Nov 16, 2016

موغام دؤورو - MUĞAM DÖVRÜ

هيجران حوسئينووا -  Hicran Hüseynova 

اگر دئسم کي، يئکنسق‌ليک، ياخود نه‌يين‌سه - فرقي يوخدور نه‌يين - آرامسيز تکراري سوندا بير بئزگينليک اووقاتي يارادير،يقين کي، آمئريکا آچماياجام. آما دئمه‌لييم، ان آزي اونا گؤره کي، اليمدن باشقا هئچ نه گلمير.ياني، محض بو سيتواسييادا اليمدن هئچ نه گلمير. بو سيتواسييا دا عيبارت اولا ندن؟
- موغامين شيرين چايا دؤنمگيندن. نه‌يين‌سه شيرين چايا دؤنمگي‌نين، ياخود دؤندريلمگي‌نين نه دئمک اولدوغونو دا آچيقلاماغا احتيياج يوخدور. ان آزي «اولدوز»ون اوخوجولاريني ائروديسييالي کسلر سايديغيم‌چون.
بس ندن بو گون موغامي شيرين چايا دؤندريبلر: آخشام موغام، سحر موغام، گون‌اورتا موغام؟..
من موغام‌سئور دئگيلم، آما ذؤوقلر حاقيندا موباحيثه ائتمزلر دئي، بو خوصوصدا هئچ کيمين «ندن؟» سوالينا جاواب وئرمگه‌جم. موغامين بوتون کاناللاري ضبط ائتمگي‌نين سببيني ايسه چوخ دوشوندوم. آخيردا بو قناعته گلديم کي، نه‌ايسه زامان-زامان آلوده‌چيليک ده بيزيم خاراکتئريک خوصوصيتلريميزدندير. ياددان چيخارانلار اوچون کيچيک بير ائکسکورس ائديم اؤتن اون ايلليکلر:
بير واختلار ساققيز دؤورو ايدي- ايرانلا سرحدلرين تزه-تزه آچيلديغي واختلاردا. هامي ساققيز چئينه‌ييردي - ائلليکله.
سونرا کراسوورد دؤورو اولدو؛ کوچه‌ده، باييردا، ائود، ايش باشيندا هامي کراسوورد حلل ائديردي - ائلليکله.
سونرا سياسي حاديثه‌لر دؤورو اولدو؛ باشي چيخان، چيخمايان- هامي سياسي شرحچي اولموشدو- ائلليکله.
داها سونرا آوروپا ايستاندارتلارينا اويغونلاشما جهدلري باشلادي. هامي قربليلر کيمي دوشونمگه، دانيشماغا، گئيينمگه باشلادي - ائلليکله.
داها سونرا شوو- بيزنئس ياراندي، ياريچيلپاق موغننيلر ائولريني، مطبخلريني، ياتاق اوتاقلاريني، بير سؤزله، ايستعداددان باشقا نه وارديسا، تقديم ائتدي ميلته - ائلليکله.
بيزيم گونلرايسه شرطي اولاراق موغام دؤورو آدلانديرماق اولار. اولسون، آما قورخورام کي، موغامين بو جور ايفراطچيليقلا تبليغي ده ياخشي نتيجه وئرمه‌يه. چونکي موغام پرستيشکاري اولماسام دا ياخشي موشاهيده‌چييم و بو قناعتده‌يم کي، موغامين آلوده‌چيلري بئله، بو تکرارچيليقدان بئزيب.
سوندا اولو نيظامي‌نين قزللريني باشدان-آياغا ازبر بيلن ايفاچيلارا، موعليملره، اوستادلارا شاعيرين بو مشهور ميصراعلاريني خاطيرلاتماق ايسترديم:
سؤزون ده سو کيمي لطافتي وار،
هر سؤزو آز دئمک داها خوش اولار.
تبليغاتچي سؤزو ايداره ائدير، صنعتکاري ايسه سؤز ايداره ائدير.
- بونو دا کارل کراوس دئييب

هيجران حوسئينووا
آذربايجان ژورنالى‌نين کئچميش سايى‌لاريندان کوچورولوبدور
 

Hicran HÜSEYNOVA
MUĞAM DÖVRÜ
Əgər desəm ki, yeknəsəklik, yaxud nəyinsə - fərqi yoxdur nəyin – aramsız təkrarı sonda bir bezginlik ovqatı yaradır,  yəqin ki, Amerika açmayacam. Amma deməliyəm, ən azı ona görə ki, əlimdən başqa heç nə gəlmir.Yəni, məhz bu situasiyada əlimdən heç nə gəlmir.Bu situasiya da ibarət ola nədən?
- Muğamın şirin çaya dönməyindən. Nəyinsə şirin çaya dönməyinin, yaxud döndərilməyinin nə demək olduğunu da açıqlamağa ehtiyac yoxdur. Ən azı «Ulduz»un oxucularını erudisiyalı kəslər şaydığımçün.
Bəs nədən bu gün muğamı şirin çaya döndəriblər: axşam muğam, səhər muğam, günorta muğam?..
Mən muğamsevər deyiləm, amma zövqlər haqqında mübahisə etməzlər deyə, bu xüsusda heç kimin «nədən?» sualına cavab verməyəcəm. Muğamın bütün kanalları zəbt etməyinin səbəbini isə çox düşündüm. Axırda bu qənaətə gəldim ki, nəyəsə zaman-zaman aludəçilik də bizim xarakterik xüsusiyyətlərimizdəndir.Yaddan çıxaranlar üçün kiçik bir ekskurs edim ötən onilliklərə:
Bir vaxtlar saqqız dövrü idi- İranla sərhədlərin təzə-təzə açıldığı  vaxtlarda.Hamı saqqız çeynəyirdi – elliklə.
Sonra krassvord dövrü oldu; küçədə, bayırda, evdə, iş başında hamı krassvord həll edirdi – elliklə.
Sonra siyasi hadisələr dövrü oldu; başı çıxan, çıxmayan- hamı siyasi şərhçi olmuşdu- elliklə.
Daha sonra Avropa standartlarına uyğunlaşma cəhdləri başladı.Hamı qərblilər kimi düşünməyə, danışmağa, geyinməyə başladı – elliklə.
Daha sonra şou- biznes yarandı, yarıçılpaq müğənnilər evlərini, mətbəxlərini, yataq otaqlarını, bir sözlə, istedaddan başqa nə vardısa, təqdim etdi millətə – elliklə.
Bizim günləri  isə şərti olaraq muğam dövrü adlandırmaq olar.Olsun, amma qorxuram ki, muğamın bu cür ifratçılıqla təbliği də yaxşı nəticə verməyə. Çünki muğam pərəstişkarı olmasam da yaxşı müşahidəçiyəm və bu qənaətdəyəm ki, muğamın aludəçiləri belə, bu təkrarçılıqdan bezib.
Sonda ulu Nizaminin qəzəllərini başdan-ayağa  əzbər bilən ifaçılara, müəllimlərə, ustadlara şairin bu məşhur misralarını xatırlatmaq istərdim:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
…Təbliğatçı sözü idarə edir, sənətkarı isə söz idarə edir.
- Bunu da Karl Kraus deyib…
http://www.azyb.net 

No comments: