Nov 12, 2013

حاجی میرزا حسن رشديه


ح. مجیدزاده (ساوالان)
 آذربایجانین حؤرمته لاییق بؤیول شخصیتلریندن بیری حاجی میرزا حسن رشديه دیر. او یوز ایله یاخین عؤمرونده اؤز خالقی‌نین و بوتون ایرانین ماعاریف و آزادلیغی اوغروندا چالیشمیشدیر (۱۸۵۰- ۹۴۴).  
 H. Məcidzadə (Savalan)
Hacı Mirza Həsən Rüşdiyyə
Azərbaycanın hörmətə layıq böyül şəxsiyyətlərindən biri Hacı Mirza Həsən Rüşdiyyə dir. O yüz ilə yaxın ömründə öz xalqının və bütün iranın maarif və azadlığı uğrunda çalışmışdır (1850- 944).


رشديه اهل علم بیر عايله‌ده دونیایا گؤز آچیب، بؤیویوب و آتاسی آخوند موللا مهدی یانیندا درس اوخودوقدان سونرا یوکسک تحصیل اوچون «بئیروت»آ گئتمیشدیر.
میرزا حسن رشديه بئیروت‌دا تحصیل اثناسیندا تورک آیدینلار ایله تانيش اولوب سونرا ایستانبولا گئتمیشدیر. ایستانبولدا تورکجه تدریسات و الیفبا اوزرینده تدقیقات ائتدیکدن سونرا، ایروانا اؤگئی قارداشی‌نین یانینا گئتمیش. رشديه ایستانبول‌ا مکتبلری و تورکجه تدریس سیستئمینی موطالیعه ائدرکن مکتبی اعدادی رشديه و اونون موعليملری ایله یاخیندان تانیش اولوب و اونلارلا تبادول افکار ائتمیشدیر. آذربایجاندا مکتب یادا دوشنده درحال رشديه خاطره گلیر و آنادیلی تعلیمینده ایلک کیتاب یازان اودور. اونون «وطن دیلی»آدیندا یازدیغی کیتابی یئنی تدریس اوصولو ایله یازیلان ایلک کیتابدیر.
او خالقین اؤز آنادیلینده اوخویوب- یازماغی بیر اساس کیمی قبول ائدیب و بو فیکیریندن تامام عؤمورنده دیفاع ائتمیشدیر. البته مرحوم رشديه آپاردیغی موباریزه‌ده بیر چوخ موشگولات و مانعلرله قارشیلاشمیش و حتی ناروا تؤهمتلره معروض قالمیشدیر. اونون وطن دیلی آدلی کیتابی پهلوی رئژیمی‌نین ایستعمار- فرهنگی و فاشیستیک سیاستی نتیجه‌سینده ممنوع اولدو و خاطیرلردن سیلیندی.
۱۳۲۴-۲۵ ده آذربایجان دموکرات فیرقه‌سی ایش باشینا گلندن سونرا بو کیتاب تکرار چاپ اولدو و آذربایجانین هر یئرینده و حتی خمسه ماحالیندا مدره‌سه‌لرده اوخوندو. بو کیتاب خالقین یاشاییشیندان آلینمیش تدریس کیتابی‌دیر و رشديه‌نین مئتودو ایله عرب الیفباسیله ۶۰ ساعاتدا ساوادلی اولماق یعنی اوخویوب- یازماق مومکون اولوب. بو مئتود سایه‌سینده بیر چوخ آدادم ساوادلی اولموشلار.
رشديه‌نین اوغلو و عین حالدا دگرلی عالیم و یازيچیلاردان اولان شمس‌الدین رشديه‌نین دئدیگینه گؤره باباسی، امیر علیخان امین‌الدؤوله‌نین دعوتی ایله تئهراندا ۱۳۱۵ قمری‌ده کربلایی عباسعلی باغیندا تازا اصوللا بیر مکتب آچمیش و امین‌الدؤوله بو ایقدامدان سونرا صدراعظم اولموشدور.
رشديه ۱۸۸۲ ده ایروان‌دا آذربایجانلی تورکلر اوچون تورک دیلینده بؤیوک بیر مکتب قورموشدور. تبریزده قوردوغو مکتب ۹ دفعه حؤکومت طرفیندن باغلانمیشسا دا رشديه‌نین یورولماز و سارسیلماز ایراده‌سیله تازادان آچیلمیشدی. دئمک اولور کی، میرزا حسن رشديه بوتون حیاتینی تعلیم و تربیت یولوندا، مخصوصن آنادیلینی اؤز خالقینا اؤرگتمکله کئچیرمیش و بو یولدا هئچ بیر سیخینتی، تهدید و موشگولاتدان چکینمه‌میشدیر.
وطن دیلی کیتابی ایکی بؤلومدن عیبارتدیر. بیری الیفبا تعلیمی و بیری ده ميثاللاردیر. الیفبا تعلیمی باشلیجا ائل ادبیاتی اساسیندا قورولموشدور. مؤليف آیری- آیری معنا و مفهوملاری اوشاقلارا تفهیم ائتمک اوچون موختلیف ميثاللار، و آتالار سؤزوندن کؤمک آلمیشدیر. آتالار سؤزو ایله وئریلمیش موختلیف میثاللار موختلیف معنا و مفهوملاری اوشاقلارا اؤرگه‌دیر. بونلار اوشاقلاردا خئییرخاهلیغا مئیل و شرارت و یالانچیلیق، ریاکارلیغا نیسبت اکراه حیسلرینی تلقین ائدیر. مثلاً:
اؤزگه‌یه قویو قازان اؤزو دوشر.
خاین هئچ زامان آرتماز.
درس اوخویان درسدن دویماز.
بو گونون ایشینی صاباحا قویما.
و سایره...

وطن دیلی کیتابی‌نین ان گؤزل طرفی اونون صاف و سلیس تورک دیلینده یازیلماسی‌دیر. بو کیتابدا سؤزلر تورکجه‌دیر، جومله‌لر قیسا و ساده، ایفاده‌لر آیدین‌دیر. میثاللار ساده و ییغجام‌دیر.
رشديه خالقی‌نین سعادت و آزادلیغینی تامین ائتمک اوچون «جمعیت تنویر افکار»ى تاسیس ائتدی. ۱۹۰۴ ایلینده بو جمعیتین بؤیوک اؤلچوده فعالیتی اولموشدور. رشديه‌نین حیاتینی و خیدمتلرینی تانیماق اوچون بئله بیر قیسا مقاله دئییل بلکه بؤیوک بیر کیتاب یازماغا احتیاج واردیر.


H. Məcidzadə (Savalan)
Hacı Mirza Həsən Rüşdiyyə
Azərbaycanın hörmətə layıq böyül şəxsiyyətlərindən biri Hacı Mirza Həsən Rüşdiyyə dir. O yüz ilə yaxın ömründə öz xalqının və bütün iranın maarif və azadlığı uğrunda çalışmışdır (1850- 944). Rüşdiyyə əhli elm bir ailədə dünyaya göz açıb, böyüyüb və atası Axund Molla Mehdi yanında dərs oxuduqdan sonra yüksək tyəhsil üçün “Beyrut”a getmişdir.
Mirza Həsən Rüşdiyyə Beyrutda təhsil əsnasında türk aydınlar ilə tanış olub sonra İstanbula getmişdir. İstanbulda türkcə tədrisat və əlifba üzərində tədqiqat etdikdən sonra, İrəvana ögey qardaşının yanına getmiş. Rüşdiyyə İstanbulda məktəbləri və türkcə tədris sistemini mütaliə edərkən Məktəbi Əədadi Rüşdiyyə və onun müəllimləri ilə yaxından tanış olub və onlarla təbadül- əfkar etmişdir. Azərbaycanda məktəb yada düşəndə dərhal Rüşdiyyə xatirə gəlir və anadili təlimində ilk kitab yazan odur. Onun “Vətən Dili”adında yazdığı kitabı yeni tədris üsulu ilə yazılan ilk kitabdır.
O xalqın öz Anadilində oxuyub- yazmağı bir əsas kimi qəbul edib və bu fikirindən tamam ömürndə difa etmişdir. Əlbəttə mərhum Rüşdiyyə apardığı mübarizədə bir çox müşgülat və manelərlə qarşılaşmış və hətta narəva töhmətlərə məruz qalmışdır. Onun Vətən Dili adlı kitabı Pəhləvi rejiminin  istemari- fərhəngi və faşistik siyasəti nəticəsində məmnu oldu və xatırlardan silindi.
1324-25 də Azərbaycan Demokrat Firqəsi iş başına gələndən sonra bu kitab təkrar çap oldu və Azərbaycanın hər yerində və hətta Xəmsə mahalında mədrəsələrdə oxundu. Bu kitab xalqın yaşayışından alınmış tədris kitabıdır və Rüşdiyyənin metodu ilə ərəb əlifbasilə 60 saatda savadlı olmaq yəni oxuyub- yazmaq mümkün olub. Bu metod sayəsində bir çox adadm savadlı olmuşlar.
Rüşdiyyənin oğlu və eyni halda dəyərli alim və yazıçılardan olan Şəmsəddin Rüşdiyyənin dediyinə görə babası, Əmir Əlixan Əminiddövlənin dəvəti ilə Tehranda 1315 qəməridə Kərbəlayı Abbasəli bağında taza üsulla bir məktəb açmış və Əminiddövlə bu iqdamdan sonra Sədrəəzəm olmuşdur.
Rüşdiyyə 1882 də İrəvanda Azərbaycanlı türklər üçün türk dilində böyük bir məktəb qurmuşdur. Təbrizdə qurduğu məktəb 9 dəfə hökumət tərəfindən bağlanmışsa da Rüşdiyyənin yorulmaz və sarsılmaz iradəsilə tazadan açılmışdı. Demək olur ki, Mirza Həsən Rüşdiyyə bütün həyatını təlim və tərbiyət yolunda, məxsusən Anadilini öz xalqına örgətməklə keçirmiş və bu yolda heç bir sıxıntı, təhdid və müşgülatdan çəkinməmişdir.
Vətən Dili kitabı iki bölümdən ibarətdir. Biri əlifba təlimi və biri də misallardır. Əlifba təlimi başlıca el ədəbiyyatı əsasında qurulmuşdur. Müəllif ayrı- ayrı məna və məfhumları uşaqlara təfhim etmək üçün müxtəlif misallar, və Atalar Sözündən kömək almışdır. Atalar Sözü ilə verilmiş müxtəlif misallar müxtəlif məani və məfhumları uşaqlara örgədir. Bunlar uşaqlarda xeyirxahlığa meyl və şərarət və yalançılıq, riyakarlığa nisbət ikrah hislərini təlqin edir. məsələn:
Özgəyə quyu qazan özü düşər.
Xain heç zaman artmaz.
Dərs oxuyan dərsdən doymaz.
Bu günün işini sabaha qoyma.
Və sairə...

Vətən Dili kitabının ən gözəl tərəfi onun saf və səlis türk dilində yazılmasıdır. Bu kitabda sözlər türkcədir, cümlələr qisa və sadə, ifadələr aydındır. Misallar sadə və yığcamdır.
Rüşdiyyə xalqının səadət və azadlığını təmin etmək üçün “Cəmiyyəti Tənviri Əfkar”ı təsis etdi. 1904 ilində bu Cəmiyyətin böyük ölçüdə fəaliyyəti olmuşdur. Rüşdiyyənin həyatını və xidmətlərini tanımaq üçün belə bir qısa məqalə deyil bəlkə böyük bir kitab yazmağa ehtiyac vardır.

No comments: