad Köprülü, böyük Türk müdərris və araşdırıcısı,
vəqtilə həqli olaraq demişdir: əgər bütün Türk mədəniyyətinə ayid olan əsərləri
tərəzinin bir gözünə və Dədə Qorqud dəstanlarını obiri gözünə qoysanız, Dədə
Qorqud ağır basar. Profəsor doktor Məhərrəm Ərgin başqa Türk araşdırıcısı,
əsərin bugünkü dildə hazırladığı nüsxəsində yazdığı baş sözdə, bir milli
şahəsərə on danadan çox xüsusiyyət sanır, bu xüsusiyyətlər bütünlüklə Dədə
Qorqud dəstanları həqqində sidq edir. Dədə Qorqud bütün varlığı ilə bir milli-
mədəni əsərdir.
Dədə Qorqud dəstanları məzmun və tarixi baxımdan ayrı - ayrı olay və
macəraları yüklənmiş olsa da, bu olaylar və macəralar Azərbaycan torpağı ilə
ilgilidir. Dəstanların oynaq səhnəlrində iştirak edən kişilər və qadınlar Türk
Oğuz ellərindən olub və yarı köçəri halda, bəzəkli çadırların altında və bədəvi
(əsil) atların döşündə başa aparırlar. Bunlar bağlı olduqları şəraitə uyğun
igitlik və döyüşgənliyi hər şeydən üstün sanır və inanclarını yerinə yetirməkdə
heç təlaşdan çəkinmirlər. İçərilrində doyüş və yaşayış bacarığı coşan bu
igitlər, yeri gəlincə şərab içərlər, dilavərliklə at çapır və şəmşir vururlar.
Yaşıl otlaqlar arzusuyla Orta Asya çöllərini buraxıb Batı, xüsüsilə
dağlarının döşlrindən pırıl - pırıl çaylar və çəşmələr axan Azərbaycan və
İranın başqa otlaqlarını məskən edən bu qoçaq kişilər və arvadlar, əlvan
çadırlar, quş kimi sıçrayan atlar v doyüş silahlarıyla birlikdə öz inanclarını,
qovmi rəsm - rüsumlarını, əsatir və əfsanələrini də təzə qaynayıb qarışdıqları
ölkəyə gətirmişlər və bu yeni ölkənin şəraitində bir sıra dəyişiklikləri öz
rüsum - mərasimlrində məniməsəmişlər.
Dədə Qorqud dəstanları, bu el obaların Azərbaycan şəraitində tarix,
dil, ədəbiyyat, adab və folkloru ilə qaynayıb qarışmışdır.
Bu dəyişmə dəstanların anlam və uslubunu müəyyən halda Orta Asya el
obalar dəstanlarından ayırmış və onlara Azərbaycan folkloru səciyyəsi vermişdir. Türklər çox qədim əsirlərdən Azərbaycanda
olmuşlar, ancaq onların ən toplum gəlişi elə 12 - ci Miladi əsrdə olmuşdur.
Dədə Qorqud dəstanlarının əl yetərdə olması, 19-cu əsrin əvəllərinə qədər bilim dünyasına bugünkü
biçimdə tanınmamışdır. Bu iş son iki yüz ilə yaxın zamanda üz vermiş və bu
qiymətli əsər tanınıb və onun möhtəvası bilginlərin və araşdırıcıların diqqət
və sayğısını qazanmışdır.
1950-ci ilə qədər, bilik dünyası bu əsərin bir tək
nüsxəsini tanımışdı. Bu əsərin yazıyıa köçürəni və onun yazıldığı tarix məlum
olmayan nüsxə, hamıdan öncə bilgin «”Dits”»in nəzərini çəkir. O, əsərin «Təpəgözün Basatın
əlilə öldürülməsi» dəstanını 1815-də almanca
tərcüməsini nəşr edir. ”Dits”in tərcüməsində iştibahlar olduğu halda, o kıtabı
tanıtdırmaqda dəgərli mülahizələr irəli sürmüşdür.
”Dits”dən sonra tanınmış Alman şərqşünası, Teodor Nöldeke, onun
ardınca məşhür Rus şərqşünası Bartold, əsərin tərcümə işini ələ alırlar, lakin
mətnin aydın olmadığından bunlar da bu işi yarımçıq buraxırlar. Bartoldun işi
dəstanların tərcüməsində dəvam edir və əsərin Rusca tərcüməsi işıq üzü görür.
Bartoldun Rusca tərcüməsi öncə Həmid Araslı və Məhəmməd Təhmasib - Azərbaycan
alimləri tərəfindən yayılır və sonra 1962 - ci ildə həmin tərcümədən başqa bir çap mərüf
müstəşəriqlər, Yakub Ofski, Jirmovski və başqaları tərəfindən nəşr edilir.
Əsərin kamil mətni, ərəb rəsmülxətti ilə, Berlin (Dresden) nüsxəsi əsasında 1916 da Müəllim Rəfət tərəfindən İstanbulda çap edilir.
Müəllim Rəfət, öz baxışına görə anlaşılmaz kəlimə və ibarətləri düzəltmiş.
Bununla belə, bir sıra kəlimələr ona da anlaşılmaz qalmış və onların qarşısında
«anlaşılmadı» əlaməti qoymuşdur. Müəllim Rəfətin işi, kitabı ərəb əlifbasından
faydalananların arasında tanıtdırır.
1938-ci ildə ٬ Orhan Şaiq Gökyay, başqa bir Türk bilgini əsəri
yeni latin əlifbasında nəşr etdi. 1939-da da Həmid
Araslı Azərbaycan araşdırıcısı, o günlər Bakıda rayic əlifba ilə çapa verdi.
Araslı Bakı çapına yazdığı ön sözdə əsərin imlasının qarışıq və oxunmaz
olduğunun səbəblərindən birini əsərin Azərbaycan dilində olması ilə izah edir.
Araşdırıcıların bir çoxu, əsərdə olan sözləri açıqlayanmırlar. Kitabın xüsusilə
Türkiyə və Azərbaycanda tanınması, bir çox bilginlər və folklorşunasların diqqətini
çəkir.
Türkiyədə Əbdülqadır İnan, Əlirza Yalman, Fuad Köpürlü, Pərtöv Naeli,
Mühərrəm Ərgin və başqaları, Azərbaycanda Sultanlı, Şamil Cəmşidov,
M.H.Təhmasıb, M.Rəfili, A.M.Dəmirçizadə və ayrıları əsərin folklorik və tarixi
- bədii dəyəri barədə bir çox mülahizələr irəli sürürlər.
1950-də, Rossi, italyalı alim, Vatikan kitabxanasında
Dədə Qorqudun on iki dəstanından altısına şamil bir nüsxə ələ gətirdi. Vatikan
nüsxəsi də Dresden nüsxəsi kimi əsərin yazarı (köçürəni) və yazılma tarixinə
işarə etmir. Rossi ələ gətirigi nüsxəni ön söz və lüğətnamə ilə 1952-də müntəşir edir.
Dədə Qorqud dəstanlarından çap olan ən müfəssəl araşdırmalardan biri,
Türk dilçi və araşdırıcısı Mühərrəm Ərgin tərəfindən olmuşdur. Ərgin öz işinin
səmərəsini iki cilddə: birinci cild ön söz, əsərin intiqadı və tətbiyqi mətnini
1958-ci və ikinci cild, əsərin lüğətnamə və
qramerini daşıyan qismətini 1962 də nəşr etmişdir. Məhərəm Ərgin, öz
araşdırmalarında, təfsil halda, Dədə Qorqud dəstanlarının Azərbaycan və orada
yaşayan xəlqin hayatı ilə ayrılmaz ilgilərinə təkid edir. Bu araşdırmadan bir
paraqraf aşağıda gətiririk:
«Bir sözlə, Dədə Qorqud kitabı Azəri sahəsidir. Dəstanlarda gedən yer
və el adlarından əlavə, əsərin dili də bu ölkənin damğasını daşıyır. 14 cü Milad qərnində də ”Qazı Bürhanəldin”də gözə
vuran Azəri Türkcəsinin nişanələri, Dədə Qorqutda daha qabarıq və baxış
çəkəndir. Beləliklə əsərin dili də, onun coğrafı durumu və quruluşu ilə uyuşur.
Biz aşağıda əsərin qramerini araşdıranda, bu dilin ilgilərini Azəri dili ilə
yaxından görəcəyik. Bununla belə, bir ötəri baxış əsərin uslubuna belə bizi Azəri
sahəsinə apara bilər. Qrameri əlamətlər öz yerində, burada kəlimələr, tərkiblər
və cümlələr də hər sətirdə bizi Azəri dili ilə üz bə üz edir...(burada müəllif
çoxlu nümunələr və ülgülər gətirməklə Azəri dilinin nişanələrini mətndə
göstərir və sonra dəvam edir)...təkcə Dədə Qorqud kitabının qramer əsasları və
dili yox, bəlkə onun uslubu da Azəri sahəsinin rəngini daşıyır. onun məcaz
təşbehlərdən iraq və anlamları çılxa sözələrlə söyləmək Azəri uslubunun ən
qabarıq xüsusiyyətini təşkil edir. Dədə Qorqud kitabında eynən belə bir uslub
və belə bir bəyan şiyvəsilə üz üzə gəlirik...(Mühərrəm Ərgin, Dədə Qorqud
kitabı, ikinci cild, s. 252, 254).
Türkiyədə araşdırma işləri ilə yanaşı, neçə moriddə dəstanların
mətnini bu günkü Türkiyə dilinə köçürüb və çap etmişlər. Bu köçürmələrdə istər
- istəməz mətndə gedən bir sıra bu günkü Türkiyə türkcəsində anlaşılmaz olan
lüğətlər və deyimləri dəyişmişlər. Bu dəyişilmiş lüğət və deyimlərdən bir
sırası bu günkü Azəri dilində olduqca rayic və yayğındır.
Xülasə surətdə işarə edilən işlərdən əlavə, Dədə Qorqud
dəstanlarından çoxlu yayınlar və başqa dillərə tərcümə olmuş, onların
məşhurlarından iki ingilisi tərcümə, biri İngilistanda və o birisi Amrikada
olmuşdur. Əsərin farsca tərcüməsi, əsərin əsli mətnindən yox, ingiliscə tərcüməlrin
biri əsasında farscaya çevrilmişdir. Əsərin Almanca tərcüməsi də neçə il əvvəl,
Şəmidə tərəfindən nəfis surətdə çap edilmişdir.
***
Dədə Qorqud dəstanları həqqində axtarış və axtarmalar aparan bilgin
və tədqiqatçılar gördükləri işəlrin əsas qismini Dədə Qorqudun tarixi ya
əfsanəvi həyatına, dəstanların təşəkkül və yazıya keçməsi, əsərdə gedən tarixi
olaylar və əsərin folklorik dəyəri və bu kimi bəhslərə həsr etmişlər.
Dədə Qorqudun şəxsiyyəti məsələsi, mənbədə verilən cürbəcür bilgilər
və xəbərlərə görə bir şübhəli duman və əfsanə ilə örtülü qalmışdır. Dədə Qorqud
adı, Dədə Qorqutdan əlavə, Cameltəvarix (Xacə Rəşidəldin) və Şəcərei Tərakmə
(Əbulqazi Bahadir Xan) kimi tarixi simalar kitablarında və habelə Türk
ellərinin folklorik ədəbiyyatına gəlmişdir.
Bu rəvyətlərə dayanaraq, Dədə Qorqud bir yerdə Oğuzun (Oğuz
Türklərinin ulubabası) çağdaşı və başqa bir yerdə Məsih və İslam peyqəmbərinin
çağdaşı və biləxərə Əbbası Xəlifələri ilə yaşıd görünür. Belə bir uzun uzadı
zəmanda özünü göstərməkdə olan Dədə Qorqud, doğulub yaşadığı məkan heysindən,
bir yerdə ayaq izlərini Orta Asya və Seyhun- Ceyhun qıyılarında (sahillərində)
göstərir və başqa bir yerdə əbədi yatacağını Dərbənd yaxınlarında bildirir.
Dədə Qorqudun zəmanı və məkanı barədə olan bu uyuşmazlıqar onun şəxsiyyətinin
başqa yönlərini də əhatə edir və simasını əsatir-əfsanəyə çulqayır. Bu rəvayətlərin
bir çoxunda Dədə Qorqud bir xeyirxah ağ
saqqalı kimi tanınır, o kəramət sahibi və bir sıra insani yaraşıqlara yiyiləndiyi
halda, qeybdən xəbər vermək bacarığına malikdir və gələcəyi yozur. Bu son
xüsusiyyət, Dədə Qorqudun islamdan öncə bir şaman və islamın qəbul edilməsilə
bir kəramət göstərən ağsaqqal (pir - mürad) simasında göstərir.
Dədə Qorqudun qeybdən xəbər verməsi və «vilayət sahibi» olduğu barədə
də dəstanların başlanışında da işarə getmişdir: «Rəsul əleyhəlsalam zamanına
yaxın Bayat boyundan Qorqud ata derlər bir ər qopdi. Oğuzun ol kişi təmam bilicisi
idi. Nə dersə olardı. Qayibədən durlu xəbərlər söylərdi. Həqq təala onun goklünə
ilham edərdi.»...
Bundan əlavə Dədə Qorqudun xeyirxah və məsləhətçi olduğu bir sıra
mənbədə qeyd olunubdur. Əsərin başlanışında buna işarələr var: «Qorqud Ata Oğuz
qovmunun müşkülini həll edərdi. Hər nə iş olsa, Qorqud Ata danışmayınca
işləməzlərdi. Hər nə ki buyursa qəbul edərlərdi.»...
Lakin onun qeybdən xəbər verdiyi və vilayət sahibi olduğu bir ya iki
yerdə (məsələn Bamsı Beyrək) dəstanında qeyd edilir. Bununla belə, çətinliyi
aradan qaldırır, həm də şadyanalıqlarda iştirak etəməklə qopuz (saz) çalır, dua-səna
oxuyur və qəhrəmanlardan söhbət açır.
Dədə Qorqud xüsusiylə bu son vəzifəsi, yəni məclis qurub
qəhrəmanlardan söz açması, Azərbaycan folklorik ədəbiyyatında ozan - aşıq kimi
ad aparılır və Dədə Qorqud dəstanlarında «Ozan» adilə zahir olur.
***
Dədə Qorqudun dəstanlarında iştirakı onun dəstanların müəllifi
olmadığını aydınladır. Lakin eyn halda belə bir sorğuya səbəb olur ki,
soruşulsun Dədə Qorqud dəstanları necə və kimələrin tərəfindən yaranıb və hansı
tarixdə yazıyıa alınıbdır?
Bu mətləb də, Dədə Qorqud dəstanları barədə olan məsələlər kimi
cürbəcür nəzər verməyə səbəb olub. Bəzi araşdırıcılar çalışmışlar kitabın
yaranması və yazıya alınması barədə qəti ya hədsi bir tarix əldə edə bilsinlər.
Akademik Bartold bir sıra mülahizəlrində əsərin yaranmasını 14-cü əsrin əvvəllərinə ( 8-ci Hicri əsrinə)
bağlayır. Rossi, italyalı şərqşünas dəstanlarda olan bəzi macəraları Ağ Qoyunluların
tarixi ilə bağlayır.
Dədə Qorqud dəstanları kimi folklorik əsərdə dəstanların tapılış və
yaranışı bir məsələ və onun yazılışı və kitab şəkli alması ikinci məsələ dir.
Başqa sözlə desək, hər folklorik əsərin işin başlanışında bir söyləyəni və
qoşanı da olmuş olsa, tapılış və yaranışdan sonra müddətlər və bəlkə də uzun
əsirlər sinədən sinəyə nəql edilir, cəmiyyətin gəlişəməsi ilə bir sıra artıb
əskilmələr, bir çox macəraların unudulması və yeni hadisəlrin artırılması ilə
üz-üzə gəlir və sonra şayəd də yazı və kitab paltarı geyir. Folklorik əsər nə
qədər qədim olsa, bu dəyişiklər onda daha çox üz verir.
Dədə Qorqud dəstanlarının yaranması və toplanmasında ayrı - ayrı
nəzri sırasında ola bilsin ki,
M.H.Təhmasibin nəzəri daha eyni sayıla bilər. Burada onun nəzərinin xülasəsini
gətiririk: «Əsərin yaranması və yazıya alınması barədə cürbəcür nəzəriyyələr
deyilibdir. Bizim əqidəmizcə bu dəstanlar 7 - 8 ci Miladi əsirdə əfsanələr və
tarixi rəvayətlər çərçivəsində yaranmağa başlamışdır. Sonra uzun bir dövarnda
tarixi hadisəlrdən rəvayətlərə, rəvayətlərdən əfsanələrə, əfsanələrdən
nağıllara və dəstanlara çevrilmiş və beləliklə gəlişmə cəhətdən kamilləşərək, 10-11-ci Miladi qərndə
Azərbaycanda keçən hadisələr ilə səs-səsə verib, kitabı yazıya alanın əlilə dəyişilib
və bu gün bizim əlimizə gəlib çatan biçimə düşmüşdür. Dədə Qorqud dəstanlarının
yazılma tarixi 13-cü Miladi əsirdən bu tərfə dir...(M.H.Təhmasib,
Dədə Qorqud boyları həqqində ünvanilə «Azərbaycan xalq ədəbiyatına dayir
tədqiqat» kitabında dərc olmuş məqalədən, Bakı, 1961, s. 12)
Dədə Qorqud kitabı bir müqəddimə və on iki boydan (həması dəstandan)
təşkil olubdur. Müqəddimədə Dədə Qorqudun əfsanəvi simasından cizgilər
verməklə, xalq arasında onun adilə ilgili bir sıra hekəmətli sözlərdən nəql
edilmişdir.
On iki dəstanın hər birində bir igidin qəhrəmanlıqlarından danışılır
və dəstan həmin igidin adilə unvanlanır. Dəstanlar bir sıra səhnələrin
bənzərliyi və uslub baxımından bir - birilə ilgili olduqları halda, hər dəstan
özü üçün ayrıca bir əsər kimi görünür. On iki dəstandan, səkkiz dəstanı aşiqanə
və iki dəstanın əsatiri görünüşü vardır.
Dədə Qorqud dəstanlarında təsvir edilən toplum, yarı köçəri və
atasalar camiədir. Camiənin ehtiyacları heyvandarlıqdan və qoşun-keşliklərdən
ələ gələn qənimətələrdən doğrulur. Savaşlar ümumən ayrı - ayrı bölgələr və ya qovmlar
arasında üz verir. Bu savaşların bir çoxu Türklərin islami qəbul etdiklərindən
«Sami dinli kafirlər» ilə baş verir. Camiədə sənətgərlər və pişəvərlərdən
əlavə, sodagərlər və tacirlər də aradadırlar. Onlar əşirənin matahını uzaq
ölkəlrə - İstanbula, Trabuzana aparır və oradan lazim olası silahları
gətirirlər, savaş alətləri arasında ox, kaman, əmud, qalxan, niyzə və şəmşir
hər əsləhədən çox qiymətli və əhəmiyyətlidir. Şikarın cəmiyyətdə böyük rövnəqi
var. Lakin, ondan yaşayışı ödəməkdən daha çox, təfərih, xoş keçirmə və hünər
göstərmə üçün faydalanırlar.
Əhalı dörd ayaqlılardan öküz, qoyun, dəvə cəmiyyətin iqtisadi
durumuna yardım göstərdikləri və atın vuruş meydanlarında, qovdu-qaçdıda və
şıkarda əhəmiyyətli olduğundan böyük hörmətə layiqdir. Bu ehtiram orayacaqdır
ki, dəstanlarda insanların xüsusiyyətləri heyvanların xüsusiyyətlərinə
oxşadılır. Ana məhəbbət üzündən uşağına, «qoyunum oğul» deyir və oğul ananın ah
- naləsini dəvə naləsilə ölçür. Bamsı Beyrək dəstanında igit atını bu sözlərlə öyür:
«at deməzəm sənə qardaş diyərəm, qardaşımdan yey! başıma iş gəldi, yoldaş
diyərəm yoldaşımdan yey!»
Dədə Qorqud dəstanlarında xanlar, bəylər və adlım qəhramanlar
ailəlrində güvənli olduğu halda, hər adamın (igidin) ictimai durumu onun igitlik,
canbazlıq və başı ucalığı ilə təyin edilir. Qorxaqlardan, çəkingənlərdən və
müxənnəslərdən hər yerdə nifərt ilə ad çəkilir. Hər qəhrəmanın adı - sanı və
ictimai durumu onun qoçaqlığı və qorxmazlığı ilə ilgilidir və əsasən
yeniyetmələr və cavanlara doyüş sıralarında igitlik göstərməyincə ad qoyulmur.
Əlbəttə bunlar əslində və camiənin quruluşuna uyğüun, ümumən xanzadələr və bəyzadələr
barəsində sidq edir və aşağı siniflərin öz ləyaqət və qoçaqlıqlarını
göstərməkdə lazimi imkan verilmir. Bununla belə, dəstanların birində «Salur Qazanın
evinin Yağmalanması» boyunda, bir adi xəlqin birinin simasında «Qaracıq Çobanın»
igit simasi ilə üz - üzə gəlirik. Bu dağların, daşların və çöllərin igit oğlu, Qazanın
qoyun sürülərinin çobanlıq vəzifəsini daşıyır, və o qədər tükənməz bir qüdərt
və igitliyə malikdir ki, tək başına düşmənin altı yüz atlısının qabağında
dayanır, iki qardaşı şəhid olur, lakin düşmənin qərə qorxuları və aldadıcı
vədələri onun doğruluq və düzlük aynasını kədərləndirmir. O ölümdən çəkinmədən
hər dəfə on iki batman daş tolazlayan süpəngi ilə düşməni dala oturdur. Lakin
qazan avını qurtarmağa yollananda qara çobanın onunla birlikdə getməsini şəninə
layıq sanmayıb, onu bir iri gövdəli ağaca möhkəm sarıyır. Ama çoban zor verib
ağacı yerindən qoparır və qazanın dalınca yola düşür. O qazanın bu sorğusuna
ki, ağacı hara aparırsan, deyir: «sən düşmənlə savaşanda acıxanda, sənə bu
ağacla yemək pişirirəm». Dəstanlara ayrı- ayrı şəkillərdə və həmişə parlaq
siması olan Qazan xan, burada qaracıq çobanın çöhərəsi qarşısında olduqca
avazımış nəzərə gəlir.
Dədə Qorqud dəstanlarında qadınlar kişilər qədər hörmətə layiqdir.
Burada bir çox şərq əfsanəlrinin əksinə olaraq, qadın kişilərin oyuncaq
vəsiləsi olmaq yerinə, bütün insani duyğuları və əxlaqi yüksək ana rütbəsilə
cilvələnir. Dəstanlarda arvadlıqdan heç bir nişan görünmür. Qadın hər yerdə bir
sırada bəzən də ötgün durur. Həmsər seçməkdə çox adi rəsm rüsumdan biri qızla
oğlanın at çapmaqda, kürnəşdə, kaman çəkməkdə və şəməşir vurmaqda bərabərliyi
dir. Ana həqqi - tanrı həqqi, dəstanlarda bir neçə yerdə yad edilir.
Dədə Qorqud dəstanlarında olan el obalar, islami qəbul etmişlər və
bir çox şəraitdə islami yaymaq «kafərin kilisəsin yıxıb, yerinə məscid yapmaq
və ban banlamaq» onların vuruşlarının əsas illəti kimi sanılır. Doyüşlərdə ələ
gələn qənimətlərdən «xanlar xanına» beşdə bir çıxırlar. Dəstanlarda Kərbəla
hadisəsinə işarə edilmiş və İslam müqəddəs simalarının adı yer bə yer təkrar
edilir. Lakin islama göstərilən bütün bu ilgi və təəsüblə bərabr, islami ənənələr
onların arasında hələ dərin yer açmayıb və onların qoçaqlıqları və macəra
dalınca olduqları, məzhəbi inancdan daha çox qovmi xüsusiyyətlərdən baş alıb
gəlir.
Qəhrəmanlar və onların fərmanı altında olanlar hər yerdə toplum
düşmənlə üz üzə gəlib, çıxmazlığa düşəndə saf sudan «abdəst» alırlar, iki
rəkəət namaz qılırlar və adı görkli (mübarək) Məhəmmədə sələvat göndərirlər, ta
onun bərəkətindən düşmənə qalıb gəlsinlər. Lakin yığıncaqlarda və qonaqlıqlarda
ağzı gen küplər ortaya gəlir və saçları hörülmüş gözəl üzlü qızlar xınalı əllər
və nigarlı barmaqlarla qızıl qədəhlərdə badə sunurlar. Şərab içmək günah
sayılmaqdan əlavə, qəm tozunu ürəkdən silmək üçün tövsiyə edilir.
Dəstanlarda, andlar hərcür məzhəbi boyaqdan qıraxdadır. And içəmk
lazım gələndə onlar müqəddəslərdən çox, həyatda onlar üçün faydalı şeylərə and
içirlər. Məsələn «qılıncıma doğranım», «oxuma sancılım», «yer kimi kərtiləyin»,
«topraq kimi savrulayın», «oğlum doğmasın, doğsa on günə varmasın!».
Bu andlardan əlavə dua və alqışlar da özünə məxsus boyası var və
məzhəbi örtüdən qıraxdadır. «Sağ varıb əsən gələsn!», «yerli qara dağın
yıxılmasın!», «görkli suyun qurumasın!», «çalışanda qara polad üzqilicin
kütəlməsin!»
Dəstanlarda qəhrəmanlar rahatcasına dinlərindən qayıdırlar. Qazanın
oğlu Uruzun dəstanında, Uruz dədəsinin yersiz gülüşündən acığı tutur, atasına
xitabən deyir: «əgər deməz olsan (gülməyinin səbəbini) yerimdən duraram, ala
göz igitlərimi boyuma alaram, Abxaz elinə gedərəm, qızıl xaça əl basaram, şinel
geymiş kəşişin əlini öpərəm, kafərin qızın alaram və bir daha sənə
qayıtmaram»...
Dəli Domrul dəstanındakı Əzrayilin və Allahın, islam Allahı ilə
əsaslı fərqi var. Burada Allah bir adı insanda baş verən zəflər göstərir.
Öyülməkdən və itaətdən xoşlanır və ulu dərgahına əyri baxanlardan acığı gəlir
və onların canını almağa fərman verir. Həmin halda və Allahın yardımı olmadan
bir insandan qorxu və təkcə hiylə və möcüzə ilə ona qalib çıxır.
***
Dədə Qorqud dəstanları bütün Azərbaycan xəlqi dəstanları kimi, nəzm
və nəsr qismətəlrindən yaranır. Dəstan növu Azərbaycan folklorik xalq ədəbiyyatında,
bütün al-əlvanlığı və çox məzmunluğu ilə bərabər bir ortaq və ümumi haləti var,
dəstanlar məmulən bu gün «Aşıq» adilə məruf olan söz qoşan və saz çalan
hünərməndlər tərəfindən ifa edilir. «Aşıqlar» keçmişdə «Ozan» adlandırılır və
sazlarına «Qopuz» adı verilirdi.
Dədə Qorqud dəstanlarının nəsr uslubu olduqca sadə, axarlı və danışıq
dilinə yaxındır. Burada ibarətlər ahəngdar, cümlələr mövzun və qısadır. Təəsüflər
olsun ki, burada fürsətin az olduğundan əsərin nəsrindən nümunələr gətirmək
imkanı yoxdur.
Dədə Qorqud dəstanlarında sazla oxunan şeir, vəzn, qafiyə və hica
baxımından, son dövrələrdə və bugünkü dəstanlarda oxunan şeirdən fərqlidir. Bu
şeirin biçimi ən çox azad şeirə yönəlir və orada bəzən qafiyə misraların əvvəllərində
yerləşir.
Əsərin istər nəsr və istərsə də nəzmi təbiət və həyatla səslənir və
dil rahatca istədiyini və sevdiyini söyləyir.
Dədə Qorqud dəstanlarının çap arzusu, uzun illərin və ayların
arzusudur. Bu arzu həmişə kitabın əsl nüsxəsinin ələ gətirilməsi girovunda idi.
Bu iş 1342-ci günş ilində baş tutduğu Dresden və Vatikan
nüsxələrinin fotoziraksı ələ gətirildi. Hazırlanmış elmi - intiqadi mətn həvadisə
uğradı və 1357-ci ildə əsəri istəyənlərin istəyinə cəvab olaraq məəmul halda çap
edildi və əsərin elmi- intiqadi çapı hələ də bir arzu kimi yaşamaqdadır.
No comments:
Post a Comment