May 3, 2014

Nadirə romanı qısa baxış

Yədulla Kənani - Nəminli


Azərbaycan xalqının mübariz oğlu S.C.Pişəvərinin fars dilində yazdığı iki böyük həcmli ədəbi əsərindən biri olan “Nadirə” romanının ana dilimizdə tərcüməsini bitirdiyim üçün bir hissəsini qısa bir baxışla Sürgündə Güney Azərbaycan(İran) qələm əncəməninin dəyərli heyət üzvlərinə və bütün qələmdaşlarıma təqdim edirəm. Əlbəttə bu roman çap olunduqdan sona bütünlüklə əncümənin ixtiyarına veriləcəkdir.
Dərin hörmətlə           

Nadirə romanında S.C.Pişəvəri irminci əsrin birinci onilliyində ölkənin fəlakətli vəziyyətini Nadirə adlı bir qadının dililə gözəl və axımlı şəkildə fars dilində bəyan edir.
Nadirə oprazı, o dövrkü  ziyalı qadınlarının birisinin simasını canlandırır. Nadirə bir tacir ailəsində düyaya göz açmasına baxmayaraq, o da o dövrdəki başqa qadınlar kimi heç bir hüquqa milik deyil.
Bu roman həm şərq və həm də Avropa romanları üslubunda yazılmışdır. Misal olaraq, sevgi və şirinlik cəhətdən Əmir Ərsəlan romanına bənzəyir, yəni cəlbedici romandır. Nadirənin yazdığı məktublar isə Avropa üslubunda yazılan romanları xatırlayır.
Yuxarıda deyildiyi kimi Pişəvəri çox ustalıqla ictimaiyyətin bütün problemlərini oxucuya təqdim edir. Missal üçün İran ictimaiyyətidə bir patrialkal  cəmiyyətinin törədiyi fəsadlardan bəhs olunur, yəni qadın heç bir ictimai və fərdi hüquqa malik deyil. O, lənətlənmiş bir mövcud olaraq yalnız kişinin ixtiyarında olmalıdır. Hətta o, sevməyə belə ixtiyarı yoxdur. Ailədə kişi hakimi mütləqdir, qadın və ya qızını kimə istəsə, verə bilər. Qadının nə ixtiyarı var ki, sevmədiyi halda etiraz edə bilsin? Bir sözlə demək olar yox, qadın etiraz edə bilməzdi.
Bu romanın ana xəttni bir qrup tacirlər arasında gedən  iş birliyin və iyrənc əlaqələrin olması təşkil edir. Yəni onlar arasında Avropada təhsil alan insanların mal-dövlətini əllərindən almasına necə fitnəkarlıqla mürtəce tacirlər tərəfindən plan cızıldığı çox incəliklə şərh edilir.
Habelə Avropa görmüş insanların sovğat gətirdikləri Avropa mədəniyyəti ilə geri qalmış və mövhumatçı mədəniyyətinin toqquşmasını gözəl bir bəyan ilə oxucuya nümayiş etdirir. Mövhumatçı tacirlər bu mədəniyyəti islam mədəniyyətinə qarşı bir mədəniyyət  görərə, onun daşıyıcıları ilə kəskin şəkil də mübarizə aparırlar.
Pişəvəri bu ailələrdə qadınlara olan zorakılıqları Nadirə xanımın yaddaşları əsasında ağrılı-acılı formada Gülsüm, İffət, Mehrəngiz, Əqdəs və Mina kimi şəxslərin dililə
oxucuya təqdim edir.
Həmçinin bu qadınların sevgilərindən danışaraq, sevdikləri insanların adlarını bəyan etməyə cəsarətləri olmadığını bütün təfərrüatı ilə izah edir.
Bu roman da Avropada təhsil almış qadınların simasında İran xanım kimi tədbirli və Nadirənin tərbiyəsi ilə məşğul olan qadını bir nümunə olaraq sağlam cəmiyyətin yetişməsi üçün mühüm şəxsiyyət olmalarını, habelə qadın savadsızlığının cəmiyyətdə törətdiyi fəsadları bütün incəlikləri ilə şərh edib və qadınların təhsilə yiyələnməsini birinci vəzifə kimi izah edilmişdir.
Pişəvəri qadın problemləri ilə yanaşı, ölkədə aclığın, səfalətin törətdiyi fəlakətləri,  və bu ağır durumda şəxsi mənfəətləri naminə möhtəkir tacirlər ərzaq mallarını anbarlarda gizlətdiklərini və süni şəkildə ərzaq qıtlığı yaratmaqla, daha da vəziyyəti  ağırlaşdırmaqda oynadıqları rolu bütün acılığı ilə yazır. Aclıq və səfalət insanları necə bir-birinə düşmən etdiyini, yırtıcı bir heyvana çevirdiyini və öz həm növunun ətini yeməsini şərh edir.
Son olaraq bütün dəyərli oxucular bu romanın oxumasını tövsiyə edirik.
Yədulla Kənani(Nəminli)  


Ata, oğul, mirzə
Hacı Qasım həmişəki kimi bir neçə dəfə möhkəm öskürdükdən sonra  otağa daxil oldu. Mirzə Ələmdar onu görən kimi tez ayağa qalxaraq hörmətlə təzim edib və yenə də iş masasının arxasında oturub həmişəki idarə işləri ilə məşğul oldu. Bir neçə dəqiqədən sonra uca boylu, gözəl və yaraşıqlı bir oğlan qapıdan içəri girərək əlindəki büllur qəlyanı hacının qabağına qoyub və bir neçə adım geri çəkilərək qulluqçular kimi əl-əl üstə qoyub onun əmrini gözlədi.
Hacı qəlyanın götür və deyir:
-  Sağ ol! Həsənağa, bu işin xoşuma gəldi. Fikrimcə artıq səhv və yanlış işləri buraxıb ticarət məşğul olmaq istəyirsən. Sənin üçün də münasib bir iş nəzərdə tutmuşam. Qardaşın kimi həyatında sənə də geniş meydan açılacağını istəyirəm.
Amma Həsənağanın fikri tamamilə başqa yerdə idi. O, hacı Qasımın gözlənilməz lütf və təbəssümünə məhəl qoymayıb, gözaltı qozbel hacıya və mirzə Ələmdarın bədheybət heykəlinə baxıb və özünü elə göstərdi ki, atasının sözlərini diqqətlə qulaq asır. Halbuki, o, ancaq hacının əlindən qurtarmaq istəyirdi. Çünki,  başqa yerdə onu  səbirsizliklə gözləyən  zərif və incə bir mövcud ilə görüşməyə tələsirdi. Ona görə də hacı Qasımın sözlərinin qarşısında sükut etməkdən başqa çarəsi yox idi. Hacı Qasım da oğlunun sükutunu, onun nəzərdə tutduğu işə razılıq verməsi kimi düşündü. Belə güman etdi ki, onu istədiyi işə sövq etdirə biləcək və bu səbəb dən də sözünə davam etdi:
-  Oğul, idxal və ixrac üçün sənə ofis açmağı nəzərdə tutmuşam. Bu işin öhdəsindən gələ biləcəyini bilirəm. Bu sənin zövqünə uyğun bir işdir.  Əvvəla öyrəndiyin xarici dili unutmazsan, ikincisi isə sənin işinə kimsə müdaxilə etməz. Ona görə də  özün üçün sərbəst və azad bir şəxs olarsan.  
Həsənağa atasının sözünü cavabsız qoymasın deyə, ədəb və nəzakətlə əyilib təzim edib və dedi: 
- Siz necə buyurursunuz, elə də olacaq. Əmin olun ki, keçmiş xasiyyətlərimin hamısını tərk edib və onları unutmağa çalışıram. O əlçatmaz arzular və xəyalların fikrindən bir dəfəlik daşınmışam. Mən indi bir tacir oğlu tacirəm. Bütün fikir və düşüncələrim ancaq bu mövzu ətrafında dolaşır. Siz bunun yaxşı bir iş olduğunu deyirsiniz, əmin olun ki, göstərişinizə əməl edəcəyəm.
Hacı oğlunun ikibaşlı sözünü başa düşməsə də, xoş əhval-ruhiyyə ilə onu təşviq etmək üçün dedi:
- Əlbəttə ki,  səndən bunu gözləyirdim. Məni ümidvar etdin. Daha əvvəlki uşaq hərəkətlərin üçün narazılığıma səbəb qalmadı. Afərin!  Oğul gedə bilərsən. Bu gecəni istirahət elə, sabahdan yeni işinə başla.
Həsənağa bir də təzim edib, otaqdan çıxdı. Amma hacının tapşırığına əməl etmək əvəzinə tələsik görüş yerə tərəf yürüdü.
Hacı da qəlyanın müştüyünü dərindən sümürərək, mirzə Ələmdarın arıq barmaqlarına baxıb və ləzzət apararkən özü-özünə dedi:
- Deməli, Həsən də yola gəldi. Heydər Əli(hacının böyük oğulu) öz işlərində gözüaçıq və diqqətli olmasına baxmayaraq, etiraf etmək olar ki, işin bütün ağırlığı bu eynəkli qocanın çiynindədir. Əgər bu kişi olmasa, bütün işlərim qarışar.
Camaat nə qədər boşboğazlıq edir-etsin, mən bu keçmiş ata-baba adət-ənənələrindən əl çəkməyəcəyəm. Mirzə Ələmdarın bu rəngli qələm, mürəkkəb qabı və soğan rəngli cildli dəftər, mənə xeyr bərəkət gətirir.
Mən bu arıq aba-qəba geymiş adamın bir tükünü minlərlə qərbpərəst və qalstuklu cavanlarla dəyişmərəm. Qoy, onlar gəlinciklər kimi bəzənib, saçlarını tumarlasınlar. Qoy, bu qərbpərəstlər boş başlarını 3 yaxud 6 aylıq və ya illik intizamsız hesabat dəftərlərinin içərisində itirsinlər. Mən mirzə Ələmdarın işini bəyənib və onun hesabat dəftərlərini müqəddəs sayıram. İndi deyin görüm, onların müxtəlif dəftərlərindəki yazılarından baş açmaq olar? Halbuki, tez bir zamanda mirzə Ələmdarın dəftərindən hər cür hesabatı öyrənmək olar. İşlərinin ləng olmasına baxmayaraq, onların maaşları yüksək olur. Amma mirzə Ələmdar 15 tümən maaşla həm katiblik, həm hesabat işlərimi görür və həm də idarənin xidmətkarıdır. Deməli, mən gərək o qədər ağılsız olum ki, qızıldan qiymətli barmaqların qədrini bilməyim.
Camaat deyir ki, Ələmdar ağılsızdır. Amma mən ondan ağıllı işçi tapa bilmirəm. 15 il tamam həmin peşəsində işləməsi və mənim kimi adamın etibarını qazanması onun ağıllı olmasına dəlalət edir. 
Hər-halda mirzə Ələmdar dərin bir ziyalı və mütəfəkkir olmasa da, amma barmaqlarının sürətlə hərəkəti hacının fikrini özünə cəlb etmişdi. Bu əsnada əgər mirzə Ələmdar başını qaşımaq üçün qələmini yerə qoymasaydı, bu xüsusda hacının əfkarı saatlarla davam edəcəkdi.
Amma mirzə Ələmdar nəhayət ki, işini qurtarıb və başını qaşımaq üçün qələmi yerə qoyub, hacıya müraciət edərək dedi:
- Hacı ağa məni bağışlayın! Əhmədağanın işləri ilə məşğul idim. Çünki sizə məlumdur ki, bu işin tez bir zamanda bitməsi vacib olduğu üçün gecikdirmək olmazdı.
Hacı müştüyü ağzından çıxarıb mülayim səslə cavab verdi:
- Hə! Yadıma saldığın üçün sağ ol. Əvvəla de görüm onun nə vəziyyətdədir? İkincisi bu gün onu görüb və mövzu barədə onunla danışa bildin?
Mizə Ələmdar hesab makinası kimi hər bir mühasibata cavabı olduğu üçün tez dedi:
- Bəli, hacı ağa!  10 min manatdan əlavə bu gün hər bir manat üçün 3. qran(qəpik) aldım. Yəni 10000 tümən bir, 2500 tümən bir, iki dəfə 4000 tümən və qənd tələbindən 4000 çıxmaqla yenə də ondan 11000 tümən tələbimiz var. O, cari ayın içində  bu borcun bir çox hissəsini ödəməlidir. O, ödəmək üçün bu ayın sonunadək vaxt istəyirdi, amma icazəm olmadığı üçün söz vermədim. İşi elə də ürəkaçan deyil, qorxuram getdikcə vəziyyəti daha da pisləşə. Çünki bir neçə nəfər tələbkarı da əliboş qaytarıb. Yalnız israrla Rus pullarını ala bildim.
O gecə hacı Qasım söhbətcil və səmimi nəzərə gəlirdi. Mizə Ələmdarın cavabında belə dedi: 
- Ələmdar manatları almağın çox yaxşı oldu. Axmaq qərbpərəst kişi sonda mütləq müflisləşəcək. Çünki öz nizam-intizamsızlığının cəzasını çəkəcək. Axmaq elə bilir ki, İran da qərb kimidir. Zavod və müxtəlif müəssisələr, o cümlədən avtomobil, ofis, park açır. Cürbəcür xidmətçilər işə götürür. Doğurdan da axmağın biridir. De görüm daha nə xəbər? ağa mirzə.
Mirzə Ələmdar:
- bu gün teleqrama almışam. Mirzə Mehdi İsfahandan hərəkət edib, Teleqramda yazır ki, bacısı oğlu Əhmədağa üçün möhlət istəyib. Sabah yox o birisi gün gəlib çatar.
Bu hiyləgər və soysuz adam haradan tapıldı?! Ağa mirzə onun barəsinə nə fikirləşirsən?
Ələmdar:
- indiyədək haqq-hesabı düz olmuş. Amma bildiyiniz kimi camaat arasında hörmət-ehtiramı yoxdur. Əlbəttə siz onu hamıdan yaxşı tanıyırsınız.
Hacı Qasım:
- Əli mən mirzə Mehdini yaxşı tanıyıram. Çox bic və hiyləgər adamdır. Baxmayaraq ki, bu günlər işləri yaxşı gedir, lakin qardaşlarının hamısı şarlatan və natəmiz adamlardır. İndiyədək onlardan doğru-düzgün bir söz eşidilməmişdir. Hər gün bir cildə girib və çörəyi gün hesabına yiyən adamlardır. Onlar günəbaxan cinsidirlər. Neçə il bundan əvvəl Ərəb və Ənsar(peyğəmbərin köməkçiləri) tayfasından olduqlarını iddia edirdilər. Amma bir müddətdən sonra özlərini Ərdəbilli və ya isfahanlı kimi göstərirdilər. İndi  eşitmişəm ki, Rus vətəndaşı qafqazlıyam deyirlər. Hər-halda kim olduqlarını görəcəyik. Biz də uşaq və cahil adam deyilik. Mirzə daha, nə eşidibsən? Mən də bu gün isə, hücrəyə(ticarət mərkəzi) gedə bilmədim.
Ələmdar:
- Günortaya yaxın bir gövdəli adam gəlib sizi soruşaraq dedi ki, hacı ilə işim var, fikrimcə Rüstəmi idi. Adı da hacı Əbdülsəməd Rəşti idi.
Hacı Qasım:
- Aha....! tanıdım, kök və gövdəli adamdır? Yəqin ki, siqaret çəkir, yaxud bir şey yeyirdi. gülmürdü?
Ələmdar:
- Təsadüfən hər üç işi də görürdü. Oturan kimi siqaret çəkdi. Hər bir sözdən sonra gülürdü. Gedəndə də ağzı işləyirdi, elə bil ki, bir şey yeyirdi?
Hacı Qasım:
- Rəşt əhalisinin bəziləri axmaq adamlardı. Xüsusilə yaşlı vaxtlarında, qərbpərəst hacıları deyirəm. Onlar qalstuk taxmaqdan və ətir vurmaqdan xoşları gəlir. Yaxşı nə deyirdi?
Ələmdar:
- Sizinlə vacib işi olduğunu dedi. Xarici İşlər Nazirliyinin işçisi Cəmşid xanın evində qaldığını söylədi. Dedi ki, nə vaxt istəyirsəniz ona telefon aça bilərsiniz. Telefon nömrəsi ....
Hacı Qasım:
-  Çox yaxşı, sabah səhər tezdən ona zəng vurub deyərsən ki, gəlib məni görün. Axmaq olmağına baxmayaraq, pis adam deyil. İşləri də yaxşı gedir. Daha nə xəbər?
Ələmdar:
- Hacı ağa! Manatın qiyməti 10 şahı aşağı düşüb, camaat qorxu içindədirlər, deyirlər ki, Rusiyanın vəziyyəti düzələn deyil. Bütün manatlar bazara çıxarılıb.
Hacı:
- Ay mirzə sən ki, bu qədər sadəlövh adam deyildin? O böyüklükdə dövlət heç vaxt pulunun etibardan düşməsinə icazə verməz. Bunların hamısı Almaniyalıların uydurmalarıdır. Sabah nə qədər manat ala bilsən al.”
Ələmdar:
- Almasına alaram. Amma bu işin axırını yaxşı görmürəm. Ərzaq mövzusu da mühüm mövzulardandır. Təbriz, Xorasan və Şirazdan yazılar ki,  ərzaq qıtlığı yaranıb və qiymətlər gündən-günə bahalanır. Nə təklif edirsiniz? ”
Hacı:
- Bunu bilirdim. Bu gecə yubandırdığımın səbəbi də budur. Onlara söylə ki, nə qiymətə olursa-olun ərzaq almaqdan çəkinməsinlər. Amma bizdən xəbərsiz bir qram da satmasınlar. Əhmədağada olan tələbdən  də nə qədər ala bilirsən, al. Amma elə etmə ki,  özünü yerə vurub və müflisləşdiyini söyləsin. Hələlik səninlə işim yoxdur, ola bilsin ki, sabah günortadan sonraya qədər Hücrəyə gələ bilməyim. Xüsusilə ərzaq və əsginas işini yaddan çıxarma.”
Hacının yuxarıdakı tapşırığı ilə mirzə Ələmdar bir rahat nəfəs aldı. Çünki söz-söhbət bitmədən heç vaxt hacı sonuncu göstərişlərini verməyəcəyini o, yaxşı bilirdi. Elə belə də oldu. Çünki hacı bu tapşırıqdan sonra, yerindən qalxıb getməyə hazırlaşdı. Beləliklə mirzə Ələmdar da getmək üçün ayağa qalxdı.
Qapı ağzında yenidən hacı qayıdıb təbəssümlə dedi:
-Doğurdan ağa mirzə! Eşitmişəm Allah sənə bir başqa qız uşağı da bəxş etmiş. Qədəmləri xeyr-bərəkətli olsun,  inşaallah.
Mirzə Ələmdar utancaq halda cavab verdi:
- Bəli, kənizlərinin sayının biri də artdı. Allah sizi uzun ömürlü eləsin.
Hacı:
- Eybi yoxdur! Nigaran olma, " Diş verən, çörəyin də verər." demişlər. Mən qızının qədəmlərini bərəkətli görürəm. Onun gəlişi üçün bu ayda sənin maaşına iki tümən artırıram. Allah böyükdür.
Ələmdar:
- Allaha şükür edirəm ki hacı  kimi sahibkarım və böyüyüm var. Allah sizin kölgənizi üzərimizdən əskik eləməsin.
Beləliklə sahibkar və mirzənin söhbətləri başa çatdı. Hacı, Ələmdarın səmimi-qəlbdən təşəkkürü müqabilində səxavətə gələrək, ikinci dəfə qalın və qara dodaqlarında təbəssüm göründü,  bu isə Ələmdar üçün çox qiymətli bir töhfə idi.
Ələmdar da bu gözlənilməz nemətdən çox sevinərək yenidən hacıya öz təşəkkürünü bildirib və onunla vidalaşaraq evinə tərəf yola düşdü. Həmçinin o, maaşının artırılması ilə əlaqədar Qardaşından da yaxın olan mirzə Nəsrullanın mağazasından uşaqları üçün bir miqdar şirniyyat və çəp-çərəz alıb evə apardı.

Ziyafət gecəsi
 Qiymətli kaşılar, əlvan şüşəli pəncərələr, antik çini güldan və qab-qacaqlar, İranın qədim əl xalçaları, çox nadir və  qiymətli əşyalar sayılırlar. Bunlar münasib şəraitdə mühitin gözəlliyini daha da artırıb və ev sahibinin cah-calalını nümayiş etdirirlər. Halbuki, hacı Qasımın evində bu əsərlərin yoxluğu onun evini bir xarabazarlığa, yaxud bir əski məbədə və ya ən yaxşısı köhnə bir məqbərəyə çevirmişdi, bu da insanların zehnində o məkanlardakı xatirələrini canlandırırdı.  sanki, ev sahibinin, yəni hacı Qasımın geri qalmış fikir və səliqəsinin ruhu bu əşyaların içinə  hoparaq, onların təravət və zərifliyini aradan aparırdı. Beləliklə ordibeheşt ayının(yazın ikinci ayı)  ruhoxşayan mülayim küləyi başqa yerlərə əsən kimi hacı Qasımın evinin yorucu həyətinə də əsirdi. Bu nəsim ancaq qadınların asdıqları yuyulmuş paltarlarının və səliqəsiz  əkilmiş qızıl güllərin kollarının üzərindən əsərək, onların mülayim və xoş iylərini ətraf mühitə yayırdı. Lakin təəssüflər olsun ki, rütubətli otaqların, qaranlıq zirzəmilərin və səliqəsiz həyətin üfunətli qoxusu insanları o ürəkaçan təravətli ətirlərin qoxularından bəhrələnməyə mane olurdu. Əlbəttə bunlar əsla hacı Qasımı narahat etmirdi. Çünki  o, belə şəraitə adət etmişdi. Ümumiyyətlə belə bir mühitdə  çəkinmədən o, öz qonaqlarını qarşılayıb və ziyafət verirdi. 
O, gecə isfahanlı mirzə Mehdi, rəştli hacı Əbdülsəməd və tehranlı Əhmədağa ziyafət gecəsi adı ilə hacı Qasımın evində qonaq idilər. Əslində onlar ticarət işlərini qaydasına salmaq üçün dəvət olunmuşdular.
Yazın qısa gecələri qonaqlıq üçün elə də münasib deyil, Xüsusilə gün çıxmamış səhər tezdən işə gedən insanlar üçün daha da ağır olur. Lakin buna baxmayaraq, yuxarıda adı çəkilən şəxslərin hər biri müəyyən səbəblərə görə o gecə ziyafətində iştirak etmişdilər.
Hacı Qasım tələbini və mirzə Mehdi bu məsələni həll edib tez İsfahana qayıtmaq istəyirdi. Əhmədağa isə mümkün qədər müflisləşməsinin qarşını almaq istəyirdi. Bu arada rəştli hacı Əbdüləmədin vacib bir işi olmadığı üçün oturmaqdan narahat deyildi. Çünki sabah günortaya qədər yata biləcəkdi.
Hər-halda təbiət öz istəyindən əl çəkmir. İnsan  zəhmətsiz əski adətini bir dəfəlik tərk edə bilməz. Bu üzdən də insan adi mövqedə müəyyən vaxtadək yatmağa adət etmiş, amma bir vaxt məcburiyyət qarşısında köhnə adətinin əksinə əməl edərsə, o vaxt bu iş onun üçün çətin olar. Necə ki, o gecə yarıdan keçdikdə bütün məclis iştirakçılarını yorğunluq hissi bürüdü. Buna baxmayaraq, onların hamısı yaxşı bilirdilər ki, bu vəziyyətə dözməkdən  başqa çarə yoxdur. Doğrudur adət-ənənəni qorumaq lazımdır, lakin onlar hələ öz əsas məqsədlərinə nail olmayıb və heç bir nəticə əldə edilməmişdir. Elə bu üzdən də bir saat qabaqdan mirzə Mehdi belə bir şəraitdə nə etmək lazımdır? Sualı qarşısında düşünürdü. Bu səbəbdən də axırda özü-özünə dedi: “  Belə olmaz! Nəhayətdə bu işə son verib bir nəticəyə çatmaq lazımdır. ”  O, sözünə sahib çıxan adam olduğu üçün dərhal məclis iştirakçılarının müvəqqəti sükutundan istifadə edib və dedi: “ Ağalar! Güman edirəm ki, mövzu hamıya ayındır. Artıq qəti qərar verməyin vaxtı çatıbdır. Hətta düşünürəm bir az da gecikmişik. Bu qədər söhbətlərdən sonra bir nəticə çıxarmalıyıq. 
 Hacı Qasım  qonaqlığın uzun sürməsindən və qeyri-adi yuxusuzluqdan yorulduğu üçün sevinclə mirzə Mehdinin təklifini alqışlayaraq dedi:
- Əlbəttə mirzə düz buyururlar. mövzu lazımı qədər araşdırılıb. Ağaların hər biri də öz fikirlərini mükəmməl şəkildə bəyan etdilər.
 Mirzə Mehdi fürsəti əldən verməyib sözünə davam edərək dedi:
- Mənim fikrimcə cənabların buyurduqlarına əsasən hacı Qasımın tələbinin yarısı ödənildiyi üçün borcun qalan hissəsinin ödənilməsinə bir il möhlət verməlidir ki, bacı oğlu Əhmədağa da əl-ayağını yığışdırıb, bəzi lazımsız müəssisələrini satıb o borcu ödəsin. Əlbəttə bunun əvəzinə Əhmədağa da Əhmədabad qəsəbəsinin və Əhmədiyyə sarayının sənədini hacı Qasımın yanında girov qoymalıdır. Bu mülklərin qiyməti 15000 tümən dəyərində hesablanır. Hacı isə tələbinin yarısını silmək şərti ilə iki həftə ərzində  qalanını qaytarmalıdır.
Burada hacı Qasım mirzə Mehdinin sözünü kəsərək deyir:
- Sizin buyurduğunuz doğrudur, amma iki həftə ərzində 7500 tüməni toplamaq çox çətindir.
Hacı Əbdülsəməd hacı Qasımın danışığına gülüb və, istehza ilə yekə başını tərpədərək deyir:
- Afərin hacı ağa! Afərin!
Əhmədağa isə bu gözlənilməz hadisədən çox narahat olub, nə edəcəyini bilmədiyi üçn susmaq məcburiyyətində qaldı. Amma yenə də mirzə Mehdi sözünə davam edərək deyir:
- Bu ağaların hüzurunda həmin məbləği qaytarıb və qalanı isə Əhmədağanın borcundan silinməlidir. Bundan əlavə ölkənin bugünkü vəziyyətini nəzərə alaraq ərzaq toplamaq məqsədilə hər dördümüz birgə bir şirkət yaratmalıyıq. Bu işin(ərzağın alınması) başlanması, yəni şirkətin nizamnamə kapitalı üçün Mazandarandan 200 xarvar(çəki vahidi- 300 kq) şalı və Gilandan isə  100 ton düyünün alınıb və şirkətin ixtiyarına verilməsi hacı Əbdülsəməd öhdəsində olmalıdır. İki ay müddətində hacı Qasım 300 xarvar buğdanı Tehranda təhvil verməlidir. Mən də İsfahanda 400 xarvar buğda və arpa toplamalıyam. Əhmədağa da sabahdan var-dövlətini şirkətin ixtiyarında qoymalıdır. Nizamnamə kapitalı 80.000 tümən olmaqla təsisçılər heyətinin hər birisin payı 20.000 tümən nəzərdə tutulur. Şirkətin bütün idarə işləri bu dörd nəfərin razılığı ilə yerinə yetirilməlidir.
Əhmədağa bu sözləri eşitdikdən sonra dərhal bir neçə addım irəli atıb və dedi:
- Ağalar mənim deyiləsi çox sözüm var. Bu böyük və ağır işi bu sadəliklə həll etmək olmaz. Şirkət üçün nizamnamə qayda-qanun, həmçinin rəis, müdir, ofis və s. lazımdır
Mirzə Mehdi gənc tacirin sözünü kəsib və əsəbi halda dedi:
-Xahiş edirəm siz danışmayın, çünki bütün işlərinizi hissiyyat üzərində qurursunuz. Mən sənin böyüyünəm məsləhətimə qulaq asmalı və heç bir bəhanə gətirmədən onu icra etməlisən.
Burada hacı Qasım yenidən sözə müdaxilə edib dedi: “ Bəli mirzə haqlıdır, siz təcrübəsiz bir gəncsiniz. Mirzə Mehdinin tapşırıqlarına əməl etməyiniz daha yaxşı olar. Ondan təbəiyyət etməlisiniz. 
Mirzə Mehdi yenidən sözünə davam edib dedi: “ Bəli! Əsas mövzuya qayıdaq. Təkliflərimdən biri Əhmədağanın ehtiyatsız işlərinin qarşısını almaqdır və görürəm ki, siz də bu təkliflə razısınız. Əhmədağa bundan belə bir az ehtiyatlı olmalıdır. Allah göstərməsin iflasa uğraya bilər.  Çünki onun işlərin sahəsi genişdir. Biz hamımız yaxşı bilirik ki, onun iflasa uğraması hamımızın ziyanına ola bilər. Biz gərək onun işlərini nəzarətdə saxlamaqla, onu himayə etməliyik. Günü sabahdan onun xaricdə və daxildə olan bütün müəssisələrinin bölmələri ləğv olmalıdır. Onun acaq baş ofisindən başqa bir idarəsi qalmamalıdır. Lazım gəldikdə o bizim şöbələrə müraciət edə bilər. Xüsusilə onun sənaye müəssisələri tezliklə satılacaqdır.
Hacı Qasım mirzə Mehdinin bu təklifindən çox razı qalıb, qapı ağzında heykəl kimi donub qalmış mirzə Ələmdar və Həsənağaya işarə ilə çay, qəlyan gətirməyi tapşırdı. Sonra üzün    qonaqlara tutub dedi: “ Mirzə həqiqətən Əhmədağanı bu ağır vəziyyətdən qurtarıb və öz növbəsində bizə də böyük kömək oldunuz. Sizin bu qədər tədbirli olmağınızdan məmnun oldum.
Burada mirzə Mehdi hacı Qasımın sözünü kəsərək dedi:
- Düşünürəm ki, bütün ticarət problemlərimiz öz həllini tapdı. Əgər icazə versəniz bir neçə söz də qohumluq münasibətləri barədə demək istərdim. Çünki bu hər iki məsələ bir-biri ilə bağlıdır. Qohumluq və  ailə münasibətlərinin olması bu birliyin əsas təməli sayılır.
Bu xüsusda bütün qonaqlar bir-birləri ilə söhbət etməyə başlayırlar.
Hacı Qasım mirzənin sözlərinin təsdiqləyib deyir:
- Doğru deyirsiniz, mən də dəfələrlə demişəm bizin dostluğumuzun möhkəmlənməsi üçün hər şeydən əvvəl  bir-birimizlə ailəvi münasibətlər qurmalıyıq.
Hacı Əbdülsəməd də dedi:
- Bəli pis fikir deyil, mən də razıyam, amma necə?
Əhmədağa etiraz edib dedi: “ Mirzə dayı siz mövzudan çox uzaqlaşdınız. Hələ ticarət işləri barədə bir qərara gəlməyisiniz. O ki, qaldı başqa şeylərə - qohumluq münasibətləri nə deməkdir? İşimizdə minlərlə maneələr və çətinliklər mövcuddur.
Mirzə Mehdi cavab verib dedi:
- Əgər çətinlikləri həll edə bilməsək, onda tacirlikdən və kişilikdən danışmaq boş şeydir. İnsan bütün çətinliklərlə mübarizə etməlidir. Hal-hazırda iflasa uğramaq təhlükəsi ilə üzləşdiyin çətinliklər bizi də mal-dövlət itirmək qorxusu ilə qarşı-qarşıya qoyub. Bundan böyük təhlükə nə ola bilər? Siz başqa qərbyönlü adamlar kimi məmləkətin düşdüyü ağır vəziyyətdən xəbəriniz belə yoxdur. Sizin ölçünüz ancaq Qərb ölkələri üçün münasib ola bilər. Atalar demişkən:
 Rüsvay olmaq istəmirsənsə, camaata uyğunlaşmalısan. (Palaza bürün, ellə sürün. - Y.k)
  Hacı Qasım dedi: “ Həqiqətən doğru deyirsiniz. Biz gərək ata-babalarımızın adət-ənənəsini müqəddəs bilib onların əksinə əməl etməməliyik. Buyurub çayınızı için.
Mirzə Mehdi:
- Bəli mənim məqsədim qohum olmaq barədə idi və bu da o qədər çətin iş deyil. Hacı Qasım mənim oğlumu nökərliyə qəbul edib, qızlarının birini ona verməsini xahiş edirəm. Həmçinin eşitmişəm hacı Əbdülsəmədin də gözəl bir qızı var, fikrimcə Əhmədağa üçün yaxşı və vəfalı həyat yoldaşı ola bilər. İnanıram ki, hacı ağa bu xahişimi yerə salmayacaq.
Bu zaman hacı Əbdülsəməd təzə yuxudan oyananlar kimi heyrətlə ətrafa nəzər salıb, dili tutula-tutlu dedi: “ Bəndə! Mən! Mənim heç sözüm yoxdur. Amma ola bilsin ki, qızım razılıq verməsin. Düşünürəm ki, dostumuz Əhmədağa da öz fransalı həyat yoldaşına çox vəfalı qaldığı üçün belə bir işə cəsarət etməz. Əhmədağa siz bu işə nə deyirsiniz? Mən deyən kimi deyil? Halbuki, mən fəxrlə bu evliliyə razılıq verərdim.
Mirzə Mehdi dedi:
- Siz qızınızı razılaşdıracaqsınız, doğrudur qərbpərəst qızları razılaşdırmaq bir az çətin olsa da,  məcburiyyət qarşısında quzu kimi sakit olurlar və amma Əhmədağanın fransalı həyat yoldaşı iki ildir ki, ölübdür. Necə sizin bu hadisədən xəbəriniz yoxdur?
Hacı Əbdülsəməd dedi:
- Mən! Bəndə! Mən İranda olmamışam. Dörd il olar Tehrana gəlməmişəm. Allah rəhmət eləsin. Çox yaxşı qadın idi. İndiyədək əziz dostum Əhmədağaya başsağlığı verməməyim üçün üzür istəyirəm.
Əhmədağa dedi: “ Çox sağ olun. Dediyiniz kimi mən daha evlənmək barə də düşünmürəm. Hər-halda bu xüsusi bir iş olduğu üçün kimsə ona müdaxilə etməməlidir. Artıq bu haqda söhbətə son verməyinizi xahiş edirəm.
Mirzə Mehdi dedi:
- Bir sözü neçə dəfə təkrar edirsiniz. Qoyun işimizi görək. Vaxt keçib. Məsələn bu qohumluqlardan ən vacibi Əhmədağanın qızı ilə hacı Qasımın oğlunun izdivacıdır.
Hacı Qasım dedi: “ Həqiqətən çox yaxşı deyirsiniz! Mən üçün bu qohumluq başıucalıqdır. Ümid edirəm ki, Əhmədağa da bu qohumluqdan məmnun olacaq.
 Əhmədağa dedi:
- Çox təəssüflə deməliyəm ki, bu haqda heç bir nəzər sahibi deyiləm. Mənim fikrimcə ancaq qız və oğlan hər ikisi müştərək yaşayışları barə də özləri nəzər verməlidir. 
Mirzə Mehdi dedi:
- Əhmədağa! Mənim əzizim! Təkrar edirəm, bundan artıq utandırıcı hərəkətlər lazım deyil. Sən qərbpərəstliyi Avropa üçün saxla,  qoy biz ata-babalarımızın adət-ənənələrinə əməl edib, o prinsiplərlə yaşayaq.  Bundan əlavə mən sənin böyüyünəm, ata əvəziyəm və bütün tapşırıqlarımı yerinə yetirməlisən.
Əhmədağa sükut etməyə məcbur olub və etiraz əlaməti olaraq başını fırladaraq özü-özünə dedi:
- Burada susmaqdan başqa çarə yoxdur. Sabaha Allah kərimdir. Onlar nə deyirlər desinlər, biz də öz bildiyimizi edəcəyik.
Mirzə Mehdi dedi:
- Bəli, ümid edirəm ki, bütün işlərimiz bu gecənin mövzusu kimi müvəffəqiyyətlə öz həllini tapsın.  Hələlik bu məsələ həll oldu. Əvvəlcədən şirkətin təşkilini sizin hamınıza mübarək olsun deyirəm.
Sonra cibindən bir nişan üzüyünü çıxarıb Əhmədağaya verib və üzüyü Əbdülsəmədə təqdim etməyi israrla ondan tələb edir. Həmçinin bir üzük də hacı Qasımdan alaraq, Əhmədağaya verməklə, onların hər üçünü təbrik edir.
Buna baxmayaraq, Əhmədağa üzüyü aldıqdan sonra narazı halda üzünü məclis iştirakçılarına tutub, dedi:
- Ağalar! Mən bu üzüyü bir şərt ilə qəbul edirəm ki, əgər qızım razılıq verməzsə, onu geri qaytaracağam.
Lakin həmin an qonaqlar bir-birləri ilə xoş-beş etdikləri üçün özlərini eşitməzliyə vuraraq onun sözlərinin müqabilində heç bir reaksiya göstərmədilər. Çox keçmədən mirzə Ələmdar da bir böyük sini şirniyyatla otağa daxil olub, qonaqlara təqdim etdi. Beləliklə şirniyyat yeyildikdən sonra hacı Qasımın bu ziyafət gecəsi qurtardı. Qonaqlar  getmək məqsədilə ayağa qalxdılar.  Hacı Qasım da onları qapıya qədər müşayiət etdi. Onlar adət üzrə yenə də vidalaşıb və hər biri öz evinə tərəf yola düşdü.
Hər kəs öz fikrində(1)
Gecə ziyafəti qurtardıqdan sonra mirzə Mehdi hacı Qasımın evindən çıxıb bir faytonla dostlarının birinin evinə gedərək vaxt itirmədən istirahətlə məşğul oldu. Çünki o, özünü boş xəyal və fikirlərlə məşğul edən adam deyildi. O məntiqlə düşünən və fikirlərinə əməl etmədən, onların nəticəsini düşünən  adam idi.
Həmin gecə də  o, çıxarılan bütün qərarlarda da belə rəftar etdi.  O, yaxşı bilirdi ki, hacı Qasım və hacı Əbdülsəmədlə  şirkət qurub, qohum olmaq gələcəkdə onun özü və qardaşlarının ticarət işləri üçün daha da böyük etibar mənbəyi olacaq. O, bilirdi ki, bu vasitə ilə öz tələblərini rahatcasına əldə edəcəklər. O, çox yaxşı bilirdi ki, birgə kapital qoyuluşu ilə çoxlu ərzaq alıb ehtikar etməklə gələcəkdə daha çoxlu pul qazana bilər.  Həmçinin o, bilirdi ki, oğlu Ağadadaş belə var-dövlətli gəlindən razı qalıb sevinəcək. Bu üzdən dən daha bir mövzu qalmamışdı ki, onun barəsində düşünmək üçün vaxt itirsin. Təkcə İsfahana qayıdıb əməli işlə məşğul olmaq qalmışdı.
Amma hacı Əbdülsəmədin qaldığı ev uzaqda deyildi. O, Xarici İşlər Nazirliyinin işçisi Cəmşid xanın evində sakin olmuşdu. Bu ev hacı Qasımın evi kimi Çiraqbərq (elektrik çirağı) küçəsində yerləşirdi. O, yuxusuz, yorğun və kök olmasına baxmayaraq piyada yola düşüb on dəqiqədən sonra evə çatıb, otağa daxil oldu. Bir siqaret alışdırıb yatağında uzandı. Lakin ziyafət gecəsində danışılan mövzular haqqında fikirləşmədən yata bildi. Onun zehninə cürbəcür fikirlər gəlib-gedirdi. Bütün gecəki danışılan sözləri təhlil etmədən,  bu xəyal hücumu onu buraxmadı:
- Bu qədər sərmayə ilə belə bir ticarət firması yaratma çox ağır və məsuliyyətli işdir. Bəli hər bir böyük iş labüd çoxlu kapital tələb edir. Elə amerikalılar və avropalılar birgə kapital qoyuluşları ilə belə tərəqqiyə nail olmuşlar. Biz də bu işi təcrübə etməliyik. Bu işə bir miqdar pul ayırmaq məncə yaxşı olar. Allah qoysa bu işdə müvəffəq olarıq. Amma qolum olmaq məsələsinə gəldikdə bu iş çox çətin olacaq. Nadirə qərbpərəst və yüksək fikirli bir qadındır, Nişanlısını görmədən bu işə razılıq verməsini düşünmürəm. Baxmayaraq ki, Əhmədağa da qərbpərəst və ali təhsillidir, lakin təəssüflə 40 yaşındadır. Əgər 20  yaşlı gənc olsaydı, iş bir qədər asan olardı. Yox! Bu dəfə ona (Nadirə) belə ali təhsilli və  sərvətli nişanlını rədd etməyə imkan verilməməlidir. Gərək atalıq haqqından istifadə etməklə onu bu evliliyə məcbur etməliyəm. Mirzə Mehdi doğru deyirdi Müasir qızlar işin başlanğıcında ədalı və özündən razı görünsələr də zaman   keçdikcə tədriclə yumşalıb ram olurlar. Hə! Nadirə də bir müddətdən sonra sakitləşib və nəhayətdə Əhmədağa ərə getməyə razılıq verəcək. Mən hələ də iki il bundan əvvəl evlənmək macəramı unutmamışam. Məgər mən də Mahcəbin haqqında belə düşünmürdüm?  Məgər onun mənə olan eşq və sevgisinə şübhə etmirdim? İndi nə olub? Məgər o, məni sevmir?  Məgər o, məndən razı deyil? Amma Əhmədağa ilə mənim aramda fərq çoxdur. Mən və o, bab-başqa adamlarıq. Mən çox asanlıqla qadınların ürəyini ələ ala bilirəm, amma düşünmürəm ki, Əhmədağa belə  məharət sahibi olsun. Hər- halda Nadirəni bu işə hazırlamaq lazımdır. Yaxşı yadıma düşdü, sabah tezdən İran xanımın yanına gedib və onu məcbur edərəm ki, Nadirəyə məktub yazıb, bu işə maraqlandırsın. Bilirəm Nadirə onun sözünü yerə salmaz. İndi daha bir çətinlik qalmadı. Bundan yaxşı tədbir ola bilməz.
Beləliklə Bədheybət və sadəlövh hacı öz huş və zəkasına afərin deyib, yay yorğanını başına çəkib, bir an keçmədən binanı titrədən xorultusu eşidildi.
Amma bu gözlənilməz hadisə hamıdan çox hacı Qasımı sevindirmişdi. Çünki bu vasitə dən istifadə edib qarşıdakı qıtlıq böhranında çoxlu pul qazanmaqla öz  məqsədinə nail olacaqdı. Yəni şəhərlərdə olan ərzaqları alıb anbarlarda saxlamaqla ərzaq inhisarını ələ alaraq, qıtlıq zamanı istədiyi qiymətə satıb və çoxlu pul qazanacaqdı. Həmçinin bu qozbel hacı üçün Əhmədağadan tələbinin əvəzinə qəsəbəni almaq onun üçün çox önəmli idi. Habelə Əhmədağa ilə qohum olmaq onun nailiyyətlərini daha da artırırdı. Bu üzdən də o, bütün bunların dəyərini hesabladıqda sevinci yerə-göyə sığmırdı.  Ona görə də taz bir zaman da öz qız və oğlunun evlənməsi barə də düşünməli idi. Yəni bilməli idi ki, hansı qızını mirzə Mehdinin oğluna versin, yaxud hansı oğluna Əhmədağanın qızını alsın və belə imkanlı, gözəl gəlinə sahib olsun.
Əlbəttə bu işdə anaların da razılığını almaq vacib idi. Buna görə də onların razılığını almaq üçün əvvəlcədən qaneedici bəhanə və səbəb tapmalı idi. Amma nə qədər düşünüb-daşınsa  da bir bəhanə uydura bilmədi və məcbur oldu ki, hələlik mövzunu kimsəyə deməsin. Sonda özü-özünə dedi:
- Yəqin ki, mirzə Ələmdar onları bu mövzudan xəbərdar edib. Əgər mən indi özümü onlara göstərsəm, yaxamı buraxmazlar. Həmçinin bu gecə cümə axşamı olduğu üçün yaxşı olar ki, gecəni Gülsümlə keçirib, sabah rahatlıqla bu məsələnin həllinə bir yol taparam. Xüsusilə insan hamam da daha yaxşı düşünə bilir. Allah hamam ixtira edənə rəhmət eləsin. Nə yaxşı düşünmüş. İnsan istisudan nə qədər ləzzət alır? Düşünmək üçün hamam çox rahat və sakit yerdir. Masaj və kisələnmək gözəl bir işdir. Həqiqətən qədim insanlar yaxşı deyiblər: Dünyada ən yaxşı şey, üç şeydir. "Çoxlu pul, gözəl və gənc qadın, isti hamam."Allah şükür edirəm ki, günahkar bəndəsinə bu üç şeydən bolluca bəxş etmişdir. 
Nəhayət, hacı Qasımın bu xəyalları sona çatdıqda artıq o, dolanbac Səngələk küçəsini keçib Mir anbarının arxasında yerləşən gənc sevgilisi Gülsümün evinə yetişmişdi. Qapını döymədən vaxtı bilmək üçün məxmər cildli saatqabıdan gümüş saatını çıxarıb fanarın işığında əyilib qartala oxşar xırda gözləri ilə onun əqrəblərinə baxdı. Gecə saat ikini göstərirdi.  Sonra tələsik saatı cibinə qoyub qapını döydü.
Birinci və ikinci dəfə bir cavab eşitmədi. Bu dəfə hacı hirslənib qapını var gücü ilə silkələdi. Bu an ağır şeyin yerə düşməsindən bir səs eşidildi. Hacı belə düşündü ki, qapının möhkəm silkələnməsindən divar uçdu. Bu üzdən də tələsik bir neçə addım geri götürdü. Elə bu zaman abasını başına çəkmiş  bir nəfər ildırım sürəti ilə hacının qarşısından keçərək küçənin döngəsində  gözdən itdi.
Qapını gec açılması, ağır bir şeyin yerə düşməsi, naməlum adamın görünməsi hamısı şübhəli məsələlər idi. Amma yuxusuzluq və gənc sevgilisini görmək həvəsi hacını o dərəcə də gicəltmişdi ki, o şübhəli məsələlər ətrafında düşünüb-daşınsın.  Bundan əlavə çox keçmədən Bibixanımın yuxulu səsi qapı arxasından eşidildi.  O, deyirdi:
- Bu gecə vaxtı qapını sındıran kimdir? Nə xəbərdir?
Hacı ağa ardıcıl bir necə öskürdükdən sonra özünü tanıtdırdı. Qapı açılan kimi hacı həyətə girib başı ilə Bibixanımın  salamının cavabladı. Gülsümün halını soruşdu.
Bibixanım bir qədər xoş-beş etdikdən sonra qardaşı qızının bir az xəstələndiyini söylədi. Güman edirəm soyuq dəyib! Yata bilmirdi, bir saat əvvəl aspirin içib və indi tər içində yatıbdır.
Hacı gecən xeyrə qalsın deyib, sakitcə Gülsümün yataq otağına yola düşdü.
Burada biz deyə bilmərik ki, hacının gəlişi ilə gənc sevgilisi həqiqətən yatıb və ya ərini aldatmaq üçün özünü yatmış kimi göstərirdi. Həmçinin biz o gecə 50 yaşlı  ərlə 20 yaşlı arvad arasında gedən söz-söhbətdən vaz keçirik. Bu qədər deyə bilərik ki, hacı o gecəni çox xoş keçirib, səhər tezdən tam razılıqla gənc sevgilisinin otağından çıxıb cümə qusulu etmək üçün hamama yola düşdü.

Eybəcər müəllimə
Gün ortaya  yaxın ordibeheş ayının solğun və mülayim  günəşi İsfahan pərdələri arasından keçərək yataqda uzanmış Gülsümün yarımçılpaq bədəninə, yanaqlarına və dağılmış zülflərinə saçırdı.
Yenicə yuxudan ayılmış gənc qadın tam şad əhval-ruhiyyədə görünürdü. Çünki keçən gecənin yorucu və məcburi oyaqlığından sonra gün ortaya qədər yatağında uzanıb, bir necə saat dərin yatmaqla tam istirahət etmişdi. Bu üzdən də gözünü açan kimi dağılmış zülflərinə sığal çəkib, bir neçə dəfə əsnədikdən sonra ipək yorğanı üzərindən kənarlaşdıraraq incə və işvəli addımlarla güzgüyə yaxınlaşdı. Onun müqabilində cəlbedici bədəninin  gözəlliyinə tamaşa etməyə başladı. Həmin anda Bibixanım da mətbəx işlərini qurtarıb, uydurma qardaşı qızını oyandırmaq üçün otağa daxil olub və onun sevincini gördükdə,  daxilən razılıq hissi keçirdi.
Qeyd etməliyik ki, bu qəribə qadın uydurma qardaşı qızının işvəli bədənini tamaşa etməkdən həzz alırdı. Bu üzdən də o, həmişə belə fürsəti əldən vermək istəmirdi. Çünki o, hər dəfə uydurma qardaşı qızının cəlbedici bədənini müşahidə etdikdən sonra həzz almaqla bərabər, yaxın gələcəkdə bu pul mənbəyindən nə qədər qazanc əldə edəcəyini düşünürdü üçün sevinc hissini gizlədə bilmirdi.
Bu anda gənc qadın Bibixanımın otağa daxil olmasını hiss etməsinə baxmayaraq, lakin istəmirdi ki, qoca qarını ləzzətdən məhrum etsin. O, özü də qarının mərhəmətli və sevinc dolu baxışından həzz alır, qürur hissi keçirirdi. O, qəsdən özünü görməməzliyə vurub, yenə də güzgüdə gözəl və vurğun edən bədəninə baxmağa davam edirdi. O, boğazında və qollarında olan göyərmiş ləkələri gördükdə, o gecə öz sevgilisi ilə keçirdiyi saatları yada salaraq,  sevincindən bihuş olub və bir anlığa Bibixanımın orada olduğunu unudaraq elə bir hərəkət etdi ki, bu hərəkəti ancaq sevdalılardan gözləmək olardı.  Nəhayət, onu tamaşa etməkdən Bibixanımın səbri tükənib bu gözəllik ilahəsini bağrına basmaq üçün ehmalca o qədər ona yaxınlaşdı ki, çirkin və eybəcər siması güzgüdə göründü.
Həmin an Gülsüm belə bir bədheybət simanı gördükdə özünə gəlib və ona tərəf qayıdaraq həmişəki kimi ona baş əydi.
Bibixanım qısa boy, çopur, qara sifət və çox kök bir qadın idi. Ordları iki tərəfdən sallaq olduğu üçün yoğun və qara boynunun bir qismini örtürdü. Böyük və qara burnu  yekə badımcanı xatırladırdı. Göy və xırda gözləri pişiyin gözlərinə oxşayırdı. Motala oxşar qarnı dizinə çatırdı və yol gedəndə boğaz donuzların qarnı kimi o tərəf bu tərəfə yellənirdi.
Bir sözlə deməliyəm ki, mütəhərrik boşkanı və ya boğaz inəyi xatırladırdı. Xülasə bir ət yığıncağından başqa bir şey deyildi.  Onun ata anasını kimsə tanımırdı. Ancaq bu qədər məlulum idi ki, on iki yaşında, bədbəxtlik, cəhalət və ya başqa səbəblər üzündən ümumi evlərə(fahişə xana) düşmüşdü. Bir müddət Mahtab xanım adı ilə orada xidmətçi işləmişdi. Sonralar bir kirayə evdə qadınların biri ilə neçə nəfəri bu işə cəlb edərək, bir müddət bu yolla yaşayışını təmin etmişdir. Nəhayət, zaman keçdikcə həmin mühitdə iş və ev sahibi olmuşdur. Elə həmin evdə məşədi Hüseyn adlı bir mağaza sahibi ilə tanış və dost olmuşdu.  30 yaşında Hüseynə vurularaq, bir müddət də bu aləmdə seyr etmişdi. Bu zaman artıq əski işindən bezib və nəcabətli qadın olmaq fikrinə düşmüşdü. Daima bu işindən narazılığını bildirməklə istəyirdi ki, qalan ömrünü şərafətlə keçirsin.
Ona görə də məşədi Hüseyn narahat olan zaman o, yoğun qollarını məşədinin arıq boynuna dolayıb deyirdi:
- Məşhədi, əzizəm Mən səndən bir şey ummuram. Mən hər yolla olursa-olsun ev xərcimizi çıxarıram. Ancaq istəyim budur ki, sənin adın mənim üzərimdə olsun.  İstəsən bütün qızıl və qiymətli daş qaşlarımı satıb, şəhərdən kənarda bir ev kirayə etməklə əlimizdə olan bu neçə tümənlə sadə, şərafətli bir yaşayışı başlayaq. Məşhədi əzizəm! Gəl daşı ətəyindən at. İnadından əl çək. Gəl sabah gedib kəbin kəsdirək.
Məşədi hər axşam müxtəlif spirtli içkilərin təsiri və sevgilisinin ona qulluq etməsi nəticəsində tezliklə bu təklifi reallaşdırmağa söz verirdi, amma səhər tezdən məşuqəsinin yuxuda olduğunu gördükdə öz  işinin ardınca gedirdi. Hər halda bu mövzu hər gecə təkrar olurdu. Mahtaban öz təklifinin israrında və məşədi isə öz laqeydliyində qalmaqda idi.
Doğrudur, ictimaiyyətdə hər bir şəxsin öz arzu və istəkləri vardır. Amma İctimai mühit kimsənin meyl və iradəsinə tabe olmur, o, öz təbii axarı ilə gedir. İnsanlar mühitin hökmü ilə ya xoşbəxt və ya da bədbəxt olurlar. İnsanların istək və arzuları gülünc və təzadlı zəmin əsasında gerçəkləşir. Təkcə kiçik adamlar, o cümlədən Bibixanım, məşədi  Hüseyn , hacı Qasım və s. deyil, bəlkə böyük insanlar və yüksək rütbəli flossoflar də belə olurlar. Birisi ev, mülk, digəri vəzifə arzusundadır. Üçüncüsü isə şöhrət və vəzifə hərisidir. Halbuki, kimsə başqasının arzu və istəyi üçün öz istəyindən vaz keçib yaxud başqalarının məhrumiyyət və bədbəxtliklərinə acısın. Hamı öz arzusuna çatmaq istəyir. Hətta, bu arzu yüzlərcə arzusu olanların insanların məhrumiyyət və ziyanına tamam olsa belə.  
Bu kortəbii qanuna əsasən Mahtaban da gecə-gündüz öz arzusunun həyata keçməsi təqib edirdi. Bütün qadınlar kimi o da nəzir, sədəqə vermək, cadu, dua yazdırmaq və yüzlərlə belə vasitələrə əl atmaqla məşədi Hüseyni buna razılaşdırmaq istəyirdi. Nəhayətdə o, öz arzusuna nail olmaqla iyrənc peşəsindən əl çəkmək istəyirdi. 
Bu məqsədinə nail olmaq üçün kimsə onu qınamağa haqqı yoxdur. Çünki hər bir insanın arzu və istəyi vardır. Hətta, mümkündür ki, bu istək başqalarının ziyanına tamam olsan belə.
Eyni vaxta başqa bir gənc qadın kiçik bir evdə səbirsizliklə  öz arzusunun gerçəkləşməsini, yəni qarnında olan bir uşağın doğuşunu gözləyirdi. Uzun müddət idi ki, bu fikir onu özünə məşğul etmişdi. Onun üçün paltar tikir, beşik hazırlayır, müxtəlif qız, oğlan adları tapırdı. Habelə onun xoşbəxt gələcəyi üçün zehnində yüzlərlə gözəl arzular bəsləyirdi.
Bu gənc qadın məşədi Hüseynin arvadı idi. O, kiçik evini və ərini sevirdi. O da özünün, övladının və ərinin xoşbəxt olmasını istəyirdi.
Mümkündür ki, həmişə Çərxi-fələk bir istiqamətdə fırlanmasın. Bu dəfə nədənsə təbiət gənc qadının arzusunun əksinə və Mahtaban xanımın istəyinə müvafiq əməl etdi. Təbiətin hökmü Mahtabanı öz arzularının gerçəkləşməsinə yaxınlaşırdı. Çünki  məşədi Hüseynin gənc arvadı doğan kimi öz həyatını itirib və bütün şirin arzularını özü ilə torpağın dərinliyinə apardı.
Beləliklə məşədi Hüseynin azadlığa çıxması Mahtabanı sevindirdi. Çünki bundan belə yenicə doğulan körpə üçün bir ürəkyandıran adam lazım idi və bu da Mahtabandan başqa kimsə ola bilməzdi.  Bu üzdən də mövzu məşədi Hüseyn tərəfindən bilavasitə Mahtabanla arada qoyuldu. Mahtaban da fürsəti itirmədən evini dostlarının birinin ixtiyarına verib məşədi Hüseynin evinə daşındı. Bu tarixdən sonra məşədi Hüseyn Mahtabanın pulu ilə ticarət işini genişləndirib inkişaf etdirdi. Həmçinin yenicə doğulmuş Gülsüm üçün də bir ürəkyandıran və mehriban dayə tapıldı. Beləliklə də elə bir şərait yarandı ki, onların hər ikisi, yəni məşədi Hüseyn və Mahtaban 17 il  tamam zahirdə siğə bacı-qardaş, lakin batində isə ər-arvad kimi rahat və sakit yaşadılar. Çünki həm Mahtaban belə ər və həm də məşədi Hüseyn onun kimi ev xadiməsi və Gülsüm üçün mehriban dayə tapa bilməzdilər. Onlar bu yaşayışlarından çox razı idilər. Amma dünyada hər şey dəyişib inkişaf etməkdədir. Belə şəraitdə hər bir yoxuşun ardınca eniş, hər bir asayişin ardıca əziyyət və hər bir xoşbəxtliyin arxasınca  bədbəxtliyin baş verməsi labüddür. Beləliklə də Mahtaban və məşədi Hüseynin sakit həyatları birdən dəyişərək ağır böhranla üzləşdi. Bu hadisəni aşağıda bütün təfsilatı ilə şərh edirik:
- Günlərin birində məşədi Hüseynin dostu usta Əli evin təmiri zamanı ikinci mərtəbənin eyvanından yerə düşüb sümüklərinin əksəriyyəti sındı. Fəhlələr onun yarıcan cəsədini evinə apardılar. Usta Əli Həmədanlı olduğu üçün onun Tehranda gənc arvadından başqa kimsəsi yox idi. Bu üzdən məşədi Hüseyn işini buraxıb, bir həftə tamam gecə-gündüz dostuna qulluq etmək üçün onun başı üstündə dayandı. Təəssüflər olsun ki, məşədi Hüseynin bu zəhməti nəticə vermədi. Bədbəxt hadisənin səkkizinci gecəsi xəstənin halı pisləşib səhərə yaxın dünyasını dəyişdi.  Məşədi Hüseyn onun nəbzini bir neçə dəfə yoxladıqdan sonra dostunun öldüyünə əmin oldu. Sonda ümidsiz vəziyyətə ürəkdən ah çəkərək əlini göyə qaldırıb dedi:
- Pərvərdigara onun günahlarını bağışla! həqiqətən nəcib və vəfalı dost idi.
Təbiidir ki, usta Əlinin bədbəxt gənc arvadı bu sözləri eşidən kimi qışqırıb, saçlarını yolub, üzünü cırmaqlayıb və paltarlarını yırtmağa başladı. Məşədi Hüseyn bu vəziyyətdən təsirlənərək, onu sakitləşdirmək istədi. Amma gənc qadın heç cürə sakit olmaq istəmirdi və onun sözlərin etina etməyib sinəsini və üzünü cırmaqlamağı davam etdi.
Məşədi Hüseyn onu sözlə sakitləşdirə bilmirdi və qadın da özünü həlak etməkdə idi. Ona görə  ölünün başı üzərindən qalxıb, qadına yaxınlaşaraq, əlini möhkəm tutub dedi:
- O, artıq haqq yoluna qovuşdu. Daha bu qədər qışqır-bağırın bir faydası yoxdur. Siz özünüzü tələf etməklə o dirilməyəcək, əksinə onun ruhunu incidirsiniz. Ən yaxşısı onun ruhuna fatihə oxuyub və Allahdan ona bəxşiş diləyin. Çünki özünü döyüb öldürmək  günahdan başqa bir xeyri yoxdur.
Gənc qadın əvvəl əlini onun əlindən xilas etmək istəyirdi, amma möhkəm yapışmaq üçün məşədi Hüseyn əlləri bir qədər də qabağa gətirdi. Bu zaman qolları gənc qadının qanlı sinəsinə toxundu. Bir anlığa ləzzət hissi bütün bədənini bürüdü. Sakit oldu. Məşədi Hüseyn də qadının isti sinəsinə toxunduğu üçün həyəcana gəlib, onun qollarını tumarlamağa başladı. Qadın bundan artıq hissini cilovlaya bilməyib başını kişinin qolları üzərinə qoydu. Məşhədinin ehtirası alovlanıb, bir anlığa cəsədin otaqda olmasını unudaraq onu möhkəm qucaqladı.
Elə bu tarixdən məşədi Hüseynlə usta Əlinin arvadı arasında möhkəm rabitənin yaranması Mahtabanla olan əlaqənin zəifləməsinə səbəb oldu. Bir il müddətində məşədi Hüseynin bütün sərmayəsi yeni sevgilisinin yaşayışını təmin etməyə sərf oldu. Vəziyyət o yerə yetişdi ki, məşədi Hüseynin yalnız 100 tümən bazara, 200 tümən Bibixanıma borclu olmaqla bərabər, bir 17 yaşlı qızdan, bir gənc qadından və bir də qoca sevgilidən başqa bir şeyi qalmadı.
Əlbəttə yuxarıdakı hadisə Bibixanım(Mahtaban) üçün heç də ürəkaçan deyildi. Amma o, o vaxt başqa bir aləmdə seyr edirdi. Elə bu səbəbdən də bir az çığır-bağırdan sonra sakit olub, əvvəlki məqsədini gerçəkləşdirmək fikrinə düşdü.
Bu üzdən də gözlənilmədən məşədi Hüseynlə daha isti münasibət qurdu. Özü demişkən bütün varlığını Gülsümün tərbiyəsinə sərf etmək qərarına gəldi.
Beləliklə Bibixanım, yavaş-yavaş  məharətlə öz şəhvət dolu fikirlərini Gülsümə təlqin edərək, dəfələrlə ona deyirdi ki, dünyada sənin kimi gözəl və cəlbedici qız ola bilməz. Sən gözəl geyim geymək, qiymətli daş-qaşlar taxmaq və eyş-işrətlə  yaşamaq üçün yaranıbsan. Məşədi Hüseynin kiçik daxmasında qalmalı deyilsən. Sən saraylarda naz-nemətdə yaşamalısan. Sən bu böyük neməti ələ gətirməyə hazır olmalısan. Bütün  nazlı və işvəli qızların hərəkətlərini öyrənməlisən. Bibixanım kişiləri dəli-divanə edən bütün qadın hərəkətləri sənə öyrətməlidir. Sən öz cəlbedici gözəlliyinin qiymətini bilməlisən. Sənin kimi gözəllik ilahəsinin hamını arxasınca süründürməlidir. Hamını öz eşq odunda yandırıb-yaxmalı və onların pul kisələrini boşaltmalısan. Yaxşı və naz-nemətdə yaşamaq vəsaitini hazırlamalısan. Bəli qardaşımın gözəl və nazlı qızı budur sənin vəzifən! O, istəyir ki, qonşu qızlar kimi sən də ər evində bu gözəl və valehedici bədənini xadiməlik və mətbəx işləri ilə çürüdəsən. Mən nə qədər ki, diriyəm, onun(məşədi Hüseyn)  səni bədbəxtliyə sürükləməsinə imkan vermərəm. Buna baxmayaraq, sən də ayıq olmalısan. Onun sözlərinə uymamalısan.
Məşədi Hüseyn usta Əlinin həyət yoldaşını özünə arvad edib evə apardığı gündən bu təhlükəli dayə 17 yaşında qızın zehnini bu zəhərli fikirlərlə doldurmağa başlamışdı və bu üzdən də onun(qızın) başına nələr gəlsəydi vecinə deyildi.
Bir tərəfdən də Gülsüm sadəlövh olduğundan Bibixanımın sehirli sözlərinin vurğunu olduğu üçün ata evindən qaçmağı və başqa şəhərlərin birində tezliklə o gözəl həyata yaşamağı düşündü. Amma Bibixanım hələlik buna razılıq verməyib, münasib fürsət ardınca idi. Bir tərəfdən gənc qızı təhrik edib və digər tərəfdən isə onu dözümlü olmağa dəvət edərək deyirdi:
- Sən mənə inanmalısan, atan ağılsız bir adamdır. Təkcə sənə ürəkyandıran mənəm. Verdiyim məsləhətlər hər ikimizin xeyirinədir. Bu xaraba qalmış evdən gedərsək bütün işlərimiz sahmana düşəcək. Hələlik bu əski və köhnə geyimlərlə kimsəni özünə cəlb edə bilməyəcəksən. Bu ərpimiş və köhnə geyimlərin içində bütün gözəlliyin itir. Birinci növbədə çoxlu pul əldə etməliyik. Bu elə də çətin bir iş deyil. Ancaq bir az dözmək lazımdır. Allah qoysa bu tezliklə bütün arzularımıza çatacağıq.
Elə həmin zaman ruzigar bir dəfə də Bibixanımın üzünə gülüb və onun istədiyi kimi əməl etdi. Yəni bir yəhudi dəllal məşədi Hüseynin evinə gəlir və asanlıqla Bibixanımla qərarlaşır. Beləliklə də hacı Qasım məşədi Hüseynin evin daxil olur. Gülsüm məharətlə ev xadiməsinin rolunda Bibixanımın göstərişlərini bircə-bircə yerinə yetirir.
Hacı ağa çadranın altından Gülsümün gözəl baldırlarını görür. Hüseynin qızının ürək yaxan lalə yanaqlarını, ala gözlərini, qara qaşlarını və dolu bədənini tamaşa edir. Vurğun edən baxışları hacının qəlbinin dərinliyinə qədər nüfuz edir. nəhayət qozbel hacı qızı bəyənib və həmin məclisdə  Bibixanımın təklifi ilə iş tamam olur. Gülsüm hacı ilə nikah bağlayır. Beləliklə də Bibixanımın 200 tümən tələbi ödənilməklə yanaşı, hacı Qasımın köməyi ilə məşədi Hüseynin də ticarət işi yenidən inkişaf etməyə başlayır. İki gündən sonra da Gülsüm Bibixanımla birlikdə hacının aldığı yeni evə köçür.
Tam iki il idi ki, Gülsüm Bibixanımla birlikdə bu evdə kəniz və nökərsiz sakit vəziyyətdə yaşayırdılar. Hacı Qasım birinci il bir gündən bir, amma bu axırlarda həftə də iki gecə Gülsümün yanında qalırdı. Göründüyü kimi hacı Gülsümü çox sevirdi, xəsis olmasına baxmayaraq Gülsümün rahat və asayişdə yaşaması üçün bütün şəraiti hazırlamışdı. Onun gündəlik tələbatını artıqlaması ilə yerinə yetirirdi.
Bibixanımın səliqəsinə uyğun ev üçün qiymətli xalçalar, qab-qacaq və müxtəlif mebellər alınırdı. Gülsümün evini o günün dəbinə uyğun elə bəzəmişdi ki, hətta, bəd səliqəli və çirkin hacı Qasım da onun səliqəsinə afərin deməyə məcbur oldu. Dəfələrlə Gülsümün zərif əllərini tutub, tum gözlərini onun cazibəli gözlərinə dikib və hiyləgər təbəssümü ilə demişdi:
- Əzizim Gülsüm yaşayışın dadını indi hiss edim, bu xəlvət və sakit guşə də istirahətin ləzzətlinin nə olduğunu dadıram. Bura mən üçün behiştdə vədə verilən saraylardan da daha ləzzətlidir. Bu kiçik sarayda dünyanın bütün çətinliklərini unuduram. Ancaq bu evdə yaşadığım saatları mənasız keçən ömrümün qiymətli anları hesab edirəm.
Əzizim! Sən gözəl, cazibəli, çox ədəbli və səliqəli bir qadınsan. Tər-təmiz otaqlarını, pak yataqlarını, dadlı yeməklər, şirin sözlər, rəngarəng geyimlər, işvəli hərəkətlərini və bir sözlə bütün valehedici hərəkətlərini bəyənirəm. Sənə afərin deyib, tamam vücudumla sevirəm.
İndi isə Bibixanım və Gülsümün arasında gedən söhbətin şərhinə başlayaq.
Yuxarıda deyildiyi kimi Gülsüm Bibixanımın eybəcər simasını güzgüdə görən kimi özünə gələrək ona tərəf qayıdıb həmişəki kimi baş əydikdən sonra salam verdi. Bibixanımda hörmət əlaməti olaraq əlini onun çılpaq çiyninə qoyub və yaltaqlıqla dedi:
- Gülsüm, Əzizim, Allaha and olsun! Əziz canına and olsun! Gözəlsən, işvəli, cazibəli və nazlısan. Allaha and olsun ki, yalan demirəm. Dünyada sənin tayın, bərabərin yoxdur. Təkcə gənc oğlanlar deyil, hətta, qoca bibin də sənin ayüzlü camalının heyranıdır. Gəl əzizim! Bibini öp və sönmüş qəlbini şad və xoşbəxt elə. Gəl əzizim! Gəl canım sənə fəda olsun.
 Gülsüm sonsuz naz və qəmzə ilə sinəsində və qollarında olan göy ləkələri göstərib, dedi:
- Bibi əzizim! Bax gör bu axmaq oğlan nə oyun çıxarıb? Həqiqətən dəli və axmaqdır. Amma neyləyim ki, bu axmağı həqiqətən sevirəm və onun qarşısında ixtiyarım əldən gedir. Onunla keçirdiyim anlarda özümü ən xoşbəxt hiss edirəm. Əgər çay hazırdırsa, paltarlarımı ver dəyişim. Çünki həm yorğun və həm də acam.
Bibixanım mehribancasına cavab verdi: “ Baş üstə, canım sənə fəda olsun! Çay, südlü kakau, hər şey hazırdır. Buyur, bu da geyimlərin. Üzün çox solğun görünür. Zəiflik və solğunluğu gizlətmək üçün qırmızı paltar geyməyin münasibdir. Yaxşı şeytan qız de görüm bu ləkələri meymuna oxşar hacıdan necə gizlədə bildin. 
Gülsüm dedi:
- Bu elə də çətin deyildi. Xəstə olduğun üçün başımı bağlamalıydım. Aspirin içdiyim üçün uzun paltar geyməli və yaxasını bağlamalı idim. Çünki tərlədikdən sonra yenidən soyuq dəyməsin. İşıq mane olduğundan onu da söndürməli idim. İndi gördün ki, hacı bütün hiyləgərliyi ilə bu asanlıqla aldandı.
Bibixanım cavabında dedi:
- Afərin! İndi şeytan da sənə çata bilməz. Səhərə qədər ilan vuran yatdı mən yatmadım. Sənin otağından çıxdıqdan sonra qapıya qədər onu ötürdüm. Min fırıldaqla paltar üçün 20 tümən sənə və 5 tümən isə özümə aldım. Həmçinin iki kəllə qənd və bir girvanka(çəki vahidi) çay almağı boynuna qoydum. Bax! Bibinin zirəkliyinə, bu xəsis hacını bu rahatlıqda səxavətli olmağa məcbur etdim. Buna sözün var?

Hamı öz fikrində(2)
Ziyafət gecəsində aydın oldu ki, Əhmədağa qonaqların çıxardıqları qərarlarla əsla razı deyildi. O, mirzə Mehdinin həyasızlığı qarşısında sükut etməkdən başqa çarə tapa bilmədi. Amma qeyd olunduğu kimi öz müxalifətini bildirməyə ona fürsət verilmədi. Habelə bu qonaqlıq və orada gedən söz-söhbət Əhmədağa üçün gözlənilməz idi. Ona görə də bütün bu mövzular ətrafında dərindən düşünməli və hər birinə öz münasibətini bildirməli idi. Bu üzdən də Tutqun və narahat halda hacı Qasımın evindən çıxıb və vidalaşdıqdan sonra avtomobilinə minib, sürücüyə dedi:
 - Get.
- Hara ağa?
- Hara istəyirsən, sür.
Sürücü sahibinin xasiyyətini bildiyi üçün daha bir söz deməyib, maşını işlədib və tezliklə “Dövlət Darvazası”nı geridə qoydu.
O gecə yazın dumanlı və qaranlıq gecələrindən biri idi. Göyün üzünü qara buludlar bürümüşdü. Yağış yağmırdı. Amma ildırımın çaxması və göyün şiddətli gurultusu tezliklə dəhşətli tufanın olmasından xəbər verirdi. Əhmədağanın da ruhi vəziyyəti o gecə kimi tutqun və qaralmışdı. Onun fikir bucağı da çox qaranlıq və qorxulu idi. Amma havanın inqilabı vəsiyyəti, Əhmədağanın qəmginliyi avtomobilin hərəkət və sürətinə heç bir təsiri yox idi. Bəli elm və sənətin yaratdığı ecazkar mövcudu(avtomobil) havanı bürümüş qəliz  dumanı yararaq, sürətlə Şimranın eniş-yoxuşlu yoluna arxada qoyub, çox çəkmədən Əhmədağanı evinə çatdırdı. Burada Əhmədağanın sürücüsü Aram maşını söndürdükdən sonra yerə düşərək, sahibinin icazəsini gözləmədən qapını döyməyə başladı.
Çox çəkmədən bağban seyid Möhsün qapını açdı. Əhmədağa maşından düşən kimi Aram onu qaraja sürüb, paltarını soyunmadan və çəkməsini çıxartmadan rolun arxasında dərin yuxuya getdi. Seyid Möhsün də sahibini otağın qapısınadək müşayiət edib və Əhmədağanın əmrini gözlədi. Əhmədağa cibindəki açarla qapını açdıqdan sonra üzünü seyid Möhsünə tərəf  tutub dedi:
- Çırağı yandır, pəncərəni aç və sonra get yat. Çünki daha səninlə bir işim yoxdur. Bunları dedikdən sonra otağa daxil olub və bir siqaret alışdırdı. Otaqda addımladığı halda, yolda zehnində yaranan xəyalin ardınca özü-özünə dedi: “ İndi mən bataqlığa düşən adama oxşayıram, əl-ayaq çaldıqca daha onun dərinliyinə batıb və həlak olmaq təhlükəsi ilə qarşılaşıram. Hər vasitəyə əl atıram, amma məyusluq və ümidsizlikdən başqa bir nəticəyə nail ola bilmirəm.
Bəli insan çarəsiz və acizdir. İnsan təkcə öz gücünə söykənə bilməz. İnsan ictimai mühitin dəmir iradəsinə tabedir. Lazımı şərait olmadan ağıl və şüur heç bir işi görməyə qadir deyil. Amma həqiqətdə belədir? Həqiqətən  mən aciz adamam? Doğurda heç bir çıxış yolum yoxdur? Görəsən mən də o şirin və müqəddəs arzulardan əl çəkib, mühitə tabe olmaqla başqaları kimi sui-istifadə edən və fırıldaqçı olmalıyam? Bəlkə də səhv edirəm? Bəlkə mirzə Mehdi daha yaxşı bilir? Hə! Əhmədağa təhlükəli vəziyyətlə üzləşibsən! Özünə gəl! Bütün hərəkət və davranışlarına nəzarət etməlisən! Atdığın addımları yoxlamalısan! Sən .... tacirin oğlusan! Ailən İranda pak və təmiz adla tanınıb! Gör hara gedirsən?! Mirzə Mehdi göstərən yol səni hara aparacaq?! 
Firma təsis etmək çox yaxşı işdir! Güc birlikdədir. Müasir dünya ancaq birgə işləməklə gündən-günə ecazkar inkişafa nail olub. Amma iranlılar ittifaqda deyil, həmişə bir-birilərinə qarşı olduqları üçün zaman ötdükcə tərəqqi karvanından geri qalırlar. Bunların hamısı tam doğru-düzgün və şübhəsizdir. Lakin bu cənabların şirkət təşkil etməkdən məqsədləri nədir? Belə şirkətin tutduğu yol necə olacaq? Bəli bu sui-istifadə edənlərin firmanı açmaqdan məqsədləri qıtlıq zamanı ərzağı ehtikar etməklə, lüt və ac əhalinin qanını sormaq üçündür. Hacı Qasımların və mirzə Mehdilərin şirkətlərinin hədəfi budur.  Beləliklə ağır və çətin vəziyyətimdən  sui-istifadə edib, məni də şərik etməklə bu pisliyə bulaşdırmaq istəyirlər. Dünənə kimi adımı eşitmək istəməyən mirzə Mehdi bu gün özünü anadan daha çox mehriban göstərməklə guya ki, mənə ürəyi yanır. Halbuki, onun bu hiyləgərliklərin hamısı qanunsuz tələblərinə nail olmaq məqsədi daşıyır.
Yuxarıdakı fikir və xəyallar Əhmədağanı acıdıb ağrıdırdı. Bədbəxt özü bilmədən hər an addımlarının sürətinə artırır və ardıcıl siqaret çəkirdi. Özünü danlayıb və deyirdi:
- Niyə mirzə Mehdinin təklifini qəbul edib və hacı Qasımın evinə gedib? Nə üçün onların sözlərini dinləyib? Niyə qızının adı məclisdə çəkilən kimi oranı tərk etməyib? Bu iyrənc mühitə lənət olsun. Tüpürüm bu iyrənc və alçaq xasiyyətə! Qəribə zibil adamam. Nə qədər  iradəsiz bir şəxsəm? Bəli pak, ülvi bir şəxsiyyət səviyyəsindən, ən aşağı səviyyəli və səfil şəxsə çevrilmişəm. Maddi mənfəətlərim üçün əxlaq prinsiplərini və hətta, qızımı əldən verdim. Gözümün işığı olan qızım  Mehrəngizi ticarət üçün fəda etdim. Bilmirəm kimlərə və nələrə satdım? Onun ərinin hansı simada olduğunu belə bilmirəm? Hansı xüsusiyyət və məlumata sahibdir? Kordur, keçəldir və yaxud çolaqdır.  Bəlkə atası kimi qozbel və eybəcərdir? Nəhayət, hansı peşənin sahibidir? Yox! Onların təkliflərinin heç birini də qəbul etmək olmaz. Xüsusilə Mehrəngizi ərə vermək təklifini, Bu işi bacarmaram. Axı, onun gözəl gözlərinə necə baxa bilərəm?! Hansı üzlə deyə bilərəm ki, Mehrəngiz sənin xəbərin olmadan və heç bir məşvərət etmədən, səni  tanımadığım bir şəxslə evləndirirəm?! Onda deməyəcək ki:
- Nə üçün belə etdin? Məgər məndən bezmişdin? Xərcimi verməyə imkanın yox idi? Çörək yiyənin bir artıq idi? Sənə ağır yük idim? Əgər qolunu boynuma salıb, gözlərimin içinə baxıb desə ki, ata, anama öləndə həmişə məni qoruyacağını ona söz verməyini unutdunmu?  Onda mən o, günahsız mələyin cavabını necə verəcəyəm? Yazıq  uşaq belə güman edir ki, onu dünyalar qədər sevirəm. İndi o, bu əxlaqsız hərəkətimin qarşısında  soruşmayacaq ki, əzizim ata bu günə kimi min dəfə məni aldadıb və yalandan dünyada hər kəsdən çox sevdiyini deməyibsən?  O, haqlı deyil? Görəsən bu xasiyyətlə Mehrəngiz kimi məsum bir qıza atalıq etməyə layiq ola bilərəm? Yox! Allaha and olsun ki, mən belə bir iyrənc xasiyyətdən on minlərcə kilometrlər uzağam. Mən xudbin və özünü sevən adam deyiləm. Mən gözümün işığı və ürəyimin bəndi olan qızımı sevirəm. Onun bir telinin bir tükünü dünyanın bütün sərvəti ilə dəyişmərəm. Dilənçilik, hamballıq və fəhləlik edərəm, amma belə bir biabırçılığa boyun əymərəm.
O, yenə də bir siqaret alışdırıb və dərhal çarpayıda oturdu. Sonra əlini uzadım masanın üstündəki ailə albomumu götürüb varaqladı. İlk gözünə dəyən şəkil, əziz həyat yoldaşı Elizabetin xəstə olarkən çəkilmiş fotosu idi. Yəni ölümündən iki ay əvvəl çəkilmişdi.
Mehrəngiz həmin şəkilin dövrəsinə qara lent çəkmişdi.  Onun üzərində  isə rəhmətliyin adı, soyadı, doğum və ölüm tarixini yazmışdı.
Əhmədağa həmişə öz xanımına vəfalı olmuş və onu səmimi-qəlbdən sevmişdi. Onu həddən artıq pərəstiş etmişdi. Hətta, 16 il müştərək yaşayışda utandığı üçün birbaşa onun gözlərinə baxa bilməmişdi. Həmişə ona layiq olmadığı təsəvvürü ilə yaşayırdı. Xoşbəxt yaşayışa görə həmişə ona minnətdar idi. Bu reallıqlara inana bilmirdi. Bütün bunlar, xüsusilə Mehrəngizin anadan olması ona bir şirin röya kimi gəlirdi. Bəli, necə oldu ki, Elizabet o qədər istəklilərinin arasında məni sevib və qohum-əqrəbasını tərk edərək, Parisdən ayrılıb, hətta əziz valideynlərindən əl çəkib, mənimlə İrana gəldi? Yox, bunların hamısı röya imiş! Hər-halda Əhmədağanı sevgilisi Elizabetin şəklinə baxaraq, öz şirin röyaları ilə baş-başa buraxıb, onların necə evləndiklərini oxuculara təqdim edək.
Elizabet xanım fransalı məşhur  şərqşünas professor M. J.Filipin kiçik qızı idi. Hörmətli Professor öz dəyərli əsəri ilə İran ictimaiyyəti üçün tanınmış bir şəxsiyyət idi. Həmin şəxsiyyətin əsərlərinin əksəriyyəti. Xüsusilə İranın tarix ədəbiyyatına aid yazdığı kitabın bir çox oxucusu var. Elizabet bu məşhur İranşünas professorun təlim-tərbiyəsi və təsiri nəticəsində uşaqlıq dövründən İran sevgisi ilə yaşamışdır. İranı tanıyıb, öyrənmək bu gözəl fransalı qızın çoxdankı arzusu idi. Bu üzdən dəfələrlə atasına müraciətedərək demişdi: “Ömrümdə bir dəfə İrana gedib, Hafiz, Səədi, Nizami və başqa sevimli ədiblərin qəbirləri üstə torpağa düşüb və sevgi dolu türbələri ruhoxşayan gül-çicəklə bəzəsəm, özümü xoşbət sanaram. Əgər mən də o sevimli şairlərin qəbirlərin  kənarında əbədi uymaq üçün bir kiçik turpaq nəsibim olsa, ən xoşbəxt adam olaram. Xülasə, Elizabet 17 yaşana qədər bu ruhda byüdü. O, həmişə İrana səfər etmək üçün fürsət axtarırdı. Təsadüfən bir gün professor Filip yaraşıqlı bir iranlı gənc oğlanı özü ilə evə gətirərək, Elizabetlə tanış edib və dedi:
- İndi səni bu iranlı ilə tanış edirəm. Bu nəcib və məlumatlı  oğlan İranın bütün adət-ənənə, ədəbiyyat və diılini gözəl bilir. O, fars ləhcəsi ilə sevimli şairlərinin ruhoxşayan şeirlərini oxyub və onların müəlliflərinin ruhunu sənə aşılaya bilər. Həmçinin İran ictimaiyyətininin fəlsəfə, xüsusiyyət və adət-ənənələrini olduğu kimi sənə izah edə bilər. O, bir necə müddətdir ki, Parisə gəlib və müvəqqəti olaraq dostunun evində yaşayır.   Bir əməkdaş dostum İrandan mənə uzun-uzadı məkub yazaraq ona yardım etməyimi xahiş edibdir. Həmçinin onun nəcib, xoş xasiyyət və İran ədəbiyyatı üzrə məlamatlı bir gənc olduğunu bildirib.  Mən də ondan xahiş etdim ki, boş vaxtlarında bizə gəlsin. Elizabet, əzizim onunla dost və tanış olmağını istərdim.  Bu dostluq fars dilini öyrənməkdə sənə və həm də fransa dilini bilməkdə ona yardımçı olar. O, Fars ədəbiyyatını çox yaxşı bilir. Həmçinin mənim “İranın Ədəbiyyatı Tarixi” adlı kitabımın təkmilləşdirməsində yaxşı məsləhətlər verir. Mənuniyyətlə ikinci çapda onları nəzərə alacağam. Təmənnasız bu cüzi səhvlərimi göstərdiyi üçün ona öz təşəkkürümü bildirirəm və mütləq onları düzəliş edəcəyəm. Əminəm ki, o, bundan daha artıq mənə yardımçı olacaq.
 Professor Filib sözlərini bitirdikdən sonra qızının əlini tutb və Əhmədağaya yaxınlaşarq dedi:
- Əhmədağa, əziz oğlum! Kiçik qızım Elizabeti fəxrlə səninlə tanış edirəm. O, ürək dolu sevinclə səninlə tanış olmaq istəyir. İran üçün ruhu uçur. İranın şeir və ədəbiyyatına pərəstiş edir. Görəcəksiniz ki, Fars dilini piş bilmir. Siz xacə Hafizin ruhoxşayan qəzəllərini və Firdovsinin cəsarətli şeirlərini oxumaqla onu sevindirəcəksiniz. Sizin ləhcənizdə Fars dilini öyrənmək ona vacibdir. Çünki danışığı kitab və ədəbi ləhcəsindədir. Kitabxanam sizin ixtiyarınızdadır. Baxmayaraq ki, sən özün canlı bir kitabsan və əmonəm Elizabet də uzun illər səndən faydalanacaq.
O gündən bəri Əhmədağa və Elizabet boş vaxtlarını bir-birləri ilə keçirirdilər. Zaman keçdikcə onlar bir-birlərinin əxlaq və xusuxiyyətləri ilə tanış olub, dost oldular. Əvvəllər qəzəl və şeir oxuduqda kinayə ilə bir-birini sevgidiklərinə işarə edirdilər. Bəzən bir sözü ifadə edərkən öz hiss və duyğularını elə bəyan edirdilər ki, onda sevgi məfhumun təzahürü görünürdü. Nəhayət, Əhmədağa bir gün öz sevgisini açıq şəkildə bəyan etdi. Uzun müddətdən bəri bu sevgini gözləyən Elizabet də səmimiyyətlə iranlı gənc oğlanın istəyinə müsbət cavab verdi.
Professor M.J. Filip onların hər ikisini bağrına basaraq, Elizabetin Əhmədağa ilə evlənməsinə razılıq verdi. İki aydan sonra Terandan da müsbət cavab gəldikdə onlar evləndilər. Elizabet Əhmədağa üçün vəfalı bir həyat yoldaşı olub, onunla birlikdə Tehrana gəldi. Tahranda üç il yaşadıqdan sonra Elizabet vəba xəstəliyi ilə dünyasını dəyişdi. Beləliklə də öz vəsiyyətinə qovuşdu, yəni onu məşhur  şairlərin birinin qəbrinin yanında torpa tapşırdılar. O, özü kimi mehriban və gözəl bir qızı yadigar qoyub getdi. Bu qəz  həmin Mehrəngiz idi ki, həmin ziyafət gecəsi mirzə Mehdi hayasızcasına qozbel hacı Qasım oğluna vermək istəyirdi.
Əhmədağa uzun bir xəyal və sükutdan sonra Elizabetin şəklini ehtiramla öpüb və canlı bir cisim kimi ona xətabən belə dedi:
- Elizabet, əzizim! Bizi tərk etdikdə Mehrəngizi mənə tapşırıb və onu qoruyacağıma söz verdiyimi unutmamışam. Onu hiylə və fırıldaqla əlimdən alıb bədbəxtliyə sürükləmək istəyirlər. Lakin əmin ol, hələ o qədər də rəzil və əxlaqsız deyiləm ki, sənin vəsiyyəyini unudub gözümün işığı olan qızımı qul kimi satam. Əmin ol, mən o qədər cəsarət sahibiyəm ki, dünya malını ayaq altına atıb, sənin və ailəmin heysiyyətini qoruyam. Sənin müqəddəs ruhuna və anamın pak namusuna and içirəm ki, Mehrəngizin əlini seçib-sevdiyi oğlanın əlinə vercəyəm.
Sonra yenidən albomu öpüb masanın üzərinə qoydu. Bir siqaret alışdıraraq ayağa qalxıb və addımlamağa başladı.
İndi ruhən bir qədər sakitləşmişdi. Lakin Elizabetin şəklini gördükdən sonra zehnində yaranan bir xatirə barəsində düşünməkdən vaz keçə bilmirdi. O, bu haqda təklifini aydınlaşdırmalıydı. İndi fikir və düşüncəsi adi mövzular ətrafında cərəyan edirdi. Bu üzdən də bütün problemləri həll etmək ixtiyarında idi. Ona görə də dodaqlarında bir təbəssum hissi yarandı və özü-özünə zümzümə etdi:
- Doğurdan da hacı Əbdülsəməd qəribə bir adamdır. O, mənim əxlaq və xasiyyətimi bilməli idi ki, mənim kimi adam görmədən bir qadınla evlənməz! Habelə yaşlı vaxtımda bir gənc qızla evlənməyə vicdanım yol verməz.  Bu insan əxlaqına zidd bir davranış deyildir? Sadəlövh hacının müasir hissiyyat və sivil insan iddiasında olmasına baxmayaraq, heç bir söz demədən tülkü kimi hiyləgər dayım mirzə Mehdiyə tabe oldu. Hər-halda  Özümü gülünc vəziyyətə sala bilmərəm. Yəqin ki, hacı Əbdülsəməd bu nişanı pozduğum üçün məndən inciməyəcək. İncisə də incisin. Əlimdən bir şey gəlməz. Komediya artistləri kimi camaat arasına çıxıb və deyə bilmərəm ki, bu kiçik gəlincik mənim arvadımdır.
Qısa yaz gecəsi tez başa çatdı. Azan səsi gecəni oyaq qalmış Əhmədağanı müxtəlif fikir və xəyaldan ayıldıb, təbii halına gətirdi. Bu üzdən yenə də bir siqaret alışdırıb pəncərənin qabağına getdi.
İndi havadan duman çəkilmişdi. Səhərin dan ulduzu görünürdü, üfüqün dairəsi getdikcə böyüyürdü. Şıdırğı yağış və tufan azalmışdı. Səhərin sərin və səfalı küləyi təravətli gül-çiçəyin ətrini ətrafa yayılaraq onun da ruhunu oxşayırdı. Üfüqü, gül-çiçəklə dolu ağacları və bağın zümrüdə oxşar yaşıl çəmənlərini seyr etməklə yorulmuş beyni dincəldi. Kədərli qəlbi isə sakitləşdi.
Bu mənzərənin təsiri altında bir az sakitləşib daxili dərdlərini unutdu. Bir müddət təbiətin gözəlliyinə tamaşa etdi. Günəş üfüqdən çıxdıqda, birdən yadına bir şey düşüb, tez evin küncündəki yazı masasına tərəf getdi. Yaddaş dəftərcəsini açıb aşağıdakı sözləri qeyd etdi: “ Xalqı bədbəxt edən bu firmanın təşkilində iştirak etməməli, hacı Qasımın oğlunun elçiliyini qəti sürətdə rədd etməli, hacı Əbdülsəmədi Nadirənin nişanlamasından vaz keçməyə məcbur etməli, mirzə Mehdiyə məktub yazmaqla onun bütün təkliflərini qəbul etməli, ona vəkalət verməklə şirkətimin müflisləşməsini elan edib və tələbkarların tələblərini ödəməli, nəhayət, tezliklə Mehrəngizi götürüb İrandan çıxmalıdır.
Bu yaddaşları qeyd etdikdən sonra dəftərcəni cibinə qoyub və bu məktubu mirzə Mehdinin adresinə  yazdı:
- Qurbanın olum! Əvvəla təəssüf edirəm ki, şifahi şəkildə mövzunu sizə bəyan edə bilmədim. Sizin ciddi və xeyirxah əməliniz qarşısında minnətdaram. Təəssüflə sizə çatdırmalıyam ki, o ziyafət gecəsində çıxarılmış qərarlar məni qane etmədiyindən onlarla razılaşa bilmədim. Siz məni axmaq və ağılsız hesab etməkdə haqlı ola bilərsiniz. Amma mən ac və bədbəxt xalqın azuqəsini ehtikar edən şirkətin təşkilində iştirak edə bilmərəm. Xoşbəxtliyi heç vaxt başqasının bədbəxtliyində görmürəm. Müflisləşməyimi də yaxşı və məqbul  bir hadisə hesab etmirəm. Bu hadisə mən üçün böyük bir günah və bədnamlıq  sayılır. Lakin unutmayın ki, bu hadisədən ölkənin bütün əhalisi deyil, yalnız az bir qrup adam ziyan görəcək. Əlavə olaraq deyim ki, siz və hacı Qasım ən böyük tələbkarlarsınız. Bunu da yaddan çıxarmayın ki, hacı Qasımın tamahkarlığı və işləri gecikdirdiyi üzündən bu bədbəxt hadisə baş vermişdir. Mənə dəyən ziyanların əksəriyyəti onun fırıldaqlığı nəticəsində baş vermişdi. Bu üzdən də onun ziyan çəkməsindən o qədər də qorxmaq lazım deyil. Həmçinin anama çatan irslə siz də tələbinizə yetişə bilərsiniz. Fikrimcə siz də uduzmazsınız. Qalan tələbkarlar önəmli deyillər. Çünki mövcud olan var-dövlətimlə onlara dəyən ziyanların bir qismini ödəyə bilərəm. Əlbəttə yenə də bir sıra başqa tələblər var. Hal-hazırda onları ödəməyə qadir deyiləm, tədriclə o tələbləri də ödəyəcəyəm.
Əzizim, bundan belə mənim xüsusi işlərimə  qarışmamağınızı xahiş edirəm, unudun məni. var-dövlətim bütünlüklə mədaxil dəftərində qeyd olmuşdur. Əlbəttə Huşəng xan bütün işlərimdən xəbərdardır. Lazım olan zaman ondan məlumat ala bilərsiniz. Sizin adınıza vəkalətnamə də göndərdim. Qanuna müvafiq olaraq, ticarət şirkətimi ləğv və haqq-hesab etmək ixtiyarına maliksiniz.  Evlənmək mövzusu da özü-özlüyündə bitmiş sayıla bilər. Hacı Qasımın da üzüyünü geri qaytarmaq üçün sizə göndərdim. Hacı Əbdülsəmədlə özüm danışaram. Bundan artıq vaxtını almaq istəmirəm.
Hörmətlə
Əhməd Tehrani

O, məktubu yazdıqdan sonra özünü çox rahat və yüngül his etməsinə baxmayaraq, lakin təbiət öz hökmünü sürməkdədir. İnsan, qorxu, çətinlik, bədbəxtlik, hətta xoşbəxtlik anlarında da mümkündür ki, istirahət və yatmağı unutsun.  Lakin bu unutqanlıq uzun müddət davam edə bilməz. Nəhayət, adət öz varlığını hiss etdirməklə insanı yatmağa məcbur edər. Təbiətin bu hökmünə əsasən Əhmədağa da uzun yorğunluqdan sonra şirin bir yuxuya ehtiyac duyurdu. Bu üzdən də bir qarşısıalınmaz qüvvə onu yatağa tərəf  çəkdi. O, paltarını soyunmadan  yatağa uzanıb və yuxuya getdi.
 

No comments: