دينو بوتتاسی Dino Buttsati
ایسکریپکا اوستاسی آمئدئو تورتی آروادی ایله بیرلیکده قهوه ایچیردیلر.
اوشاقلاری آرتیق یاتیرتمیشدیلار. هر ایکیسی ده، چوخ واخت اولدوغو کیمی، ساکیتجه
اوتوروب دانیشمیرديلار. بیردن-بیره آرواد دئدی: "ایستهییرسن سنه بیر سؤز دئییم؟..
بو گون سحردن اورگیمه قریبه بیر شئی دامیب... ائله بیل بو آخشام آپپاشئر بیزه باش
چکمهلیدیر".
"
بئله شئیلری
هئچ ظارافاتلا دا دیله گتیرمیرلر!" - دئیه اری آجیقلی طرزده جاواب وئردی.
ایش اوندا
ایدی کی، اونون کؤهنه اورک دوستو ایسکریپکاچی تونی آپپاشئر آرتیق ایگیرمی گون ایدی
کی، وفات ائتمیشدی.
"بیلیرم...
بیلیرم کی، دهشتدیر" - دئیه آرواد سؤیلهدی، -"آنجاق، بو نه فیکیردیسه، من اوندان
هئچ جور آزاد اولا بیلمیرم"
"ائه، اگر
مومکون اولسایدی..." - دئیه تورتی غئیری- معین بیر تأسوفله
دئییندی، آنجاق تفصیلاتینا وارماق ایستمهیهرک، یالنیز باشینی بولادی.
اونلار یئنه
سوسدولار. ساعت اونا اون بئش دقیقه قالیردی. بیردن، قاپینین زنگی چالیندی. اوزون،
عینادلی بیر زنگ ایدی. هر ایکیسی غفلتن دیکسیندیلر.
"یئنه
آخشام-آخشام کیم اولا؟" - دئیه آرواد دیللندی.
دهلیزده قوللوقچو
اینئسین آیاقلارینین شاپپیلتیسی، قاپینین نئجه آچیلدیغی و بوغوق دانیشیق سسلری
ائشیدیلدی. رنگی آغاپپاق آغارمیش قیز یئمک اوتاغینا بویلاندی.
"اینئس، کیمدیر
اورادا؟" - دئیه خانیم سوروشدو.
قوللوقچو قیز
آغاسینا طرف باخیب، دیلی توپوق وورا-وورا دئدی: "سینیور تورتی، بیر دقیقهلیک
چیخایدیز... اورادا... اگر بیلسهیدیز!.."
"آخی کیمدیر
اورادا، کیم؟" - دئیه خانیم گلهنین کیم اولدوغونو آرتیق چوخ گؤزل آنلاسا دا، حیرصلی-حیرصلی
سوروشدو.
اینئس سانکی
سون درجه مخفی خبر چاتدیریرمیش کیمی اونلارا طرف اگیلیب، بیرنفسه پیچیلدادی: "اورادا...
اورادا... سینیور تورتی، سیز اؤزونوز گلین... مائسترو آپپاشئر قاییدیب!"
"لعنت شئیطانا"- دئیه تورتی
بوتون بو معمالاردان عصبیلشهرک سؤیلندی، سونرا دا آروادینا طرف چئوریلیب دئدی: "من اؤزوم
باخارام... سن بورادا قال".
او، قارانلیق
کوریدورا چیخدی، اوراداکی دولابلاردان بیرینه ایلیشدیکدن سونرا دهلیزه آچیلان
قاپینین دستگینی وار گوجو ایله اؤزونه طرف چکدی.
دهلیزده،
همیشهکی کیمی اؤزونون بیر آز سیخینتیلی گؤرکمینده آپپاشئر دایانمیشدی. آنجاق او،
ندنسه عینیله اوولکی آپپاشئره بنزهمیردی، جیزگیلریندهکی داغینیق گؤرونتولردن او،
ایندی سانکی بیر قدر داها آز مادی نظره چارپیردی. بو خولیا ایدیمی؟ دئیهسن، هله
یوخ. دئیهسن، هله او، بیزیم ماتئریا آدلاندیردیغیمیز وارلیقدان تام آزاد
اولمامیشدی. یوخ، بو خولیا ایدی، آنجاق مادیلیگینین قالیقلارینی اؤزونده
ساخلامیش بیر خولیا ایدی. او، عادتی اوزره بوز کوستیوم گئیمیش، ماوی زولاقلی کؤینگینین
اوستوندن قیرمیزی- گؤی رنگلی قالستوک باغلامیشدی، ایکی اللی یاپیشدیغی بیچیمسیز
فئتر شلیاپاسینی عصبی حالدا ائله هئی ازیب، بوروشدوروردو (سؤزسوز کی، خیالی
کوستیوم، خیالی قالستوک و سایر و ایلاخیر).
تورتی حيسیاتا
قاپیلان آداملاردان دئییلدی. قطعین. آنجاق حتی او دا نفس چکه بیلمهدن، یئریندهجه
قورویوب قالدی. ظارافات گلمهسین، ایگیرمی گون اول اؤز اللری ایله سون منزیلینه
یولا سالدیغی نئچه ایللرین ان عزیز دوستو ایندی اونون ائوینده، دوز قارشیسیندا
دایانمیشدی!
"آمئدئو!"- دئیه زاواللی
آپپاشئر سانکی یارانمیش گرگینلیگی بیر قدرضعیفلتمکدن اؤترو گولومسهیهرک دیللندی.
"بو سنسن؟ سن
- بورادا؟" - دئیه تورتی آز قالا طعنه ایله اوجادان سوروشدو، چونکی کئچیردیگی ضدیتلی و آنلاشیلماز
دویغولار ایندی بیر آنین ایچینده، کیم بیلیر ندنسه اوندا یالنیز چیلغین غضب حيسی
اویاتمیشدی. مگر ایتیردیگی دوستونو یئنیدن گؤرمک ایمکانی اونا اینتهاسیز بیر تسلی
گتیرمهملیدیمی؟ مگر بئله بیر گؤروشدن اؤترو تورتی بوتون میلیونلاریندان
ممنونیتله کئچمزدیمی؟ البته، او بونو دوشونمهدن ائدردی. هر شئیی قوربان وئرردی.
بس ائله ایسه ایندی او، ندن بئله بیر سئوینج حيسینی دویموردو؟ هله اوستهلیک، بو اعتیناسیز
عصبیلشمه نه دئمک ایدی؟ دئمهلی بئله چیخیر کی، بو قدر هیجاندان، بو قدر گؤز
یاشلاریندان، حادثهنین معلوم شرطیلیکلرینه ریعایت اولونماسی ایله باغلی بیر
بئله ناراحاتچیلیقدان سونرا ایندی هر شئیی یئنیدن باشلاماق؟ بو آیريلیق گونلری
عرضینده اونون دوستونا بسلهدیگی دویغولار احتیاطی سونا قدر توکنمیش، زره قدر ده
قالمامیشدی.
"هه، گؤرورسن
ده... منم"- دئیه آپپاشئر شلیاپاسینین کنارلارینی داها دا برکدن ازیب، بوروشدورهرک سؤیلهدی.
Dostlar
Dino Buttsati
Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə
içirdilər. Uşaqları artıq yatırtmışdılar. Hər ikisi də, çox vaxt olduğu kimi,
sakitcə oturub danışmırdılar. Birdən-birə arvad dedi: "İstəyirsən sənə bir
söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey damıb... Elə bil bu axşam
Appaşer bizə baş çəkməlidir".
"Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!"
- deyə əri acıqlı tərzdə cavab verdi.
İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni
Appaşer artıq iyirmi gün idi ki, vəfat etmişdi.
"Bilirəm... bilirəm ki, dəhşətdir" - deyə
arvad söylədi, -"ancaq, bu nə fikirdisə, mən ondan heç cür azad ola bilmirəm"
"Eh, əgər mümkün olsaydı..." - deyə Torti
qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq təfsilatına varmaq istəməyərək,
yalnız başını buladı.
Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı.
Birdən, qapının zəngi çalındı. Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən
diksindilər.
"Yenə axşam-axşam kim ola?" - deyə arvad dilləndi.
Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının
necə açıldığı və boğuq danışıq səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək
otağına boylandı.
"İnes, kimdir orada?" - deyə xanım soruşdu.
Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura
dedi: "Sinyor Torti, bir dəqiqəlik çıxaydız... orada... Əgər bilsəydiz!.."
"Axı kimdir orada, kim?" - deyə xanım gələnin
kim olduğunu artıq çox gözəl anlasa da, hirsli-hirsli soruşdu.
İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi
onlara tərəf əyilib, birnəfəsə pıçıldadı: "Orada... orada... Sinyor Torti,
siz özünüz gəlin... Maestro Appaşer qayıdıb!"
"Lənət şeytana"- deyə Torti bütün bu müəmmalardan
əsəbiləşərək söyləndi, sonra da arvadına tərəf çevrilib dedi: "Mən özüm
baxaram... sən burada qal".
O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə
ilişdikdən sonra dəhlizə açılan qapının dəstəyini var gücü ilə özünə tərəf çəkdi.
Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində
Appaşer dayanmışdı. Ancaq o, nədənsə eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki
dağınıq görüntülərdən o, indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu
xülya idimi? Deyəsən, hələ yox. Deyəsən, hələ o, bizim materiya adlandırdığımız
varlıqdan tam azad olmamışdı. Yox, bu xülya idi, ancaq maddiliyinin qalıqlarını
özündə saxlamış bir xülya idi. O, adəti üzrə boz kostyum geymiş, mavi zolaqlı
köynəyinin üstündən qırmızı-göy rəngli qalstuk bağlamışdı, ikiəlli yapışdığı
biçimsiz fetr şlyapasını əsəbi halda elə hey əzib, bürüşdürürdü (sözsüz ki, xəyali
kostyum, xəyali qalstuk və sair və ilaxır).
Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən.
Ancaq hətta o da nəfəs çəkə bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin,
iyirmi gün əvvəl öz əlləri ilə son mənzilinə yola saldığı neçə illərin ən əziz
dostu indi onun evində, düz qarşısında dayanmışdı!
"Amedeo!"- deyə zavallı Appaşer sanki yaranmış
gərginliyi bir qədər zəiflətməkdən ötrü gülümsəyərək dilləndi.
"Bu sənsən? Sən - burada?" - deyə Torti az
qala tənə ilə ucadan soruşdu, çünki keçirdiyi ziddiyyətli və anlaşılmaz
duyğular indi bir anın içində, kim bilir nədənsə onda yalnız çılğın qəzəb hissi
oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona intəhasiz bir təsəlli
gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün milyonlarından məmnuniyyətlə
keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər şeyi qurban verərdi. Bəs elə
isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ üstəlik, bu etinasız əsəbiləşmə
nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan, bu qədər göz
yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə
narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində
onun dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də
qalmamışdı.
"Hə, görürsən də... mənəm"- deyə Appaşer
şlyapasının kənarlarını daha da bərkdən əzib, bürüşdürərək söylədi.
No comments:
Post a Comment