ینی ایلینیز اوغورلو اولسون


Nov 30, 2013

تویوق آزاد اولاجاق

کند اوشاغی
 
- تویوق، یومورتا آزاد اولاجاقدیر.
گونده‌لیک‌ده یازیلمیش بو خبری، آدیگؤزل سئوینجک منه گؤرسدیب، دئییر:

- بودو، گل اؤزون اوخو، اول صحیفه‌ده ایری خط ایله یازیلیبدیر: «چوخ احتیمالی واردی تئزلیکده تویوق- یومورتا بول- بول آزاد شکیلده یاییلا.» الله قویسا ساوادین واردی، گالا، اوخو! سنه کی هئچ نه‌یی ایناندیرماق اولمور، دئسک قاتیق آغ‌دیر، دئییرسن قوی گؤرک آخیردا نه اولور! بودو اول صحیفه‌ده یازیبدیر، بو یئکه‌لیکده کی، یالان اولماز.

دئییرم آدیگؤزل دایان، دایان! چوخ دا دابانین اوسته اویناما. اولا یالان بوندان دا یئکه اولا بیلر. یالان واردی سنین باشیندان دا یئکه. ایکینجی ده بیر سؤزو ائشیدن کیمی تئز شنلیک ائله‌‌مه. اول دایان، فیکیرلش، سونرا چیلتیک چال...

بیز کی پاخیل دئییلیک، الله بوتون دوستاقلاری، باداقکیلاری آزاد ائله‌‌سین، تویوق- یومورتا دا اونون ایچینده!
اصلن له‌لش سئویرم هئچ زاد باغلی- باداقلی اولمایا. منلیک اولسا بوتون دوستاقلاری ییخیب، قفسلری سیندیریب، کندیرلری کسیب، چاتاقلاری قیریب، تورلاری ییغیب، چپرلری پوزارام! من او قده‌ر آزادلیق سئویرم کی، بالیق یئیه‌نده دئییرم «آزادبالیق» اولسون. نفس چکدیگیم هاوا دا، آزاد هاوا اولسون. اصلن بو آزادلیقدا آیری بیر داد واردی. اما کی...
آدیگؤزل سؤزومو کسیر: آمماسی داها هاردادیر؟
- هر گؤزلین بیر عیبی اولور. آزاد زهرمارین دا بیر عیبی واردیر کی، بالیق کیمی الده دورمور، زویور، چیخیر قاچیر، داها توتماق اولمور، ایندی بو تویوقچو توکانینداکی باشی کسیک، بوینو چیگنینده‌کی مظلوم تویوق، صاباح آزاد اولان کیمی قیرغی‌یا دؤنه‌جکدیر. دوننه کیمی یانلارینی باسا- باسا یئریمگه جان الله‌دان ایسته‌ین تویوق، موللا نصرالدین بوزووو تکین میخ دیبیندن قورتاراجاق، اود کیمی گئدیب، پهلوان آداملارا قویروق وئرمه‌یه‌جکدیر. یومورتا آزاد اولسا، توپ گول‌له‌سینه دؤنوب، بیزدن آرا آچاجاقدیر.
قدیمدن دئمیشلر، یازیقدان یامانی اولماز! ننه‌م دئمیشکن: «سویون لام آخانی، آدامین یئره باخانی!» آدام بئله بیلر بو تویوق لاپ مظلوم بیر حئیوان‌دیر، اوشاق «میس» دئیه‌ن کیمی میسیر، تولکو قویمور گؤزونون یاشی قوروسون، تویدا دا بوینو بیچاغا گئدیر، یاسدا دا، دؤرد دنه بوغدادان اؤترو آخشاماجاق ائشینیر... بوندان بؤیوک مظلوملوق اولماز!
اما بئله ده دئییل، تویوق اؤزو کوپک اوغلو حئیوانلارداندیر. قدیمدن یوخسول- یولوغا یوووماز. کاسیبدان زهله‌سی گئدیر. همیشه خان- بگ ایله اوتورور- دورور.امنییه، ایرییس دسترخانیندا اگلشیر. کندلی گؤز یاشی، اورک یاغی ایله زحمت چکیب تویوق بئجریر، دن وئریر، سو قویور، نینینی آریدیر، آناج باستیریر، جوجه گودور...اما همیشه بالالاری تویوق اتینه حسرت قالیر. تویوق کندلییه بعلى دئمز!...کندلی گئتسین یارما آشی، پی شورباسی یئمک دالیجا، تویوق خانلار، بگلر، آغالارین بوشقابیندا قاش- گؤز آتیر...
آیاغی باغلی اولاندا یوخسول، قارا جاماعاتی آدام یئرینه قویمایان تویوق، ایندی آزاد اولسا داها قوللوغونا سلام دا وئرمک اولماز!
آدیگؤزل دئییر:
- جانیم تویوق اؤزو آزاد اولمایاجاق کی، قیمتی آزاد اولاجاقدیر.
- ائله من ده اونو دئییرم ده! اوندا بنده ایله جنابیز قولاغیمیزین دالینی گؤرنده تویوغون دا اوزونو گؤرریک! ایندی گئنه اؤزونو ده گؤرمسک، کوپونونو جیبیمیزه قویوب، دولاندیریریق، ایگینی اوندان آلیریق، آزاد اولسا بو دا الیمیزدن چیخاجاقدیر.
آدیگؤزل دئییر:
- اشی سن ده بیزی ساریییبسان ها؟ جانیم تویوق آزاد اولسا، تؤکولوب- قالاناجاقدیر، سئل کیمی، آلانا مینت! پول وئر نه قده‌ر سئویرسن آل!
- بعلى، ائله صحبت او پولدادیر، ایندی ده چوخ زاد واردیر، سن پولونو وئر، من سنه خالوار- خالوار تویوق گتیریم.
ائله بیل بو سؤزوم بیر بالاجا آدیگؤزلین آغلینا باتیبدیر. فیکیره جومور. الیمی اونون چیگنینه قویوب دئییرم:
- اوردو باشچی‌سی دریا بگیندن سوروشدو: «دوشمنین گمیلری سیزه یاخینلاشاندا نيیه آتش آچمادیز؟» دریا بگی الین قولاغینین دیبینه آپاریب، احتیرام ائله‌‌ییب، دئدی: «قوربان سککیز عيلتی وار ایدی. بیری بو کی، باریت یوخوموز ایدی، ایکینجی ده...» اوردو باشچی‌سی سؤزونو کسیب دئدی: «یاخشی، یاخشی، یئتر. دالیسینی دئمک ایسته‌مز!» بعلى گولوم، «په ایله پیلوو اولماز، یاغ ایله دوگو ایستر!»
آدیگؤزل توموخموش حالدا دئییر:
- اشی جهنمه گؤرا! دوغرودان بو بئجرمه تویوغو یئمه‌سک نه اولار کی؟ بونلاری داوا ایله بسله‌ییبدیرلر، آدامی قوووق کیمی شیشیردیر. ناخوش ائله‌ییر، دوغرودان کند تویوغو دئییل کی، آدامین اورگی اسه. بئله زادلاری آدام یئمه‌سه یاخشیدیر.
دئییرم:
- باخ ایندی ایشین اوجونو تاپدین قارداش! آدام بو زمانه‌ده دولانیشیق آختارسا گرک چوخ زادلاردان گؤز یوما. پنیر- چؤرک یئیه‌ریک کی...
آدیگؤزل سؤزومون دالیسینی توتور:
- هه واللاه! همی سالیم‌دیر، همی ده آسان! ائله دئییل‌می؟
- سالیم‌لیغی کی، دوز پنیر- چرک اولسا بعلى، اما آسان‌لیغینی الله بیلر.
آدیگؤزل اوز- گؤزونو تورشادیر:
- گئنه کی، شکیاتدا قالدین! دئیه بیلرم سنین قاتیغین آغلیغیندا دا شکین واردیر. جانیم بیر دؤنه ده گل بیر سؤزه هن دئ ده!
آدیگؤزلین بو اینجیکلیگینه راضی دئییلم، اوریگینی اله گتیرمک اوچون گولومسه‌ییرم، دئییرم:
- دده‌ن رحمتده، سن دئیه‌ن اولسون قال یاتسین. هن!



Kənd Uşağı

Toyuq Azad Olacaq!

- Toyuq, yumurta azad olacaqdır.
Gündəlikdə yazılmış bu xəbəri, Adıgözəl sevincək mnə görsədib, deyir:
- Budu, gəl özün oxu, əvvəl səhifədə iri xət ilə yazılıbdır: “Çox ehtimalı vardı tezlikdə toyuq- yumurta bol- bol azad şəkildə yayıla.” Allah qoysa savadın vardı, gala, oxu! Sənə ki heç nəyi inandırmaq olmur, desək qatıq ağdır, deyirsən qoy görək axırda nə olur! Budu əvvəl səhifədə yazıbdır, bu yekəlikdə ky, yalan olmaz.
Deyirəm Adıgözəl dayan, dayan! Çox da dabanın üstə oynama. Əvvələn yalan bundan da yekə ola bilər. Yalan vardı sənin başından da yekə. İkinci də bir sözü eşidən kimi tez şənlik eləmə. Əvvəl dayan, fikirləş, sonra çiltik çal...
Biz ki paxıl deyilik, allah bütün dustaqları, badaqkıları azad eləsin, toyuq- yumurta da onun içində!
Əslən lələş sevirəm heç zad bağlı- badaqlı olmaya. Mənlik olsa bütün dustaqları yıxıb, qəfəsləri sındırıb, kəndirləri kəsib, çataqları qırıb, torları yığıb, çəpərləri pozaram! Mən o qədər azadlıq sevirəm ki, balıq yeyəndə deyirəm”Azadbalıq “ olsun. Nəfəs çəkdiyim hava da, azad hava olsun. Əslən bu azadlıqda ayrı bir dad vardı. Amma ki...
Adıgözəl sözümü kəsir: amması daha hardadır?
- Hər gözəlin bir eybi olur. Azad zəhərmarın da bir eybi vardır ki, balıq kimi əldə durmur, züyür, çıxır qaçır, daha tutmaq olmur, indi bu toyuqçu tükanındakı başıkəsik, boynu çiynindəki məzlum toyuq, sabah azad olan kimi qırğıya dönəcəkdir. Dünənə kimi yanlarını basa- basa yriməyə can allahdan istəyən toyuq, Molla Nəsrəddin büzovu təkin mıx dibindən qurtaracq, od kimi gedib, pəhləvan adamlara quyruq verməyəcəkdir. Yumurta azad olsa, top gülləsinə dönüb, bizdən ara açacaqdır.
Qədimdən demişlər, yazıqdan yamanı olmaz! Nənəm demişkən: “Suyun lam axanı, adamın yerə baxanı!” Adam belə bilər bu toyuq lap məzlum bir heyvandır, uşaq “mıs” deyən kimi mısır, tülkü qoymur gözünün yaşı qurusun, toyda da boynu bıçağa gedir, yasda da, dörd dənə buğdadan ötrü axşamacaq eşinir... bundan böyük məzlumluq olmaz!
Amma belə də deyil, toyuq özü kopəkoğlu heyvanlardandır. Qədimdən yoxsul- yoluğa yuvumaz. Kasıbdan zəhləsi gedir. Həmişə xan- bəy ilə oturur- durur.Əmniyyə, irəyis dəstərxanında əyləşir. Kəndli göz yaşı, ürək yağı ilə zəhmət çəkib toyuq becərir, dən verir, su qoyur, ninini arıdır, anac bastırır, cücə güdür...Amma həmişə balaları toyuq ətinə həsrət qalır. Toyuq kəndliyə bəli deməz!...Kəndli getsin yarma aşı, piy şorbası yemək dalıca, toyuq xanlar, bəylər, ağaların boşqabında qaş- göz atır...
Ayağı bağlı olanda yoxsul, qara camaatı adam yerinə qoymayan toyuq, indi azad olsa daha qulluğuna salam da vermək olmaz!
Adıgözəl deyir:
- Canım toyuq özü azad olmayacaq ki, qiyməti azad olacaqdır.
- Elə mən də onu deyirəm də! Onda bəndə ilə cənabız qulağımızın dalını görəndə toyuğun da üzünü görərik! İndi genə özünü də görməsək, koponunu cibimizə qoyub, dolandırırıq, iyini ondan alırıq, azad olsa bu da əlimizdən çıxacaqdır.
Adıgözəl deyir:
- Əşi sən də bizi sarıyıbsan ha? Canım toyuq azad olsa, tökülüb- qalanacaqdır, sel kimi, alana minnət! Pul ver nə qədər sevirsən al!
- Bəli, elə söhbət o puldadır, indi də çox zad vardır, sən pulunu ver, mn sənə xalvar- xalvar toyuq gətirim.
Elə bil bu sözüm bir balaca Adıgözəlin ağlına batıbdır. Fikirə cumur. Əlimi onun çiyninə qoyub deyirəm:
- Ordu başçısı dərya bəyindən soruşdu: “düşmənin gəmiləri sizə yaxınlaşanda nəyə atəş açmadız?” Dərya bəyi əlin qulağının dibinə aparıb, ehtiram eləyib, dedi: “qurban səkkiz illəti var idi. biri bu ki, barıt yoxumuz idi, ikinci də...” Ordu başçısı sözünü kəsib dedi: “Yaxşı, yaxşı, yetər. Dalısını demək istəməz!” Bəli gülüm, “pəh ilə pilov olmaz, yağ ilə duyu istər!”
Adıgözəl tumuxmuş halda deyir:
- Əşi cəhənnəmə göra! Doğrudan bu becərmə toyuğu yeməsək nə olar ki? Bunları dava (dərman) ilə bəsləyibdirlər, adamı qovuq kimi şişirdir. naxoş eləyir, doğrudan kənd toyuğu deyil ki, adamın ürəyi əsə. Belə zadları adam yeməsə yaxşıdır.
Deyirəm:
- Bax indi işin ucunu tapdın qardaş! Adam bu zəmanədə dolanışıq axtarsa gərək çox zadlardan göz yuma. Pənir- çörək yeyərik ki...
Adıgözəl sözümün dalısını tutur:
- Hə vallah! Həmı salıdır, həmi də asan! Elə deyilmi?
- Salımlığı ki, düz pənir- çərək olsa bəli, amma asanlığını allah bilər.
Adıgözəl üz- gözünü turşadır:
- Genə ki, şəkkiyyatda qaldın! Deyə bilərəm sənin qatığın ağlığında da şəkkin vardır. Canım bir dönə də gəl bir sözə hən de də!
Adıgözəlin bu incikliyinə razı deyiləm, ürəyini ələ gətirmək üçün gülümsəyirəm, deyirəm:
- Dədən rəhmətdə, sən deyən olsun qal yatsın. Hən!

 

No comments:

Post a Comment