Dec 13, 2012

SON TÜFƏNG

Abbasəli Əhmədoğlu‎

Bütün dünyanı özlərinin oyuncağı bilən acgözlü siyasətçilərin yanlışlarının‎ günahsız qurbanı olan azad insanların ruhauna təqdim edirəm.

... Amma indi isə qar elə qalın, elə ağır idi, sankı yol gedən yerimək ‎yox kərdivar çəkməli idi...


SON TÜFƏNG

‎ Az öncə özlərini qara buluddan aşağıdakı qan dənizi üzərinə ‎atmağa tələsən qar dənələri nəfəsdən düşmüşlərdi. O qorxunc bulud ‎özü də ölüm tozuna dönmüşdü sankı, durğun və boz. Qar dənələri ‎hərdən sallana sallana keçinənlər kimi düşürdülər göydən, çünkü daha ‎tələsməyə can atan kimsə ya nəsə görünmürdü o buludlardan. Çox çox ‎aşağılarda görünən yalnız bir qadın da belə heç elə cəld tərpənə ‎bilmirdi.‎

‎ Daha çıldırım ayaz idi. Günorta işığı idi sankı, yanlız göz ‎qamaşmırdı. Heç yarım saat olmaz, ondan öncə bir duman bir külək idi ‎gəl görəsən. Külək adamın gözlərini oyurdu. Səsdən qulaq tutulurdu. ‎Bəlkə də eləcə olmalıymış. Bəlkə o amansız külək bir örtük kimi hər nəyi ‎basdırıb susdurub unutdurmalı imiş. ‎

‎ Amma indi isə qar elə qalın, elə ağır idi, sankı yol gedən yerimək ‎yox kərdivar çəkməli idi. Hər addıma min nəfəs istəyirdi. Yalnız qadın ‎bir əli böyründə, o birisi ilə də qucağına basmışdı balasını, düşmən ‎qarşısında sınmayan, bayrağını zəfərlə dik tutan qoçaq bir əsgər kimi. ‎Hər addımda dizinədək qara quylanıb çıxırdı. Ayağı qardan eşiyə ‎çıxanda qan ilə buz qarışığından olan ayaqqabıları gözə çarpıb qaranlıq ‎gecənin belə qara qayadan oyulmuş ürəyini param-parça edirdi. ‎Əynindəki paltarları da ondan qalmırdı, hamısı arxa tərəfdən cır-cındıra ‎dönmüş yarısından çoxu yanıb qana bələşmiş idi və qan qəndilləri ‎paltarların ucundan asılı idi. Amma öndən qanlı palçıqlı olsalar da yanıb ‎partaxlanmamışdılar.‎

‎ Qadın yürümürdü, daha doğrusu ardıca diz dərinliyində bir iz ‎sökərək ağır-ağır sürünürdü və süründükcə tarixin ən gözəl ən ‎başucaldan varağını təbiətin gümüş kitabı üzərində yazırdı, çünkü “Mən ‎bu işi sona yetirməliyəm. Mən balamızı qurtarmalıyam” deyirdi özü ‎özünə və hər addım başı böyründəki əlini götürüb ətəyinə sildikdən ‎sonra çox diqqətlə yonulmuş qələm barmaqları ucu ilə balasının ‎üstünü basdırırdı. Ağzından çıxan buğlar bir zaman çoxlu ürəklərə ox ‎olan qara kipriklərində buza dönüb sevgi dənizi olan ala gözlərini ‎yaman qıcıqlandırırdı. Ardıca dönüb baxdı. Daha doğrusu heç qorxudan ‎sən deyən boylanıb baxa bilmədi. Ancaq var-yoxunu əldən qoyub ‎qaçdığı, yer üzündən həmişəlik sildirilən kəndin daha görünə bilmədiyi ‎üçün deyəsən bir az dincəldi.‎

‎ Artıq o meşənin düz ortasına çatmışdı. Meşə elə qalın idi ki qışda ‎belə kimsə onu ağacların arxasından görə bilməzdi. Hərdən meşədən ‎gələn şaqqıltı səsləri onu ürküdürdü, amma gecənin bu çağında bu ‎meşənin ortasında qarın ağırlığına dözə bilməyib qol-budağı sınan ‎ağacların naləsi ona heç də yad gəlmirdi. Göy üzünə qaş-göz edən ‎‎“gözəlliklər gölü”nə çatmışdı artıq. Bu adı gölə əri ilə birgə vermişdilər ‎bir gün bu gölün yanında hündür qocaman çətrini açmış bir salxım ‎söyüdün altında tapışarkən. İstər istəməz gözü o söyüdü seçdi. “ELə ‎qışın bu şaxtasında da çox gözəl imiş, bir bura bax ilahi,” dedi. Söyüd ‎başdan başa par-par parıldayan pambıq koması idi sankı, yalnız yerə ‎yaxın gölə doğru əyilən böyrünün qaraltısı görünürdü, bir də o tayda ‎sındıqdan sonra yerə sallanan yekə bir budağı.‎

‎ Qızcığazlardan seçilməyən o su sonasının sevimli qap-qara şəvə ‎gözlərindəki yaş da kipriklərindəki buzlara qarışdı. Dizləri sınmışdı ‎sankı, dincəlmək istəyirdi orda. “Bəlkə bu yerlərə bir də gəlmədim,” ‎mızıldandı özü özünə. Amma arxasından gələn bir uvultu onu ‎diksindirdi. “Yox, heç bir an belə düşünmə. Onlar hamısı keçmişdə ‎qaldı,” deyib qırqı kimi atıldı qarda kəsilmiş izin üzərinə. O təkcə qar ‎üzərində izin kəsdiyini görürdü, heç ardıca çəkilən qırmızı noqtə-noqtə ‎cizgini görmürdü. Bəlkə də görmək istəmirdi.‎

‎ Hərdən meşədə sıraya düzülən qələmə ordusu göyə dayanırdı, ‎ulduzları belə keçirdilər bu zalimin balaları. Həm gözəl, həm də ‎qorxuducu. O yürüdükcə ayağı altından cayan qarın xarıltısı başqa ‎səslər ilə qarışırdı sankı. “Ola bilməz. Axı kimsə bizi görmədi ‎gizləndiyimiz yerdən çıxarkən, kim qalmışdı ki bizi görsün! Ayaqlarının ‎səsi də mənimki kimi ağır deyil.” O sazaqda şaxtadan belə soyuq tər ‎damcıları enli kürəklərinin düz ortasından incə belə doğru axdı. ‎Gözünün qırağı ilə meşənin sağ-soldakı ağaclarını yoxladı. Artıq səslər ‎çox yaxınlaşmışdı. Bir az öncədə sağ əlində bir cüt göz parıldayırdı. “Bir ‎bu əksik idi, ilahi.” Sola doğru burulmaq istərkən solda da bir cüt göz ‎parıldadı. Özünü bilməməzliyə vurdu. Axı kənd adamı çölün dilin yaxşı ‎bilər. O getdikcə səslərin sayı çoxalırdı. Artıq sağında da solunda da ‎sürü ilə parıldayan şimşək kimi gecəni yaran gözlər idi. “Deyəsən ‎bizimki buracanıymış” dedi. Qucağındakı örtüyü qaldırıb balasının ‎üzünə son kez olaraq baxmaq istədi. Soyuq uşağı yuxudan oyatmasın ‎deyə yavaşcasına nənə toxuyan naxışlı yun şalı bir balaca qaldırdı, ‎ancaq balasının hülü üzünə baxmaq istədi. “Maraqlıdır! Bəs niyə ‎ağlamır. Niyə səs-küy salmır axı ... Bunda bir iş olmasın!” düşüncəyə ‎daldı. Uşağı yoxladı. Nəfəsi kürə kimi isti, qəlbi quş kimi çırpınır, şəvə ‎gözlər də gülümsəyərək kimi sevgi ilə ananın gözlərinə dikilmiş, sankı ‎bir sözlər demək istərmiş kimi. Balaca anasını dəfələrlə gözlərinin ‎giləsini sonunadək açılaraq görmüşdü, amma öz aramızdır bu ‎açılmaqlara heç bənzəmirdi. O da bir qorxuya qapanıb qışqırmaq istədi ‎ürəkdən, ancaq nə isə onu ovundurdu. O yalnız kiprik çalaraq şirin ‎gözlərini anasına dikmişdi, “Qorxma ana! Oğlun burdadır,” deyirdi bəlkə ‎də. Ana ürəklənərək şimşək gözlər ordusunun ortasında dayandı. Onlar ‎da dayandılar.‎

‎ “Mənə baxın ey! Sümsüklər! Nə deyirsiz bizdən əl çəkmirsiz?”‎

‎ Qarşı tərəfdən heç bir inilti də çıxmadı.‎

‎ “Olan çıxın cə...” sözünü uddu. “Vallah mən borcumu yerinə ‎yetirməliyəm. Sizdən xahiş edirəm, çıxın gedin ey gözəl Tanrının gözəl ‎yaratıqları, qoyun biz də öz yolumuzu gedək ...” səsi ağlamağa ‎bənzəyirdi.‎

‎ Bu arada düz qanın izi ilə gələn bir cüt göz başqalarından daha ‎çox parıldayırdı, qadına doğru yumularkən arxadan bir sürü göz onun ‎üzərinə sıçradılar. Boğuşan qurdların səs-küyündən aslnların belə ödü ‎partlayardı. Yazıq qadın bir an qaçmaq istədi, amma hara? Özünə çox ‎güc veribən arxaya boylandı, nə görsə yaxşıdır? Gördü o biri qurdlar ‎hamısı birini partaxlayır.‎

‎ “Axı kim inana bilər ki, ilahi sənə özüm qurban olum, özü də min ‎kərə, yox, milyon kərə. Təsaddığın olum. Demək mənim balamı ‎qurtarmaq istəyirsən, hə? Bircə onu qurtar, canım sənin ala gözlərinə ‎milyonlar kərə qurban! Axı o bu kənddən qurtulub qalan bircə ‎qulundur sənin ...” yenə boğazı qovuşub səsi titrəyərək ağlamağa ‎dönmüşdü. Amma bu dəfə daha özünü saxlaya bilmədi. Hönkürtü ilə ‎ağlamağa başladı. Özünü tanıyandan bəri heç belə ağlamamışdı. Bəlkə ‎də bir az sevincdən ola bilərdi. Bir az ovunarkən elə bil başqa səslər də ‎qulağına dəydi. Axı öz gözləri ilə görməyən yazıqlar buna necə ‎inansınlar. Qurdlar onu aralarına alıb tulalar kimi güzüldəyirdilər. “Bəs ‎siz niyə ağlayırsız, Allahın heyvanları? Bəlkə siz də öz gözünüzlə ‎gördünüz o kəndin başına gələnləri? Niyə ağlayırsınız? Kim nə biləcək ‎bu kəndin adamına qurdların yığışıb ağlaşmasını ...?”‎

‎ Bu arada o böyründəki əlini unudmuşdu. İsti qan daha bətər ‎axmaqda idi. Balaca qanın istiliyini sol ayağında duymağa başladı. Artıq ‎qoxusunu da almışdı. Bu qoxu ona tanış gəldi. Evləri gözü qarşısında ‎canlandı bu anda. Kəndin aşağı başında kəndin ortasından axan qara ‎su arxının düz yanında yerləşən dibi-bucağı bilinməyən yam-yaşıl ağaclı ‎bir baxçanın ortalarında idi evləri. Bu ağacların çoxunu atası öz əli ilə ‎əkmişdi. Əli yaşıl bir adam idi atası. Yerdən çöpü götürüb əksin, iki ‎ildən sonra gəl onun meyvəsinə bax. Demək olar tanıdığı meyvə ‎ağacların hamısından orda əkmişdi. Kənddə hamı onun yaşıl əlinə ‎inanmışdı və o üzdən hamıya yardım edərdi, onun əlinin bərəkəti ‎burdakı bağ-baxçaların hamısında iz salmışdı. Hər barmağından yeddi ‎sənət yağır deyərdilər, amma uşaqlar kimi safürəkli və alçaqgöyül bir ‎adam idi. Özü də böyük çayın o tayından gəlmişdi. Hələ bu taya ‎köçməmişdən öncə onun ad-sanı dillərdə gəzirdi. Soyu kökü çayın bu ‎tayından olan anasını da evləndikdən sonra evinə gətirib birlikdə ‎qalırdılar. İki bacısını da bu taydan olan dayısı oğlanları almışdı. O ‎tayda beş qardaş bir bacı olduğuna baxmayaraq anası bu tayı daha ‎çox sevirdi. Axı onun ata-baba yurdu da təpənin quzeyində yerləşən ‎böyük kənddə idi və o öz doğma-dolama qohumlarına arxayınlıqla tez-‎tez gəl-ged edə bildiyi üçün burda yaşadığından daha çox razı qalırdı. ‎

‎ Evləri yerdən bir metr ucada çaylaq daşlarından tikilmiş bir səkinin ‎üzərində idi. Böyük bir eyvana düz ortadan enli bir pilləkandan çıxılırdı. ‎Hər beş pillənin o baş bu başında bir güldan qoyulmuşdu. Pilləkandan ‎çıxmadan öncə uzun bir mev qəyəməsinin altından keçməli idi evə ‎gələnlər. Hər fəsilə görə boyasını dəyişən bu dalanın tərkini girdə çanqıl ‎daşlar döşəmişdi, bu üzdən orda addımlamağın da özünə məxsus ritmi ‎və musiqisi vardı. Yayda burdan zümrüd kimi parlayan üzümlər ‎sallanırdı. Başqa fəsillərdə isə ağızları dadlandıran yarpaq dolmaları ‎dillərdə dastan olmuşdu. Eyvanın ağacdan yonulmuş yarım metr boyda ‎nərdələrini dörd ağac dirək ayırırdı və nərdələrin başındakı güldanlar ‎evin önündə çox kalssik bir gözəllik yaratmışdı. Bu saxsı güldanlar ‎dirəklərdən asılanlardan daha iri idilər, amma onlar ağ çinidən idilər. Bu ‎gözəllik hələ başlanqıc idi. Eyvan özü çox sərin və kölgə olurdu. ‎Nənəsinin toxuduğu min-bir boyalı, min-bir naxışlı gilim ilə döşənmişdi ‎eyvanları. Bir yanda günəş kimi parlayan kömür simavar, üstündə güllü ‎çini çayniyi, düz qarşısında da bir qalın yun döşəkçə ilə iki qalın yastıq ‎vardı üzərlərindəki maraqlı əl işləri ilə. Bu əl işləri ilə bəzənmiş ‎yastıqlar və balışlar anasının gətirdiyi cehizlərdən idi. Nənəsi burda ‎oturub balacanı heç vaxt parlayan günəşə yaxın qoymazdı. Eyvan evin ‎güneyində idi və ordan böyük çayın o tayında başı qarlı dumanlı bir ‎dağ görünürdü. Nənə ərə getdikdən sonra o dağın ətəyində yerləşən ‎çox abad bir kənddə yaşamışdı bir daha bu taya köçmədən öncə. O ‎üzdən nənənin gözü aşağıdakı min-bir yaşıllıqda olan meşənin ‎mənzərəsindən süzülüb o tayda mib-bir mavi ilə çəhrayi qarışığında ‎olan dağlara dikilərdi çox vaxt.‎

‎ Bir yanda da daha bir-iki döşəkçə, neçə balış, və bir iri yastıq ‎vardı onların yanında. Balacanın atası ilə anası da orda oturardılar, və o ‎da atasının dirsəkləndiyi yastığın üzərindən bala pişik kimi dırmaşıb ‎oynaşardı. Onların arxasındakı pəncərənin sağ əl divarından bir saz sol ‎əlindən isə bir quş tüfəngi asılı olurdu. Günlərin bir günü çox ‎uzaqlardan aşığı soruşa soruşa ağsaqqal bir kişi onlara qonaq ‎gəlmişdi. Gözlərindən mehribanlıq üzündən nur yağırdı. Bu aşığın xələt ‎almamasını bilirdi, amma üzü kəsər kəsməz çox dəyərli xələtləri bir ‎bağlamanın içində aşığın qabağına qoyub demişdi: ‎

‎ “Oğul, mənim bir son-beşiyim var. Bu günlərdə ona toy tutacayıq. ‎Qoy sənin xeyir duan onu xoşbəxt etsin, nə deyirsən? Deyirlər bu ‎yaxınlarda bir kənd qalmayıb bu sazın üərkləri oxşayan səsi ilə ‎sehirlənməsin. Hansı toy bu saz ilə yola salınıb o evdə heç vaxt dedi-‎qodu halla-mərəkə olmayıb. Sevgi çiləyir ürəklərə bu saz, sənin sözlərin ‎‎... . Qoy bizim də kənidimizdən bu meh yeli əsibən ürəklərimizə nur ‎çiləsin. Nə deyirsən oğul?”‎

‎ Aşıq xələtlərə bir göz altı baxmışdı, amma o qocanın ürəyini ‎sındırmaq əlindən heç gələ bilməzdi, təri alnından süzə-süzə qızarıb ‎bozarıb ancaq belə demişdi: “Əmi bu uzaqlıqda yolu sən necə özünə ‎zəhmət verib gəlibsən, mən də başım üstdə gələrəm, nə demək? Bu ‎mənim borcumdur.”‎

‎ Bir gün balacanın anası eyvanın qabağını sulayıb süpürürdü. Ora ‎çox gözəl görünürdü süpürüldükdən sonra, döşəmə girdə daşlar hərəsi ‎bir boyada parıldayırdı. Amma biri parıldamırdı düz divarın dibində ‎eyvanın altında. Balaca maraqlanıb daşa doğru sallanarkən təpəsi ‎üstdə daşa çarpmışdı. Balaca öncə bir şey bilməmişdi, sonra anası ilə ‎nənəsinin hay-küyündən özünə gələrkən alnından isti, qırmızı, və özəl ‎qoxulu bir zadın axmasını duymuşdu. Anası əlini balacanın alnına ‎basdıqda acışmasını da duymuşdu. Amma anasının “Ey vay! Balamı ‎qan götürdü!” deyib ağlaşmasınacan ağlamamışdı.‎

‎ Eyvandan bir az qabaqlıq həyətdən bir arx keçirdi. Arxın o biri ‎əlində sıraya düzülən gilənar ağacları budaqlarını göz yaşı kimi dum-‎duru suya sallamışdı. Yaqut kimi parıldayan gilənarlar suyun axışı ilə ‎sərinləyib oynaşardılar. Ağaclar içindən isə bülbüllər səs-səsə verib ‎necə gözl melodilər yaradardılar. Balaca da eyvanda nənəsinin isti ‎qucağında pişiklənərək şirin laylaları ilə mürgüləyərdi.‎

‎ Artıq bir müddət idi balacanı eyvana qoymurdular. O bir gün ‎pəncərədən boylanıb həyətə baxmaq istərkən topul əlləri cama yapışıb ‎qalmışdı. Beləliklə də o niyə eyvana çıxa bilmədiyini anlaya bilmişdi ‎sankı. O yam-yaşıl baxçadan, bülbüllərdən, həyətdəki toyuq-cücədən ‎heç xəbər yox idi artıq. “onlar da evlərindən çölə çıxa bilmir,” deyib ‎düşünürdü balaca. Bir də camdan həyətə baxarkən gözləri qamaşırdı, ‎hər yer ağ-ap-ağ parıldayırdı. “Qar” sözünü bir neçə dəfə bu günlər ‎eşitmişdi evdəkilərin ağzından, amma nə olduğunu daha doğrusu ‎düzgün başa düşə bilmirdi.‎

‎ Neçə gün öncə həyətdə səs-küy olmuşdu. O camdan boylanıb ağ ‎örtüyün üzərində qıp-qırmızı qanın sel kimi axmasını görmüşdü. ‎Yekəpər qarnı taya kimi şişmiş qalın bığlı bir kişini görmüşdü əlindəki ‎qanlı bıçağı ilə qan seli içində titrəyən davarın başı üstündə. Bu onun ‎birinci ad günü qurbanı idi. Davarın kəlləsi qanın o yanından gözlərini ‎yalvarırcasına balacaya dikmişdi, sankı ona bu qan seli üzərindən ‎keçməməsini diləyirdi. Balaca qışqırıb ağlarkən anası qırqı kimi tənəbiyə ‎girib onu isti qucağına basaraq nə gözəl mahnılar oxumuşdu o yanıqlı ‎səsi ilə onu ovundurmaq üçün.‎

‎ Balaca anasının qanının axmasını duyar duymaz bir qışqırıq saldı ‎evlərdən iraq. Ananın üzündən bir sillə kimi gəldi onun qışqırığı. Uşağa ‎baxarkən qanın axmasını gördü. Hələ təzə bu an idi ardıca qoyan ‎qırmızı izi gördü.‎

‎ “Ey vaaay! Yandıq! Bunu görən olsa nə olur olsun izimizi sürüb bizi ‎tapar. Bir an da belə dözmək olmaz, yallah!” deyib qalxdı. Nəisə bir ‎daha kəndə doğru baxdı. Bir də gözəlliklər gölünə baxdı. Heç kim və ‎heç nə görmədikdən gölə bir az çox daldı.‎

‎ “O söyüdün altında oturub saz çalırdı. Heç üzü də bilmiridi ‎ömrümün ən unudulmaz havasını çalır. İlk dəfə göz-gözə gəldik orda ‎ona vurulduğum an. O gölün qırqğında sözləşib sevişmişdik. O göldə ‎çimib sulaşıb balıq tutardıq.”‎

‎ Amma indi isə o göl buğlana buğlana kənddən gölə doğru axan ‎qara su ilə qarışıb aşağıya doğru buğlana buğlana axmaqda idi, ‎döyüşdən dönmüş yorğun bir əjdaha kimi. Çayın izi ilə kəndə doğru ‎boylandı. ‎

‎ “Bəlkə gəlir, bəlkə mənə yetişə bildi, qoy bir az da dözüm,” deyib ‎durduğu yerdə kəndə doğru sonalar kimi boyun uzatdı. Bir iki addım ‎geriyə qayıtdı. İkircikli idi: ‎

‎ “Qayıdımmı, qayıdmayım? Axı neyləyim mən yazıq? Neyləmək ‎olar?” ‎

‎ Nənənin son sözünü anımsadı: ‎

‎ “Balam, gülüm, gözəl gəlinim, anam-bacım! Çıx get, Tanrıdan ötrü, ‎çıx get, yubanma. Çatdır balamızı o taya. Çatdır onu qohumlarımızın ‎əlinə. Mən bir addım daha ata bilmərəm. Mənimki buracanıydı balam. ‎Qaç qurtar canını bu kafırların əlindən, amandır! Qoyma oğlumun ‎namusu ləkələnsin, get, durma ...”‎

‎ “Axı, ana ...”‎

‎ “Bala səsimi çıxartma, qurbanın olum! Məni it eləmə bu son ‎nəfəslərimdə. Görmədinmi həm xalqın namusunu ləkələdilər, həm də ‎cəllad kimi şaqqaladılar o gözəlləri? Get başına dolanım, get ...qurbanın ‎‎... olum, get a...man...”‎

‎ Nənənin daha səsi çıxmamışdı orda. Nənə də o ağ örtüyün ‎üstündəki qurbanlıq kimi titrəyib can verməkdə idi. Qarnı açılmışdı, ‎ağzından qan axırdı köpüklənərək. Köksü xırıldayırdı son sözlərini ‎deyərkən,və bir daha gəlinin əlini sıxa bilməmişdi əlində. ‎

‎ Az öncə onların düz dabanları dibinə düşən top gülləsindən kimsə ‎qurtula bilməz idi. Bu ana-balanın qurtuluşunda başqa bir iş var imiş ‎demək. O partlayışdan kim nə bilir neçə dəqiqə ya saat sonra özlərinə ‎gələn bu üç qurbanlıq düşmənin son hədəfi imiş demək, çünki bu top ‎gülləsinin açılan yerinə baxan general artıq vodka şişəsini qaldırmışdı ‎havaya alayındakı başqa adamqıranlar ilə birlikdə. Çavuşlardan birinin ‎əlində bir adam kəlləsi, neçəsinin də əlində neçə qadın alt paltarı gözə ‎çarpırdı başdan başa yanmaqda olan kəndin göylərə qalxan ‎alovlarında. Qalan əsgərlər isə sıraya düzülüb havaya doğru elə belə ‎boluna-soluna atəş açmaqda idilər. Uzaqdan görən bilərdi “fişəng ‎dövlətdəndir, balam! Vur getsin,” deyirdilər hamısı.‎

‎ O partlayışdan çox sonralaracan ana-bala heç nəyi eşidə ‎bilməmişdilər. Qulaqlarında çox cansıxıcı bir kuşultu qalmışdı. Amma o ‎halda balacanın burnundan çox tanış olan bir qoxu heç çəkilmirdi. Bu ‎qoxu onu çox uzaq keçmişlərə aparmışdı. Həm də çox çox uzaqlara.‎

‎ Atasının boynunda kənddə dolanarkən məmə yeyəndən pəpə ‎yeyənə hamı atasını salamlayıb balacanı qucaqlayıb öpərdilər. Evlərində ‎hər gün qonaq olardı. Bir gün çayın o tayından qohumları gəlmişdi. ‎Qonaqlardan bir gənc oğlan eyvandakı tüfəngi götürüb baxçadan ‎qaçmaqda olan bir dovşanı vurmaq istərkən də balacanın qulaqları elə ‎belə tutulub kuşuldamışdı. Elə onda da bu qoxu gəlib oturmuşdu ‎burnunun içində. Gənc qonaq bir az sonra ağlayan balacanı ovutmaq ‎üçün vurduğu dovşanı ona göstərirdi. Hər gün o baxçada gizlicə ‎dolanan, balacanın gizli yoldaşı, dovşan daha tərpənmirdi. Böyründən ‎də qanı süzürdü. Balacanın üzündəki iti baxışdan o gənc oğlanın az ‎qala ödü partlayacaqdı.‎

‎ “Bu gurultu ilə bu pis qoxu bir yerdə gələndə adam nələr itirmir?!” ‎deyib düşünmüşdü balaca.‎

‎ Elə o an anasının böyrü yadına düşdü. Balaca bir iş görməli idi. ‎Başladı qışqırıqla ağlamağa. Ana özünə gəlib nənəni olduğu yerdə ‎qoyub yollanmışdı. Yolçu yolunda gərək. Eyni halda həm öndə həm ‎arxada nələr isə axtarırdı ananın gözü. Arxaya boylanıb öncə bir daha ‎nənəni yoxlamaq istədi, amma bir az daha çox geriyə daldı. Əri evdən ‎çıxarkən ona bir məktub verib demişdi:‎‏ ‏‎“Bunu nə olur olsun anam və ‎oğlumuz ilə birgə o tayada qardaşlarıma çatdırmalısan. Mən sizi bir az ‎qoruyacağam. Siz özünüzü çay qırağındakı qayığa çatdırıb oralarda ‎gizlənin. Səs-küy yatdıqdan sonra mən özümü ora çatdırdım birlikdə o ‎taya keçərik, yoxsa məni heç gözləmiyəcəksiz.”‎

‎ Qadın bir sözlər demək istədi, ancaq o heç vaxt ər sözünü iki ‎etməzdi, indi də etmədi. Yalnız uzun-uzadı bir-birlərinə bir daha heç ‎görüşməyəcək kimi baxdılar. İkisinin də gözləri yaşarmışdı. Əri quş ‎tüfəngini götürüb fişəng qatarını çiynindən asdı. O çox kəskin nişançı ‎idi. İstədiyi quşu seçib göydə uçaraq vurardı, amma hər halda əlindəki ‎quş tüfəngi idi! O gözlərinin yaşını gizlədərək anası ilə yoldaşından ‎ayrılıb kəndin yuxarı başında evlərini qorumağa çalışan igidlərə doğru ‎yollandı. Arxadan anası ilə yoldaşının hönkürtü ilə ağlaşması onu bir az ‎daha kəskinləşdirdi: “Hamı necə, biri də biz. Özünü kişi bilən özü də ‎evini qorumalıdır, nəyin bahasına olur olsun,” deyib qartal kimi cumdu ‎təpənin üstündə yerləşən qayalardan birinin arxasına.‎

‎ O vaxtdakı dövlət “milli təhlükəsizliyi” qorumaq bahanası ilə ‎kəndlərdə hər nə tüfəng sursat vardı yığışdırmışdı. Milli təklükəsizliyin ‎nə olduğunu yerli dinc kəndli hardan bilsin axı? Neçə gün ondan sonra ‎biri birindən acı xəbərlər deyəsən bu sadə xalqı başa sala bilmişdi. O ‎biri kəndlərin necə talan edilib yerli adamını qırmaq xəbərləri yaxındakı ‎kəndlərdən qohumlara gəlib çatırdı, amma o gün təpənin quzeyindəki ‎böyük kəndi top-tank güllələri yerlə bir edəndən sonra bu kəndin ‎xalqının başı artıq qəbir daşına dəymişdi. Hər top gülləsi açıldıqda bu ‎kəndin evləri göyə atılıb düşürdü. Tavandakı ağacların pərdilərin ‎arasından sovrulan dındırqa qırıqları ilə toz-torpaq yalnız gözlərini yox, ‎boğazlarını qovuşdururdu.‎

‎ Samanlığa tülkü girmişdi sankı. Qışqırıqlar göyə qalxırdı evlərdən. ‎Hamı dəymişdi bir-birinə. Heç kim bilmirdi neyləsin. Hərə öz evində o-‎yan-bu-yana qaçırdı. Bu havada heç kim çölə çıxa bilməzdi. Çünki külək ‎qapıların qabağını elə qalamışdı ki o qarı kürümək özü uzun bir iş idi. ‎Qar elə yağırdı sankı son dəfəsidir, bir daha yağmayacaq. O üzdən lab ‎ürəyini boşaldırdı. Bir anda kəndin ağsaqqalları aşıqgilin qapısın çalıb ‎onu çölə çağırdılar.‎

‎ “Neyləməliyik oğul? Sən bizdən çox gəzibsən, bizdən də çox yaxşı ‎bilərsən. Bir məsləhət ver,” dedilər aşığa. Pəncərə arxasından buğlanan ‎camı tez-tez silərək nigaran gözlərlə qadınlar onlara baxırdılar.‎

‎ “Biz kəndi qoruyaq, qadınlarla uşaqlar da böyük çaya doğru ‎qaçsınlar,” demişdi kəndin düz ortasındakı evlərdən biri bir top gülləsi ‎ilə göyə sovruldu. Demək qaçmağa da heç fürsət qalmamışdı. ‎

‎ O kənddə yalnız üç adamda tüfəng vardı. O da atıcılıq dəlisi ‎olduqlarından olmuşdu. Təpə üstündəki qayaların arxasında üç nişançı ‎yaman vuruşurdu. Atdıqları heç boşa getmirdi. “Oğul bilirsənmi hər ‎güllə mənə nəçəyə baxıb? Gülləyə verdiyim pulun bir qəpiyində belə ‎qarışıq yoxdur. Alın təri tökmüşəm hər qəpiyinə. Qoymaram biri də ‎boşa gedə,” yoldaşlarına deyirdi aşıq. Qalan kəndlilər isə ‎əllərindəki bel, balta, nacaq, oraxça, və şənə ilə top-tank ordusunun ‎qarşısında əl-yaxaya döyüşünü gözləyirdilər. Kəndlidə bunlardan başqa ‎nə ola bilərdi ki? O yaratmağa çalışır yıxmağa yox. Əllərindəkilər də ‎yaratmaq üçündür, yıxmaq üçün yox. Demə burda nəyi yaradırdılar, ‎əlbəttə ki öz tarixlərinin ən şərəfli varağını.‎

‎ Döyüşçülərin boşa getməyən güllələrinə cavab olaraq qayaların ‎birinin arxasına bir qumpara gülləsi düşdü. Nə yazıq ki ardıca iki yoldaşı ‎da beləliklə susdu. Güllələr də sona çatırdı. Düşmən get-gedə ‎yaxınlaşırdı. Beləliklə də sıra bel-balta savaşına çatırdı. Amma sonuncu ‎tüfəngi susdurmaq gərəkirdi. Ağır bir top gülləsi sankı təpəni qaldırıb ‎kəndlilərin başına çırpdı. Bu anda son tüfəng susmuşdu, amma o an ‎maviyə çalar yaşıl bir işıq təpənin o əl bu əlini bürüyüb düz göyün ‎üzünə qalxdı. Hər iki tərəfdə vuruşanlar indiyədək görüb eşitmədikləri ‎bir işığa mat qalmışdılar. Sonra heç kəsin duymadığı maraqlı bir ətir ‎qoxusu dünyanı bürüdü. Qışın o qudurqan çağında bütün dünyanın ‎gülü-çiçəyi, və meyvəsinin ətri vardı orda. Bu mat edici qoxu ilə o ‎maviyə çalar yaşıl işıq hamını çaşdırmışdı. Bu arada düşmən tərəfdən ‎neçə əsgər silahları atıb qaçarkən general özü onlardan bir neçəsini ‎güllələdi arxadan. Qalanları isə qəbirdən çıxmış ölülər kimi döndülər, ‎amma bir-birləri ilə pıçıldaşırdılar.‎

‎ Kəndin aşağı tərəfindəki meşədə nənə, gəlin və balaca ‎gizlənmişdilər. İgidləri gəlməyincə hara gedə bilərdilər. Amma ‎gizləndikləri yerdən o işığı görüb o tayı heç görünməmiş ətri duydular. ‎Ancaq bunlar görəni kimsə görə bilməmişdi. “Ana, gedin amandır, ‎durmayın,” o işığın içindən bunlara yalvarırcasına mehriban gülüşü ‎üzündə demişdi igidləri. Düşmən artıq kəndə dolmuşdu. Orda qalanlar ‎yalnız qadınlar ilə uşaqlar idi. Güllə səsi ilə qışıqırıq, çığır-bağır, mal-‎heyvan, toyuq-cücə səsi, yanğı, tüstü kəndi bürümüşdü. Gözləri ilə ‎gördüklərinə inana bilmirdilər kəndlilər. Heç bilmirdilər bu savaş nə ‎üçündür, axı kimsənin suyunu kəsib toyuğuna daş atmamışdılar. Bir ‎yandan da savaşan əsgərlərin neçəsi bir zaman bu kəndlilərin qonşusu ‎olub onların duz-çörəyini yemişdi. Nənə özü uzaqdan general ilə bir ‎neçəsini seçə bilmişdi kəndin alovları işığında.‎

‎ “Vay sənin gözün çıxsın ... yaş itin balası ... nankor. Anasının ‎əmcəyini kəsən mındar köpəyoğlu ... Kaş səni öz əlimlə qapımıza ac-lüt ‎sığındığın gün boğardım. Mən külbaş nə bilərdim qoynumda ilan ‎bəsləyirəm? Vay səni atası-anası bəlli olmayan mındar köpəyoğlu ... ‎qapımızdakı nökər elə general olsa bundan artıq ola bilməz ... vay səni ‎itdən süd əmən ...”‎

‎ “Dur bala, dur yazıqsan, dur qaçaq buralardan,” deyərək döndü ‎gəlinə. Gözlərinin yaşını gizlicə silərək sevimli sevimli gəlinin əlindən ‎tutub arxasıca çayın qırağı ilə çəkməyə başladı.‎

‎ “Burdan bir toyuq da canlı çıxmamalı. Axtarın hər dəlik-deşiyi. ‎Qızlardan ən gözəllərini seçin, qalanlarını kefinizi sürdükdən sonra ‎yandırın,” buyurdu genaral adamqıranlarına. Onlar tapşırığı yaxşıca ‎yerinə yetirdilər. O arada əsgərlərdən biri o iki qadını uzaqdan seçib ‎generala doğru yürüdü. General barmağı ilə meşəni göstərdi. Bu anda ‎ondan “Atəş” buyuruğu partladı, ardıca da top gülləsi.‎

‎ Səngərdən göyə bir an qalxıb sönən o işıq ilə sönmüşdü o qadının ‎ümid çırağı, amma nəyin bahasına olursa olsun yerinə yetirməli idi ‎ərinin əmanətini. Meşənin ortasından kənd görünməsə də o təpə ‎görünürdü. Son kez olaraq təpənin başına doğru baxdı “Bir az dayan, ‎glirəm əzizim,” deyib çaya doğru yollandı. Daha gücü qalmamışdı. Qanı ‎donmuşdu. Qönçə dodaqları solmuşdu. Nəfəsində istilik yox idi. ‎Ulduzlaracan boylanan qələmələr gahdan ayağı altda qalırdı. Gahdan ‎gözəlliklər gölündən ölüm buğu qalxırdı tərk edilmiş qəbristanlıqlar kimi. ‎Qucağındakı balasını daha duya bilmirdi. Bəlkə də bütün canını solqun ‎gözlərinə toplamışdı. Gözü qarşıda yalnız bir qayıq axtarırdı. “Məgər bu ‎ağır qardan sonra da qayıq tapmaq olar? Di gəl samanlıqda iynə axtar! ‎Harda qalıb bu yiyəsiz?”‎

‎ Bir az qabaqda bir cüt göz ona doğru parıldayırdı. İstər-istəməz o ‎parıltıya doğru getdi. Yol azca yoquşlaşmış idi. Sürüşüb qaldı. Üzü ‎quylu düşərkən balacanın qışqırığı onun üzünə şimşək kimi çaxdı. Bir ‎az özünə gəldi. Sürünə-sürünə yoquşu dırmaşdı. O yandan aşağıya ‎yuvarlanarq balasını heç əlindən salmadı. Başı bərk bir zada dəydi. ‎Ömründə heç vaxt bu yaxınlıqdan bir belə ulduz görməmişdi. ‎Ulduzlardan ən ulusu yaşıl işıqlı quyruğu ilə axdı. “Döz. Gəlirəm. Yalnız ‎bir işim qalıb ...” dedi, amma heç nəyi anımsaya bilmədi bir an. Birdən ‎üzündə istilik duydu. Bu onu bir az canlandırdı. Gözləri ancaq balacanı ‎seçə bildi. Bir az daha canlandı. Az öncə başını çırpdığı yerə doğru ‎baxdı. “Özüdür.” Qayığı tapmışdı. Üstündəki qarı qayığın örtüyünü ‎çəkərək silib, balacanı içinə qoydu. Orda daha başqa örtük vardı. ‎Balacanı doğru-düzgün basdırıb qarlara doğru döndü. Qayığı bağlayan ‎kəndiri tapıb açdı. Arxadan çaya doğru itələməyə başladı. Qayıq qarda ‎quylanmışdı. Ön tərəfdən qarı əlləri ilə kürüyüb bir az yol açdı. Eniş ‎olduğuna görə qayıq azca yerindən tərpəndi, amma çaya gedib ‎çatmadı. Ana qayığın arxasına süründü. Çiyni ilə ağırlığını saldı salalı ‎qayığın üstünə, amma bu son düşməsi oldu. Elə düşdüyü yerdə donub ‎qaldı. Canı sankı qulaqlarına yığışmışdı. Ərinin son olaraq saz çalıb ‎oxuduğu mahnı kuşultu kimi bu qulağından o birinə fırlanırdı:‎

‎ “Bəlkə bu yerlərə oyyyyyy bir də gəlməəəəəəədiiiim, duman ‎salaaamat qaaaaaal dağ salamaaat qal, a dinim imanım, gəl qadan ‎aaaalım, yeri yeri tərlaaaaanım ...”‎ ‎ ‎

‎ Qurdlar qayığın başına fırlanırdılar. Bəlkə də qayığı itələməyin ‎yolunu bilmirdilər. İstər yay olsun istər qış, gecələri ayın mənzərəsi bu ‎çayın üzərində başqa bir mənzərə olur, yalnız görənlər bilər. Amma bu ‎gecə buranın görüntüsü inanılmaz bir zad olmuşdu. Quru qəmişlərdən ‎azca o əldə çayın qıyısında çox böyük bir qaya vardı. Qurdlardan biri o ‎qayanın üzərində durub ciyəri çıxanadək çayın o tayına doğru ulayırdı, ‎uladıqca da o biri qurdlar ulaşırdılar.‎

‎ Çayın o tayındakı kəndlilər deyir: “Heç vaxt belə qurd ulaşması ‎qulağımıza dəyməmişdi‏.‏‎” Sabahacan heç biri gözlərini belə yuma ‎bilməmişdi. Sabah tezdən kəndlilər böyük çayın qırağına gəlib nə ‎görsələr yaxşıdır?! Bir qayıq suyun düz ortasında olduğu yerdə dayanıb ‎içindən heç görüb eşitmədikləri maviyə çalan yaşıl bir işıq qayığın ‎içindən göyə fışqırırdı, və ordan dünyanın bütün gül-çiçək ilə ‎meyvəsinin iyi hamını mat qoymuşdu.‎

‎ Xoy, April,4,2011,‎
‎ Saat: 02:00 a.m. – 10:00 a.m.‎
‎ Abbasəli Əhmədoğlu.‎

No comments: