Jul 12, 2013

او قادینین سسینی آل

ربیقه

RƏBİQƏ
O qadının səsini Al


Sarımtıl, bozumtul, nə bilim, hansı rəngdə ola bilərsə o evdə divar, elə o rəngdəki divarlara yapışdır nəzərlərini, bax belə. Görürsən, necə maraqlı rəng çalarları var. Qorxma, bu divarlarda mismar yoxdu, heç sən də özünü asan deyilsən…


“olmayan söhbətlər”dən

1.

Bir-iki kartof qaynat, çobansalatı düzəlt. Bir damcı turşu gətir, qaynanmış ət də olar. Yox, çörək, çörək lazım deyil. Elə belə, yüngülvari, kasıbyana qəlyanaltı… başqa heç nə…

Nəsə deyəcəkdim deyirsən? Yox, heç nə. Unut. Otur, susaq… Bəzən susmağa ehtiyac olur. Elə hamı ilə. Şərt deyil ki, sevgili olsun. Anlayırsa, yetər. Sən anlayırsan, bilirəm… Yox, dedim axı, danışmayaq, sən qınamayım, sən vəd vermə, inandırma, bilirik axı, heç nə düzələn deyil, heç nə dəyişən deyil… Bilirik axı, bizim bir-birimiz qarşısında heç bir öhdəliyimiz yoxdu. Bir də ki, elə üzərimizdəki illərdən qalan öhdəlikləri yetirdik, qaldı yeniləri… Sus… Heç nə istəmirəm… Necə yaşamısansa, bundan sonra da elə yaşa. Dəyişməyi də düşünmə… Ümumiyyətlə, heç nə düşünmə, beynin dincəlsin bir neçə dəqiqəlik…

Sarımtıl, bozumtul, nə bilim, hansı rəngdə ola bilərsə o evdə divar, elə o rəngdəki divarlara yapışdır nəzərlərini, bax belə. Görürsən, necə maraqlı rəng çalarları var. Qorxma, bu divarlarda mismar yoxdu, heç sən də özünü asan deyilsən… Sadəcə, darıxırsan, özün də bilirsən ki, bu, çarəsiz xəstəlikdi. Bilirəm, indi deyəcəksən ki, nə istədiyimi bilsəm, dəryanın dibindən də çıxarardım onu. Bəlkə də, çıxarmazdın. Bəlkə də, bilirsən ki, bunun da xeyri yoxdu, sən çoxdandı heç nə istəmirsən..

Televizor? Yox, yalvarıram, yandırma, televizordansa köhnə soyuducunun səsi yaxşıdı… Bax gör, orada nə var çayla içməyə? Heç nə? Onda qənd də olar. Bax, necə ağdı, qəşəngdi… Suss… Tərpənmə… Ya da, dur, qazı keçir, çaydanı götür, armudu stəkan tap…

Bir də, pəncərəni aç, boğuluram…


2.

O qadının səsini al. Nə gözlərini döyürsən? Hə, haqlısan, “notbukun səsini” deməliydim. Demədim, deyə bilmədim də, nə olub, dünya dağıldı?..

Sən mənim canım, denən oxumasın… Onda alınmır, o bilmir nə oxuyur, nə sözlərdən xəbəri var, nə musiqidən. Nədi? Nə olsun, peşəkardır, nə olsun, xaric oxumur. O anlamır, an-la-mır. Səsindən hiss edirəm. Ürəyi yoxdu səsində, ürəyi işləmir. Bəsdi, yenə nə zilləmisən gözünü üzümə. Yox, hələ var, xəstəxanaya var. Nə olsun ki, səs-küyə dözümüm yoxdu…

Demirəm, səsini al onun? Niyə? Axı o ömrü boyu quzu kimi mələməyib, o ömrü boyu dağ üzü görməyib, özünü o dağlardan uçurumlara yuvarlamaq istəməyib, amma onun “Ceep”i ilə Haçaqaya ziyarətgahına qalxmaq olar… Boş ver… Soruşma, haradan bilirəm. Gərək elə biləm? Bəs hissiyyat?..

Gör çay qaynadı? Hə, süz, içək, a bala, qorxma, araq demirəm, çayı deyirəm. Çayın sərxoşluğu daha ağır olur… Hə, dayandı o maralbaxışlının oxumağı. Nə məlul-məlul baxırsan? İndi sənə özüm oxuyacam. Nə olsun, səsim yoxdu, musiqi duyumu-filan boş şeydi, beyninə salma…

Nə oxuyacam? Qəliz sualdı… yox, dağdan, quzudan, sevgidən-yox… elə-belə sözsüz oxuyacağam, nə istəsən anla… Dayan, səsim gəlmir, adını da çağıra bilmirəm… səsimi almısan, necə almısansa, özüm də eşitmirəm…


3.

Niyə narahatsan? Mən yaxşıyam. İnanmırsan? Nahaq. Variantın yoxdu, inanacaqsan. Bax, bu gün 11-dəyək yatmışam, hə, işə gecikmişəm. Həmişəki kimi. Səhər – yox, səhər sayılmaz, günorta anamın süzdüyü aşdan yemişəm, üstündən xatırlamıram, ya zoğal, ya da albalı kompotu. İşdə bir neçə dəfə çay içmişəm, bir-iki şəkil çəkdirmişəm, dostların şeirlərini dinləmişəm, balaca bir material çevirmişəm, bir az mübahisə eləmişəm. Yox e, yox, dalaşmamışıq, fikir bölüşmüşük. Tez də qaçıb getmişəm – oxuculardan biri balıq qonaqlığına dəvət etmişdi. Hə, bəs nə bilmişdin. Mən elə-belə adamam? Yaxşı, burnunu sallama, normal keçdi, şeir oxumadım, əzbər yadımda qalmır, bilirsən. Telefondan oxumağa həvəsim yox idi. Eee, bu kefsizlik sayılmaz, təvazökarlıq deyək…

Yox, səni düşünməmişəm. Vaxtım olmayıb. Elə indicə düşmüsən yadıma. Birdən. Yox, yalan deyirəm, axşamüstü ürəyimə damdı ki, nəsə kefin yoxdu. Tez də yadımdan çıxardım. Elə-belə beynimə komanda verdim, oldu-bitdi.

Deyəsən, günorta da kimsə səndən danışmışdı. Xatırlamıram nə. Nə fərqi var e. Həmişə mərdimazar tapılır. Yaxşı, mərdimazar olmasın. Anlayışsız olsun. Ee… sən də hər şeyə bir qulp qoyursan e…

Daha yazmayacam, narahat olma. Görürəm axı, narahatsan… Yaxşı, qurtaraq bu söhbəti… Buradaca bitsin…

Qulaq as, bəs… Yaxşı, soruşmuram… Amma axı… Heç nə… Demişdin ki… Yox, boş ver… İndi deyirsən sən… mən… heç nə…

Nə dəxli e… hava küləklidi… sözləri külək aparır… cümlələr yarımçıq qalır…

Amma soruşmadım axı, sən həkimə getdin? Mütləq get.

Narahat olma…Mən də gedirəm… bəlkə, qayıtmadım..

Qaynaq

No comments: