Təbrizli Məmmədrza
SON GECƏ kitabından
O gecə şıdırğı yağış yağırdı. Günortadan dostları ilə görüşə gedən Taymaz evə dönəndə çox gərgin idi. Saatlarca sürən götür-qoydan, müzakirə və dartışmalardan sonra elə bu gecə Təbrizdən çıxmasına qərar vermişdilər...
Hava qaralmazdan qabaq dostları onu maşınla evə gətirirdi. Taymazın ürəyinə qəribə bir ağırlıq çökmüşdü. Düşünürdü ki, bəlkə bir də Təbrizə dönə bilmədi. Yarıyolda istədi ki, evlərinə yeriyə-yeriyə getsin. Dostları ilə danışıb razılaşdı, maşından enib bir az Saat qabağında* durdu, yan-yörəyə diqqətlə göz gəzdirib baxdı, baxdı... sonra dərindən köks ötürdü, işgəncə zamanı dırnaqları dartılıb çıxarılan, irinlədiyi üçün hələ də zoqquldayan yaralı ayağını çəkə-çəkə Ərk qalasına* yaxınlaşdı, dolmuş gözlərini silib ürəyində qoca Ərklə sağollaşdı.
Bir azdan Taymaz özünü toparladı, axsaya-axsaya evlərinə yaxınlaşıb alaqapının orta tayına vurulmuş dəmir qapı toxmağını yavaşca taqqıldatdı. Aylar uzunu qazamatda gördüyü ağır işgəncələrdən qalan yaraları hələ də bərk sızıldayırdı. Ancaq özünü möhkəm tutur, canındakı ağrıları anasına bildirmək istəmirdi. Qardaşı Atilla qapını açdı, evə keçdilər. Anası da, qardaşları da səbirsizliklə onu gözləyirdi. Taymaz son qərarı bildirib üzünü anasına tutdu:
– Anacan, durum indidən aydındır, mənim məhkəməni udma şansım yoxdur. Ona görə də, məhkəmədən qabaq Təbrizdən uzaqlaşmam daha yaxşı olar. Ancaq bir ona üzülürəm ki, mən getsəm, ağırlıq sizə düşəcək, namərdlər sizi incidəcək, mən də ömür boyu bunun əzabını çəkəcəyəm.
– Dadaş, bizdən yana rahatsız olma, bir təhər yola verərik, təki sənə heç nə olmasın, – deyə Atilla ona etiraz etdi, – heç bir əzab-zad da çəkmə, min işgəncə sən görmüsən, birini də biz görsək, nə olacaq ki?!
Taymaz fikirli və yorğun halda dedi:
– Nəsə. Allah axırın xeyir eləsin. İndi durun hamınız bir az dincəlin, bütün günü gərginlik içində olmusunuz. Elə mən də dincəlməliyəm, dan yeri ağarmamış Yaşarla Aytac gəlib məni alacaqlar.
Taymaz hamını yatmağa göndərdi, özü isə çıxıb eyvanda oturdu, verdikləri qərarı bir daha dərindən düşündü. Yağışın şırıltısı bir az da güclənmişdi. Taymaz yağışa baxdı, “Nə təhər də yağış yağır e-e.., bütün günü leysan töküb. Hər il bu çağda hər yan qar olardı, indi belə yağış yağır. İnşallah ki, xeyirli olar. Hə, su aydınlıqdı, yağışın belə yağması da yolçuluğumuza uğurlu olar”, – diyə öz-özünə pıçıldadı. Sonra durub içəri keçdi, pəncərənin taxçasında oturdu, ancaq qərar tuta bilmədi, qalxıb bir az otaqda gəzişdi. Getdikcə həyəcanı artır, gərginliyi çoxalırdı. Pəncərənin önündə durdu, gah qol saatına, gah da yağışa baxdı.
Dözümsüz görünürdü. Özünü ələ alıb getdikcə artan həyəcanını sakitləşdirməyə çalışdı.
Gecənin zil qaranlığı, yağışın şırıltısı, göyün qorxunc gurultusu, vaxtın getdikcə yaxınlaşması Taymazda duymadığı duyğular oyadırdı. Bir yandan ayrılıq, o biri yandan üzləşəcəyi bəlirsizlik, bilinməzlik... onu qayğılandırırdı. Dan yeri sökülmədən yola çıxmalı idilər. Qarşıda onu gözləyən uzun, ağır yolçuluğun necə olacağını bilməməyi gərginliyini daha da artırırdı.
Yenidən otaqda var-gəl eləməyə, öz-özü ilə danışmağa başladı. Bir az qəhərli, tutqun səslə: “Bu da son gecə! Sabahdan ayrılıq başlayır. Bu günə qədər heç Vətəndən, ailədən ayrılıb uzaqlaşmadım, əsgərlikdən başqa. Onda da əsgər idim, ancaq heç olmasa, iki ayda bir yol izinə gəlmək imkanı vardı... Görəsən, bir də bura qayıda biləcəyəmmi? Yoxsa Təbrizə həsrət qalacağam? Tanrı o günü göstərməsin...” – deyə pıçıldadı. Özündən asılı olmayaraq beynindən “Qalmağım daha yaxşı olmazmı?” sorusu keçdi. Ancaq tez də özünü ələ alıb, bir az ucadan kəskin səslə özünə cavab verdi:
– Yox, getməliyəm. Ən doğrusu da budur.
Sonra susdu. Evdə hamı yatmışdı, onun ucadan danışması onları oyada bilərdi. Yavaşca içəri otağa keçib, mışıl-mışıl yatanlara göz gəzdirdi. Qardaşları ayılmamışdı, anası isə... heç yatmamışdı, hələ oturub təsbeh çevirirdi.
– Anacan, hələ yatmamısan ?
– Yox, a bala, mən necə yata bilərəm? İlan vuran yatar, mən yata bilmənəm. Axşamdan bəri atan dikilib gözümün önünə. “Xəlq Müsəlman”* vaxtı onu itirdim, indi də canımı qorxu alıb ki, səni itirirəm. O rəhmətlik iki saatlığa getmişdi, bir həftə sonra vay xəbəri gəldi. Neçə gün sonra da atanın cəsədini Münəccim körpüsünün* altından tapdılar. Sayı dəqiq bilinmədi, ancaq elə təkcə bu körpünün altında onlarla Türkü öldürüb, bir yerdə basdırmışdılar. Başqa yerdə də öldürülənlər vardı. Özü də, onda, Allah bilir, nə qədər adamı öldürəndən sonra neylon torbalara doldurub, bir yerdə basdırardılar. O vaxt vur-tut on bir adam üçün qondarma məhkəmə düzəldib asılma qərarı çıxartdılar, qalan insanları isə harda tuturdular, məhkəməsiz-zadsız güllələyirdilər. Atanız da onlardan biri idi və ölüsünü də təkcə əmilərin görmüşdü. Məni ölüsünü görməyə də qoymadılar. Biz ancaq elə məmurların dediyi basdırılma yerini bilirik. Hər yol qəbiristanlığa gedəndə məni fikir alır: görəsən, bu qəbir atanızın yatdığı yerdir, yoxsa başqa bir adamın qəbridir? Hə, balam! Bu Fars quduzları bizə yas tutmağa belə izin vermədilər! Tanrı o günləri kimsəyə göstərməsin! Qatillərin əlindən qurtarıb qaçanları da gecəyarısı evlərə girir, yuxu içində yaxalayıb aparırdılar. Atanızın dostu Aydının evinə gecə məmurlar girəndə ailəsilə sagollaşıb başqa yerə getmək istəyirmiş, yazığı 7 yaşlı oğlu Ataxanın gözü qabağında öldürdülər. Məmurların evə vəhşiliklə girməsini, atasını güllələməsini gözlərilə görən yazıq uşaq Ataxan dəli oldu. Gül kimi uşağıdı, günü-gündən saralıb-soldu, xəstələndi, ağlını itirdi, küçələrə düşüb hər kəslə savaşdı, yoldan keçənə söyüş verdi... İndi də sən gedirsən, ay balam, nə bilim, nə vaxt gələcəksən?
Taymaz yavaşca çiyinlərini çəkdi, cavab vermədi. Anası yenə astadan dilləndi:
– Allah bəlalarını versin, bu tay Azərbaycanda hər kimin evindən Azərbaycan musiqisi eşidilsəydi, haman allahsız kommunist damğasıyla adamı qaralayırdılar. Rəhmətlik Aydın bəyə bu üzdən kommunist adı vermişdilər. Aydının qiyafəsi indi də gözümün önündədi, o, qısaboylu qaraşın bir kişiydi. Atanızın dediyinə görə, Aydın yol qırağında kitab satardı. Onun öz alıcıları varmış. Aydın hər yanda satillan kitablardan qoyarmış göz qabağına, gizli basılmış kitabları da ayrıca saxlayıb əlaltından öz oxuyucularına satarmış. Çox dəyərli bir insandı, oxumuş, xalqının dərdini başa düşən birisiydi. Daha qabaqlar Məhəmmədrza şahın qəzəbinə uğrayıb yeddi il Qacar qəsri zindanında* yatmışdı. Sonra da...
Özündən asılı olmayaraq anası ucadan hönkürdü, göz yaşları içində boğula-boğula “Nə bilim, necə olacaq? Tanrı özü köməyimiz olsun!” – deyib Taymaza qısıldı.
Taymaz qəhərlənsə də, özünü ələ aldı, bir az yavaşdan, ancaq arxayın və ötkəm bir səslə anasını ovundurmağa çalışdı:
– Möhkəm ol, ay ana! Getməkdən başqa yolum olmadığını bilirsən. Bir də, çox uzağa getmirəm axı. İmkan olan kimi görüşəcəyik, ən azı söz verirəm, hər həftə məktub yazacağam.
Taymaz nə qədər yavaş danışmağa çalışsa da, səksəkəli halda pal-paltarlı yatmış qardaşları ananın hönkürtüsünə ayılmışdılar, ortancıl qardaşı Atılla boğuq bir səslə “Dadaş, vaxtdır?” – deyə soruşdu.
Taymazın “Hə, az qalır, indilərdə gələrlər” cavabından sonra qardaşları qalxıb ona sarıldılar. Taymaz onlara ürək-dirək verməyə çalışdı:
– Ürəyinizi sıxmayın, özünüzü qoruyun. Tez-tez məktub yazıb göndərəcəyəm. Anaya yaxşı baxın, qoymayın darıxsın. Özünüz də darıxmayın. Gün olacaq, yenə birlikdə Eynalıya* qalxıb Kəklik bulağının* suyunu içəcəyik. Yenə Söyüdlükdə* ananın süfrəsində oturacağıq. Möhkəm olun, sınmayın. Heç kimin şirin vədinə, bir tikə yağlı çörəyinə aldanmayın.
Qaraqaşlı, enlikürəkli, polad iradəli Taymaz gənc olsa da, evin böyük oğlu idi. Çox sevdiyi musiqiyə qarşı rejimin sərgilədiyi qadağa və yasaqlar onda erkən yaşlarından etiraz doğurmuş, onu aşağılanan, addımbaşı təhqir edilən Azərbaycan milli mədəniyyətinin ən qızğın qoruyucularından birinə çevirmişdi. Atasının vəhşicəsinə öldürülməsi də onu az etgiləməmişdi. Bütün bunlar istər-istəməz Taymazı milli-siyasi fəaliyyətə yönəltmişdi və bu yöndəki ilk addımı da öz kiçik qardaşlarını ayıltmağa çalışması olmuşdu. İndi, ayrılıq anında yenə qardaşlarına öz sözünü deməyə çalışdı:
– Bəzək-düzəkli ideoloji nağıllara da inanmayın. Bilin ki, indilik bizim üçün tək bircə doğru yol var: o da Vətənimiz Azərbaycanın və millətimizin qurtuluş yoludur! Kim olur-olsun, nə işdə çalışır-çalışsın, hansı rejimdə, hansı dövlət quruluşunda yaşayır-yaşasın, fərqi yoxdur, milləti kölə olan bir adamın özü də kölədir. Öz köləliyini anlamayıb yadlara nökərçilik eləyənlər də manqurtdan başqa bir kimsə deyillər. Yaxamızı Fars şovinizminin qanlı əllərindən qurtarmalıyıq. Ancaq təbii ki, yolumuz çox uzundur, enişli-yoxuşlu, çənli-dumanlı, boranlı-qarlı yoldur. Hər halda, atalar demişkən, bir gül ilə yaz olmaz, yorulmadan çalışmalı, millətimizin mənliyini özünə qaytarıb bir yumruq olmalıyıq, zəfər də, qurtuluş da o birlikdədir.
Sonra Taymaz türkiyəli şair Əhməd Kutsinin bir şeirini xatırladı və çox sevdiyi, tez-tez təkrarladığı bir şeiri ağır-ağır deməyə başladı:
Orda bir köy var, uzakta,
O köy bizim köyümüzdür.
Gezmesek de, tozmasak da
O köy bizim köyümüzdür.
Orda bir ev var, uzakta,
O ev bizim evimizdir.
Yatmasak da, kalkmasak da
O ev bizim evimizdir.
Orda bir ses var, uzakta,
O ses bizim sesimizdir.
Duymasak da, tınmasak da
O ses bizim sesimizdir.
Orda bir dağ var, uzakta,
O dağ bizim dağımızdır.
İnmesek de, çıkmasak da
O dağ bizim dağımızdır.
Orda bir yol var, uzakta,
O yol bizim yolumuzdur.
Dönmesek de, varmasak da
O yol bizim yolumuzdur.
Taymaz son misranı təkrarlayıb sözünə davam etdi:
– O yol bizim yolumuzdur! Yalnız ruhdan düşməməli, bütün çətinliklərə sinə gərməliyik. Atalar demişkən, “Su gələn arxa bir də gələr”. Unutmayın ki, 29 Bəhməni*, 21 Azəri*, 28 Mayı* yaradan bizim xalqımızdır. Hər xalq yüz ildə dörd dəfə inqilab edə bilməz, bunu bizim xalq edib. Yaman günün ömrü az olar, çox çəkməz ki, xalqımız yenidən ayağa qalxar...
Alaqapının yavaşdan çalınması Taymazın sözünü kəsdi. Hamı səssiz-səmirsiz dayanıb bir-birinin üzünə baxdı. Atılla cəld işıqları söndürdü, bir az həyəcanlı halda qapını açmağa getdi (Onun öz adı Atılla deyildi. “İran İslam Cümhuriyyəti”nin 5-ci Məclis seçkilərində Təbrizdəki hadisələr vaxtı göstərdiyi qoçaqlığa görə dostları ona Atılla adı qoymuşdu). Atılla da qardaşı Taymaz kimi iriyarı – canlı-cüssəli, enlikürəkli, qorxmaz bir gənc idi. Ancaq o, Taymaz kimi qaraqaş, qaragöz deyildi. Taymaz atasına çəkmişdi, Atılla isə anası kimi mavigözlü idi və gözləri bəzən yaşıla, bəzən də maviyə çalırdı. Çox çəkici görünüşü vardı və uzun saçları da ona yaxşı yaraşırdı. Təbrizlilər demişkən, Atilla qızqaytaran* bir oğlandı.
Az sonra Atılla qayıtdı, həmişəki adi səsi ilə bildirdi:
– Dadaş, Yaşarla Aytacdır. Həmən çıxmalıyıq. Allahdan, yağış hələ də yağır. Güman ki, yağışa görə bir çox yerdə yoxlama olmasın.
Taymaz etiraza yol verməyəcək bir kəsinliklə dedi:
– Yox, Atılla, sən evdə qalıb anama, uşaqlara ürək-dirək olmalısan. Yaşarla Aytac məni Urmuya qədər götürəcəklər. Siz mənə görə rahatsız olmayın. Yaşar da, Aytac da sayılıb-seçilən igid oğullardır. Ana, onların elə incəliyinə, arıqlığına baxmayın, ikisi də çox cəsarətli uşaqlardı. Hərdən Aytac zarafatla özü haqqında deyir ki, mənim belə arıqlığıma baxmayın. Mən tarlada bitən incə buğda sünbülünə bənzərəm, güclü küləklər yekə-yekə ağacları sındırıb kökündən çıxardar, ancaq o küləklər necə əsir-əsin, məni sındıra bilməz. Bu molla rejimi də məni tutub döyər, işgəncə edər, ancaq sındıra bilməz! Bax, ana, çoxları deyir ki, Yaşar öz atasına çəkib. Atası milli şəhidlərimizdən biriydi, Ərdəbil səngərində şovinizmə qarşı döyüşmüşdü. Yaşar da atası kimi fədayidir, ölər, geri durmaz. Aytac da onun kimi. Arxayın olun, onlar məni sağ-salamat yola salacaqlar.
Taymaz Yaşardan, Aytacdan danışmaqla anasıgili bir az sakitləşdirmək istəyirdi, ancaq uzun-uzadı danışmağa imkan yox idi, artıq yola düşmə zamanı gəlib çatmışdı.
Evdə hər kəslə bir-bir qucaqlaşdı, sonra arxayın addımlarla qapıya sarı yollandı. Evin hər yanına göz gəzdirirdi, baxışları ilə dam-divarla, qapı-pəncərə, ev-eşiyə hopmuş xatirələri ilə sağollaşırdı. Anası yanıqlı bir səslə “Taymaz!” – deyə səsləndi, ancaq hönkürtü, gözyaşları danışmasına aman vermədi. Taymaz özünü tox tutmağa çalışsa da, ayaqları yerdən qopmurdı, sanki yerə yapışmışdı. O, qapıdan çıxarkən bir daha dönüb anasına baxdı. Özünü saxlaya bilmədi, yenidən qayıdıb anasını qucaqladı, gözyaşlarını gizlətmək üçün üzünü anasının çiyinlərinə sürtdü. Anası dodaqları titrəyə-titrəyə nəsə demək istəsə də, dili söz tutmadı, yalnız hıçqırıqları, ayrı-ayrı boğuq, xırıltılı səsləri eşidildi.
Taymaz bir anlıq zəifliyindən utanan kimi olub tez özünü ələ aldı, yenidən ötkəm səslə “Salamat qalın!” – deyərək qapıdan çıxdı. Arxasınca anasının səpdiyi suyun səsini eşidəndə sanki birdən-birə arxayınlaşdı, düşündü ki, yolu açıq-aydın, uğurlu olacaq.
O, maşına oturanda yenə saatına baxdı. Elə bil, zaman ayaq açıb qaçırdı. Hələ sevgilisi Sevda ilə də sağollaşmalı, sonra da hava işıqlanmamış Təbrizdən çıxmalı idi.
Axşamdan öz bacısıgilə gedən Sevda səhəri dirigözlü aça-aça oturub onun yolunu gözləyirdi. Maşın dar bir küçənin ağzında dayandı. Yaşar motoru söndürdü, hökmlü bir səslə dedi:
– Taymaz, vaxtımız çox azdır, lütfən, tez gəl.
Taymaz “Baş üstə!” – deyə cəld maşından çıxıb Sevda ilə görüşə tələsdi. Maşın səsini eşitmiş Sevda pərdənin arxasından baxıb Taymazı tanıdı, bir göz qırpımında evin ikinci qatından enib özünü qapıya çatdırdı. İki sevgili qapı ağzındaca bir-birinə sarıldılar, ancaq çox keçmədən özlərini ələ aldılar. Güclü, qoçaq bir adam olan Sevda bilirdi ki, vaxt çox dardır, ona görə də, üzünü Taymazın sinəsinə qoyub yavaşdan, ancaq tələsik bir səslə dedi:
–Taymaz, Urmuya çatan kimi zəng elə! Ayrılığın ağırlığı bir yana, həm də ürəyimdə umud var, inanıram ki, sağ-salamat Türkiyəyə çatacaqsan, oradan o yanası da lap rahat olacaq. Ancaq Təbrizdən sağ-salamat çıxa bilməniz məni qayğılandırır. Elxan az öncə gəldi, dediyinə görə, hər yanda yoxlama var. Qurd meydanında*, daha sonra Təpəli bağ* ağzında arabalarını dayandırıb yoxlayıblar, bir neçə saat yağış altında saxladıqdan sonra buraxıblar. Elxangillə birlikdə gələn musiqiçiləri döyə-döyə maşına basıb aparıblar, dediyinə görə, tarçalanın tarını yazığın öz başına çırpıb sındırıblar, qarmonla nağaranı da yolun ortasına atıb ayaqlayırmışlar.
Elxan Sevdanın bacısı Solmazın həyat yoldaşı idi. Yeni evlənmişdilər, hələ uşaqları yoxudu. Üç il öncə gizli keçirilən Türkcə dil öyrənmə yığıncaqlarında görüşüb tanış olmuş, iki il sonra da evlənmişdilər. Taymaz Sevdanı sakitləşdirməyə çalışdı:
– Canım-gözüm, sən məndən yana nigaran qalma, üzülmə. Bilirəm, hər yanda yoxlama var, haqlısan, bu gün 21 Azər günü olduğundan çox yerdə yoxlama var. Ancaq sən qorxma, canını sıxma, Yaşar şəhərin bütün yol-yolağını yaxşı tanıyır. Üstəlik, bizə gələndə də şəhəri dolaşıb hər yeri gözdən keçirib, harada nə olduğunu bilir, rahatca gedəcəyik. Urmuya yetişdikdə də zəng edəcəyəm. Özünə yaxşı bax, aradabir get anamı da yoxla. Haydı canım, getməliyəm, salamat qal, gözlə məni. İlk fürsətdə çalışacağam, yenidən bir-birimizə qovuşaq. Mənim xəbərimi gözlə. Artıq getməliyəm, sağ ol.
İki sevgili bir-birinin gözlərinin içinə baxa-baxa aralanmağa çalışdılar, ancaq əlləri sanki bir-birinə yapışmışdı, ayrıla bilmirdilər. Taymaz ayaqlarını sürüyüb qarış-qarış addım atdıqca əlləri yavaş-yavaş Sevdanın dirsəyindən barmaqlarının ucuna sürüşdü. Barmaqlarının bir-birindən üzüldüyü yerdə onlar ayrıldılar.
Sevda Taymazın arxasınca küçənin ağzınadək gəlib maşın gözdən itənə qədər küçənin ağzında durdu, sonra evə qayıdanda gördü ki, bacısı pəncərədən onları izləyirmiş, bacısına sarılıb uzun-uzadı ağladı, bir az içini boşaltdı. Solmazla Sevda bir-birinə çox bənzəyirdilər. Hər ikisi ucaboylu, sarısaclı, mavigözlü olub öz gözəllikləri ilə seçilirdi...
Taymaz çox dəyərli və həm də çox sayıqlıq tələb edən bir gündə – 21 Azər günündə yola çıxırdı. Güney Azərbaycanın 1945-ci ildəki bir illik bağımsızlığının ildönümü olan 21 Azər günü milli fəallar Azərbaycanın bir çox bölgələrində gizlicə musiqili şənlik gecələri, şeir axşamları, siyasi toplantılar düzənləyər, öncülləri, şəhidləri anar, onların unudulmamasına, xalq içərisində xatirələrinin əziz tutulmasına çalışardılar. Ona görə də, Azərbaycanın hər yerində rejimin ciddi və sərt yoxlaması olardı. Çünki molla rejimi islam örtüyü altında Pəhləvilərin illər boyu yürütdüyü anti-Türk siyasəti eynilə davam etdirməkdə idi. 1946-ci ilin 21 Azər günü İran Fars hakimiyyəti İngiltərə və Rusiyanın yardımına arxalanıb Azərbaycan Milli Hökumətini devirdi, Güney Azərbaycanı qana boyadı. Taymaz oxuduğu gizli yazılardan birindəki bir məqamı da xatırladı: 21 Azər və ondan sonrakı günlərdə Azərbaycanın otuz minə yaxın insanı şəhid olmuşdu. Bu şəhidləri anmaq, onların adını çəkmək yasaqdı, ancaq Fars şovinizmi adını bilmədikləri bir Fars əsgərinin cəsədini Təbrizin gözü olan Ərk qalasının girişində, Bala bağda “Adsız əsgər” (Sərbaze qomnam) adı ilə basdırmış və bu işğalçı qatilin qəbrini Azərbaycan insanları üçün rəsmi ziyarətgaha çevirmişdi...
_____________________________________________________
* Ulduz qoyulmuş söz və adlarla bağlı əsərin sonunda qısa bilgi verilir.

No comments:
Post a Comment