Jan 17, 2013

اوچ شعر

ابراهیم رفرف
‏«ایلدیریم» شعر مجموعه‌سیندن
ÜÇ ŞEİR
İBRAHİM RƏFRƏF
‎"İldırım" şeir məcmuəsindən

تبریزله گؤروش ‏
گزمیشدیم سندن اوزاقلاردا، ‏
گنج چاغلاریمین تارلا- تارلا دوزلرینده، نه سفیل!‏

ایندی ایسه، باشیمدا مین بیر-ایکی فیرتینا، ‏
آلیشیر اورکده، ‏
یئنی بیر گؤروشدن چاغلایان دویغو دالغالاری. ‏
‏ ‏
دویدوم کی، ایستک ده، سئوگی ده، قایغی دا، ‏
گؤروشونده‌کی گونش- گونش سؤزلرین، ‏
سیننده‌کی سالخیم- سالخیم سئوینجیندیر. ‏
‏ ‏
بیر باخیشلا باشا سالدین چاشقین باشیمی، ‏
کئچمیشلر نه ایسه، فیرتینالار نه ایسه، ‏
یاشاتمیشسان قوینوندا، ‏
او قوجامان یوردومو، ‏
آندیم کی، دوغروسان. ‏
تبریز، شهریور 1372 (اوقوست 1993) ‏
‏(شمس مریضخاناسی، گئجه یانسی) ‏

اولدوز یولو ‏
اوزاناراق مشریقین گونشلی قیلینجی گؤزلریمه، ‏
داغلارین سازاغی سؤکولور بیردن، ‏
خیالیم ائنیر یاشیل دوزلره. ‏
‏ ‏
سازاقدان بیر تیترک ماهنی آیریلیر، ‏
قوشولور خیالیمداکی دوشونجه‌لر، ‏
قالخیرام او دومانلی قاتلارا. ‏
‏ ‏
عصرین او کؤرپه چاغلاریندان، ‏
بیر اولدوز داشلانیر قارانلیغیما، ‏
دیکسینیر کؤنلومده‌کى یورغون ملکلر، ‏
خیالیم قوشولور آخان اولدوزا، ‏
چیرپینیر اورکده دؤزومسوزلوگوم، ‏
بویلانیرام او واریلماز، چنلی- تورانلی قاتلارا. ‏
‏ ‏
کایناتدان کؤچور تله‌سیک، ‏
ساچاق- ساچاق ایشیق دالغالاری، ایپک تاقه‌لر. ‏
بیر باخیشلا قییدیغین، عؤمور بویو دویدوغوم، ‏
سئوگینین او سرت سانجیلاری، ‏
سؤکولور بیر چاخیم ایلدیریم کیمی، ‏
نور چیله‌ییر یاتمیشلارا، آییقلارا، ‏
باخ، نه چیرپینیر قایالیقلارا! ‏
‏ ‏
باهار سئوینجی ساریلدیقدا کؤنلومون بوداقلارینا، ‏
سیخیرام سینمه بیر سالخیم اولدوز، ‏
بیر الیمده گونشلی قیلینج، ‏
اورگیمدن دیلله‌نیر تیترک ماهنی تئللری. ‏
سیخلاشان بولودلارا یول چکیر گؤزوم، ‏
دیرشیب یول آچیرام اوزاقلارداکی توفانلی قاتلارا. ‏
تهران فروردین 1373 (مارت 1994) ‏

قارانلیق یول ‏
قارانلیقدان یول وئردیلر، ‏
یالقیز، بو چؤلدن کؤچمگیم، ‏
اویوقلاردان کئچمگیمه. ‏
‏ ‏
قایالاردان بیر سس گلیر، دیزلریم سوسور: ‏
‏- سنی یولا چاغیرمیشلار...! ‏
باخیرام آیین گؤزلرینده‌کی سویوق دوشونجه‌لره،
قولاغیما شیریلتی گلیر، ‏
بولاقلار اورک دایاغیدیر. ‏
‏ ‏
ایزلریمی تاپمایاجاقلار، ‏
سؤزلریمدن قارا تیکانلار بیته‌جک، ‏
دیزلریمی تاپمایاجاقلار. ‏
‏ ‏
چاغیریرام، سسیم یارامیر، ‏
قایالار سسلشیر: ‏
‏- سنی یولا چاغیرمیشلار...! ‏
تهران، خورداد 1373 (مای 1994) ‏

İbrahim Rəfrəf
‎"İldırım" şeir məcmuəsindən

Təbrizlə Görüş
Gəzmişdim səndən üzaqlarda,‎
Gənc çağlarımın tarla-tarla düzlərində, nə səfil! ‎
İndi isə, başımda min bir-iki fırtına,‎
Alışır ürəkdə,‎
Yeni bir görüşdən çağlayan duyğu dalğaları.‎

Duydum ki, istək də, sevgi də, qayğı da,‎
Görüşündəki günəş-günəş sözlərin,‎
Sinəndəki salxım-salxım sevincindir.‎

Bir baxışla başa saldın çaşqın başımı,‎
Keçmişlər nə isə, fırtınalar nə isə,‎
Yaşatmışsan qoynunda,‎
O qocaman yurdumu,‎
Andım ki, doğrusan.‎
Təbriz, Şəhrivər 1372 (Avqust 1993)‎
‎(Şəms Mərizxanası, gecə yansı)‎


Ulduz Yolu
Uzanaraq məşriqin günəşli qılıncı gözlərimə,‎
Dağların sazağı sökülür birdən,‎
Xəyalım enir yaşıl düzlərə.‎

Sazaqdan bir titrək mahnı ayrılır,‎
Qoşulur xəyalımdakı düşüncələrə,‎
Qalxıram o dumanlı qatlara.‎

Əsrin o körpə çağlarından,‎
Bir ulduz daşlanır qaranlığıma,‎
Diksinir könlümdəki yorğun mələklər,‎
Xəyalım qoşulur axan ulduza,‎
Çırpınır ürəkdə dözümsüzlüyüm,‎
Boylanıram o varılmaz, çənli-toranlı qatlara.‎

Kainatdan köçür tələsik,‎
Saçaq-saçaq ışıq dalğaları, ipək taqələr.‎
Bir baxışla qıydığın, ömür boyu duyduğum,‎
Sevginin o sərt sancıları,‎
Sökülür bir çaxım ıldırım kimi,‎
Nur çiləyir yatmışlara, ayıqlara,‎
Bax, nə çırpınır qayalıqlara!‎

Bahar sevinci sarıldıqda könlümün budaqlarına,‎
Sıxıram sinəmə bir salxım ulduz,‎
Bir əlimdə günəşli qılınc,‎
Ürəyimdən dillənir titrək mahnı telləri.‎
Sıxlaşan buludlara yol çəkir gözüm,‎
Dirəşib yol açıram uzaqlardakı tufanlı qatlara.‎
Tehran Fərvərdin 1373 (Mart 1994)‎

Qaranlıq Yol
Qaranlıqdan yol verdilər,‎
Yalqız, bu çöldən köçməyimə,‎
Oyuqlardan keçməyimə.‎

Qayalardan bir səs gəlir, dizlərim susur:‎
‎- Səni yola çağırmışlar...!‎
Baxıram ayın gözlərindəki soyuq düşüncələrə, ‎
Qulağıma şırıltı gəlir,‎
Bulaqlar ürək dayağıdır.‎

İzlərimi tapmayacaqlar,‎
Sözlərimdən qara tikanlar bitəcək,‎
Dizlərimi tapmayacaqlar.‎

Çağırıram, səsim yaramır,‎
Qayalar səsləşir:‎
‎- Səni yola çağırmışlar...!‎
Tehran, Xurdad 1373 (May 1994)‎

No comments: