Elşən Böyükvənd
Birinci Bölüm-Səfəvilər və Ana Dilimiz
Farscanın
ilk sözlüyü yazılan çağda (Fors Lüğəti, Əsədi Tusinin əsəri) böyük M.Kaşğarlı
isə Türkcə sözülüyünü yazıb İslam Xəlifəsinə sundu . “Divan-i Lüğət-it Türk”dən sonra
yazılan Türkcə sözlüklərin bir sırasını qeyd etmək gərəkli görünür (sayı az
deyil). Sultan M.Xarəzmşahlıya sunulan Məhəmməd İbni Qeys Xarəzminin Türkcə-Ərəbcədə
yazdığı “Təbiyan-ül lüğa-ti Türk-i əla lisan-i Qanıqlı”, Sultan Atsız Xarəzmşaha təqdim olunan və Carullah
Zomoxşeri Xarəzminin təlif etdiyi “Müqəddəm-ül Ədəb”, Teymurilər dövrü isə Əmir
Əlişir Nəvainin “Mühakimətül Lüğəteyn”, Səfəvilər dövrü isə sultan Hüseyn Səfəvinin
əmri ilə hazırlanan “Bədaye-ül Lüğət” (böyük rus alimi Borovkov çap etdirib),
Avşarlar dövrü isə Mirzə Mehdi Xan Esterabadinin” Sənglax” sözlüyü, Kəllatda
Nadir Şahın Türkcədə yazdırdığı kətibələr və Qacarlılr dövründə Nasirddinşaha
sunulan Şeyx Məhəmməd Salihin “Əl-Tamğay-i Nasr-i” və Fətəlişah Qacara təqdim
olunan Fətəli Xan Qəzvinin hazırladığı “Behcət-ül Lüğət” sözlüyüklərini ad
aparmaq olar.
Göründüyü kimi böyük Kaşğarlıdan başlayan Türkcə sözlük yazmaq ənənəsi
Səfəvilər və hətta Qacarlılar dövrünə qədər davam etmiş imiş. Bir dilin sözlüyü vardırsa və fərqli-fərqli zamanlarda
hazırlanıb çap etdirilibdirsə, o dilin məhv olmasından belə söhbət gedə bilməz.
Səfəvilərin ən böyük başçıları və şəxsiyyətərindən
biri sayılan Şeyx Səfiyəddin Ərdəbilinin
"Qara
Məcmuə" risaləsini sayın Prof.Hüseyn
Seddiq (Düzgün) uzun sürən araşdırmalardan sonra bir kitab şəklində toplayıb
çap etdiribdir. Qara Məcmuədə Şeyxin xangahında keçirilən Türkcə dərslər, öyüdlər
və nitqlər yer almaqdadır. Həmən kitabda yerləşdirilən şeir və nəsr örnəklərinin
Türkcəmizdə olması, sayın Güntay Gəncalpın "Səfəvilər
dövləti Türk dilini məhv etdi" sözünü, kökündən rədd etməkdədir. Şeyx Səfiyəddinin Nəcəf şəhərinin
Əmir-əl Mömenin kitabxanasında saxlanılan "Məsnəvi Şərhi "isə
Türkcədə yazılıbdır (bax, Qara Məmuə, Prof. Hüseyn Seddiq, Müsəheh nəşriyyatı, ön
söz ) .Şeyx Səfiyəddinin Qara Məcmuəsindən
verilən parçaları Prof. Faxir İzin "Əski Türk Ədəbiyyatında Nəsr" kitabında da oxumaq olar. Güntay Gəncalpın
bu kitabı oxumadığı və görmədiyi normaldır. İran və Güney Azərbaycanda
yaşamayan və burada basılan yeni kitabları oxumayan araşdırmaçının Səfəvilərin
Türkcəni məhv etməsini kəsin və kəskin şəkildə vurğulamağı yalnız qeyri səmimilik,
qərəzlilik, obyektivlikdən uzaqlıq və elmi araşdırmaçı olmaqdan çox, İdeologiya
qulluqçularının tutduğu mövqeyi xatırladır. Şeyx Səfiyəddinin xangahında
keçirilən Türkcə nitqlər və danışıqlardan bir neçə parçanı qeyd etmək zərurəti
hiss olunur. Həmən yazılarda könül, gibi, kəndi, şu, bulunmaq, ayıtmaq və ərən
kimi sözlərin qeyd olunması Sayın Gəncalpın “Səfivlərdən
sonra qeyd olunan sözlər dilimizdən çıxarıldı”
fikrini rədd etməkdədir.
“Və dahı, hər kim bu vəsiyyətləri dinləyib, mocebincə
(lazımınca) əməl edərsə, ol mənim dostumdur, mən ondan xoşnud oluram,
yarın, haqqin cəmalını kəndisinə göstərirəm”.(Qara
Məcmuə, əlli səkkizinci səhifə)
“Şeyx Sədrəddin həzrətləri yenə sual edib ayıtdı: ya şeyx! Talibin könlü necə olunca pak olur ?”(həmən qaynaq, altmış ikinci səhifə)
“Bizə dahı ərənlərdən
yadgar qaldı”.(həmən qaynaq, əlli doqquzuncu səhifə)
”Bir kişi səcdə tərk eləsə, Həq Təala həzrətinə übudiyyət və pərəstiş etməmiş
olur və Şeytan gibi mərdud olur”.(həmən, altmış üçüncü səhifə)
”Şu nişanlar kı dedim, hər kimdə bulunursa,
əhli haldır ” (həmən qaynaq, doxsan ikinci səhifə)
Sayın Güntay Gəncalpın “Səfəvilər dövrü Türkcəmiz məhv
olmaya və Farsca yüksəlməyə başladı” fikrini, böyük Türkoloq alim Prof. Turxan
Gəncəlinin “Səfəvilər Dövründə Türk Dili” məqaləsi darmadağın etməkdədir. Rəhmətlik
dilçimizin Alman, İtaliyan, Engilis və Avropa dillərindən göstərdiyi
qaynaqlarda Türkcənin Səfəvi sarayları və dövlət başçılarının danışıq və yazı
dili olması barədə olduqca ilginc bilgilər var. Səfəvilər Dövrü və hətta İsvəhan
şəhərindəki xristiyan rahiblər orada rahat yaşamaları üçün Türk, Fars və
İtaliyancada sözlük hazırlamış imışlar. Şah Abbas isə Məsnəvinin Türkcəyə tərcümə
edilməsini əmr etmiş imiş. Prof. Turxan Gəncəlinin Pietro
Della Valle (Italiyalı səyyahın
dediyinə görə, ümumiyyətlə İranda Türkcə danışılır və
buna görə İtaliyaya qayıtdıqdan sonra Türkcənin grammatikasını yazaraq bu dilin
Osmanlı, İran və Orta Asiyada tutduğu üstün qonumdan danışır), Adam Olearius
(Almanlı səyyahın yazdıqlarına görə İran, İraq, Şirvan, Bağdad, İrəvan və Azərbaycandakı
bir çox uşaqlara Türkcə öyrədilir və İsvəhan sarayında isə çox nadir hallarda
Farscada danışılır) Chevalier Chardin, P. Sanson, Raphael du Mans, Engelbert
Kaempfer, A . Brdoroligeti kimi səyyahların əsərlərinə istinad edilən məqaləsini
oxuduqdan sonra, Güntay bəyin necə də qərəzli, qeyri akademik və ideologiya
buruıqanında boğulan bir araşdırmaçı olduğunu aydıncasına görürük. Yuxarıda adı
gedən Avropalı səyyahların heç birinin yazılarında Səfəvilər dövrü Türkcənin
Farscaya yenilməsi və məhv olması barədə bilgi və məlumt olmadığı halda, sayın
Gəncalpın böylə kəsinliklə danışmasının illəti, onun qərəzli, aşırı millətçi,
qeyri akademik və tarixçi olmadığında görmək olar. Səfəvilər dövrü Güney Azərbaycan
və İranı gəzib dolaşan Avropalıların yazdıqlarında Səfəvilərin Türk dilinə
qarşı hər hansı bir qərəz və nifrət daşımasına bilgi verilməməkdədir.
Şah İsmayılın və Səfəvilərin Türk
dili düşməni olduğunu iddia edən yazara belə bir sual vermək olar. Şah İsmayıl
Türk dili düşməni olduğunu Füzuli bilmədiyi və yazmadığı halda, sən hardan
bildin ? Bağdad şəhərini fəth etdikdən sonra Bəngü-Badə əsərini Şah İsmayıla
sunan Füzuli, niyə öldürülmədi ? Şah İsmayılın yazdığı şeirlər divanını hansı
illətlərə görə daırsınız ? Nüsxəşünaslıq üzrə hansı akademik bacarıq və
uzmanlığa maliksiniz ?
Səfəvilər dövrü isə Türkcəmizdə şeir
yazan Məsihi, Qosi, Mələk bəy Avcı, M.Qulu Xan Zəfər, Saeb Təbrizi və Füzulini
ad aparmaq olar. Şeyx Səfeyəddin və Şah İsmayılın şeirləri isə bu günə qədər ədəbiyyatımızın
xəzinəsində qalmaqdadır. Bunca qaynaq və bəlgələri danan araşdırmaçı, özünün xəbəri
olmadan Pan- Farsizm ideologiya spekerinə çevrilir.
Modern İranda Ana Dilimizi məhv edə
bilməyən dövlətlərin uğursuzluğunu görüncə, Səfəvilərin dilimizi korlaması və məhv
etməsinin yalan və gerçəkliyə uymayan bir fikir olduğu görünməkdədir. Güntay bəy,
Rza Xan Pəhləvinin (Türk idi) İrandakı başqa kimlikləri məqsəd yönlü şəkildə
assimilasiya siyasəti ilə məhv etmə proyektini boşlayıb, at üstündə və
xangahında şiə təməlçiliyi ilə uğraşan Şah İsmayıl Səfəvinin yaxasından
yapışmasının heç bir elmi izahı yoxdur. Güntay bəy, Fars irqçilərinin gülüş
doğuran fikirlərini başqa şəkildə təkrarlamağa başlayır. Pan-Farsistlər Türklər,
Monqollar və Ərəblər böyük və əzəmətli Fars sivilizasiyasını məhv edib İranı
Türkləşdirib, müsəlmanlaşdırdılar deyirlər. Gəncalp bəy isə, “Səfəvilər
Türk dili və Türk kimliyini məhv etdilər” deməsi hər iki Nasionalistərin ortaq məxrəci üzə
çıxarır.
İkinci Bölüm-Səfəviçilik, YAPçılıq, Türkçülük və Azərbaycançılığa
sığmır
Səfəvi impratorluğunun ideoloji kökü Şiə məzhəbində olduğu
üçün, onu Quzey Azərbaycan Sekyular dövlətinin özülü kimi təqdim etmək düzgün
deyildir. “Osmanlının içindən Atatürk və
yeni Türkiyə çıxdı” deyən Güntay bəy, təmami ilə yanılır.
Atatürk və Yeni Türkiyə dövlətinin Osmanlı ideologiyası və
kimliyi ilə büsbütün ayrı və zidd olduğunu görmək, çox da çətin məsələ deyil.
Osmanlı və Sünni kimliyindən qopuş Atatürkün amaclarından biri olduğu halda,
onun bu mirasla apardığı savaşı nəzərə aldığımızda, Güntay bəyin “Osmanlı içindən
Türkiyə və Atatürk şəxsiyyəti doğuldu” fikrinin təmami
ilə yanlış olduğu anlayacağıq.
Sayın yazarın Səfəvilər kitabında
Osmanlı dövlətini öyüb Səfəviləri qeyri-elmi şəkildə qınaq və tənqid atəşinə
tutmasının əsas səbəbi yazarın tarixə Nasionalizm ideologiyası gözlüyü
arxasından baxmasındadır. İrandakı Pan-İranist və Pan-Farsist araşdırmaçılarla
Güntay Gəncalp və YAP ideologlarının ən oxşar cəhəti aşırı dərəcə də Soy, İrq,
Dil və Kimliyə olan heyranlıqla yanaşı
tarixi Türkçülük və Farsçılıq ideologiyaları araclığı ila oxumalarındadır.
Keçmişin nostalegiyasında qalmaq Nasionalist araşdırmaçıların ortaq məxrəcidir.
YAPçılar və Güntay bəyin Türk Milləti,
Azərbaycan Dövləti kimi modern qavramları orta doğunun orta çağında
axtarmasının heç bir elmi əsası yoxdur. On altıncı əsrdə Asiya deyil, heç
Avropada Millət və Millətçilik terminləri gündəmə gəlməmişdi. Səfəvilər,
Osmanlılar və Avropa kütləsinin böyük əksəriyyətinə RƏIYYƏT deyilirdi, MİLLƏT
yox. Azərbaycandakı araşdırmaçıların yersiz şəkildə “Səfəvilər, Azərbaycan dövlətçiliyini qurdular” fikri tarix və siyasi terminologiya
sahəsində azacıq bacarığı və mütaliəsi olan birisinə qeyri-addi fikirlər kimi səslənəcəkdir.Birincisi,
Səfəvilər Dövlət (state) deyil, impratorluq olub və ikincisi isə Səfəvi
impratorluğu içində Millət yox, RƏIYYƏT yaşayırdı. Orta Doğuda məzhəb və siyasi
güclərin savaşı gedən çağda on altıncı yüz illik Avropasında da Katolisizm və Protestan
məzhəbləri arasında savaş gedrdi. On altıncı
yüz illik,
Avropa və Orta Doğu tarixində İmratorluqların yüksəlişi və
məzhəblər savaşının ən qızğın anlarını yaşamaqda idi. Yeni Dövlət-Millət inşa
etmək isə, on doqquzuncu yüz illiyin məhsuludur. Səfəvi-Osmanlı məzhəb
savaşları kimi Avropada Westphali andlaşması
ila (1648) otuz illik məzhəb savaşlarına son
qoyuldu.
Bu günləri Orta Doğunu bürüyən məzhəb
savşlarının kökü, islam dinin radikallığı və siyasi bir din olması ila yanaşı
bütün ölkələrin Modern Dövlət-Millət inşa etmək proyektlərinin uğursuz və
sonucsuz olduğundadır. Orta Doğu dövlətlərinin (on doqquzuncu yüz illikdən
etibarən) xalis, öz və qatqısız Millət anlayışının iflasa uğramasının əsas səbəbi
Kimlik qavramına Nasionalizm ideologiyası və İslam Dini aspektindən baxaraq,
kimliyin əlvanlığını məhv etməyindədir. Bu arada Orta Doğuda Demokratikləşmə və
Sekyularlaşmanın qabağında duran təməlçi dini görüşlər və mühafizəkar dünya
görüşünün rolunuda unutmamalıyıq.
Şah İsmayıl və Səfəvilər dövrü millətçilik
ideologiyasının heç bir anlamı və izi olmadığı halda onları Türkçülüyü,Türk
dili və Türk kimliyi ilə düşməınlik etməsi üstə baş yarmaq, Nasionalizm
qazanında qaynayan beyinlərin məhsuludur. Yuxarda qeyd etdiyim kimi,
Kaşğarlıdan Qacarlılara qədər Türk dili öz həyatını sürməyə davam etmiş imiş.
İranda Modern Nasionalizmin Rza Xan Pəhləvi timasalında canlanması ilə dilimiz
və kimliyimizə divan tutmağa başladılar.Səfəvi şahları isə siyasi güc və Şiə məzhəbi
yolunda qılınc çaldığı kimi, Osmanlı şahlarıda siyasi güc və İslam (sünni məzhəbi)
yolunda qan tökübdülər. İranda Şiəliyin milli kimlik bağlarını möhkəmləşdirməsinin
danılmaz fakt olduğu halda, Güney Azərbaycanlıların Məşrutə dövründən günümüzə
qədər İran bütövlüyünə iki-üç dəfə sarsıdıcı zərbə vurmağını və hətta bu
coğrafiyadan qopuşunu göz önünə aldığımızda, Güntay bəyin fikirlərinin özülü
axsamağa başlayacaq. Məşrutə, Xiyabani və Pişəvəri zamanı Güney Azərbaycan milləti
Şiə deyildilərmi ? Siyasi-İctimai məsələləri bir etkən işığında analiz etmək,
ideologiya qulluqçularının işidir.
Güntay bəy, Səfəvilər kitabında
istifadə etdiyi qaynaqları ya oxumayıb ya da onlardan amaclı və bir tərəfli şəkldə
Səfəviləri təxrib və Osmanlıları günahsız kimi göstərməyə çalışıb. Osmanlı və Səfəvi
savaşları zamanı yalnız Sünnilər qətliam edilməyiblər. Osmanlılarda Güney Azərbaycanlıları
kütləvi şəkildə qətliama məruz qoyubdular.Şah Məhəmməd Xudabəndənin şahlığa
başladığı andan iki il sonra alovlanmağa başlayan Səfəvi-Osmanlı savaşları zamanı
Osmanlıların Təbriz Türklərini qətliama məruz qoyması bir çox qaynaqlarda göstərilibdir.
Qumlu Qazi Əhməd, “Xülasət-ül
Təvarix”
kitabında Osman Paşanın Təbrizi fəth
etdikdən sonra yeddi-səkkiz minə yaxın günahsız insanları qılıncdan keçirməsini
qeyd edir (birinci cild 89-788-)Tarix-e Aləm Araye Abbasidə (birinci cild, üç yüz
onuncu səhifədə) Osmanlı ordusunun Təbrizi fəth etdikdən sonra şəhər sakinlərin
qətliama məruz qalmasını yazılır.
Tarixə Nasionalizm ideologiyası açısından baxmaq yerinə,
tarixi obyektiv araşdırmaçı kimi analiz etmək lazımdır. Böylə fikri məsələrdə
ortaq məxrəcə ya nisbi şəkildə həqiqətlərə çatmaq üçün mücadilə, müharibə və
mübahisə yerinə Diskurs mədəniyyətinin təməllərini gücləndirməliyik.
الفباسیندا کیچیک متن، یازانین آدی، و غیره. متن لاتین الفباسیندا اولسا، اونو بورادا یازین
No comments:
Post a Comment