ینی ایلینیز اوغورلو اولسون


Jan 10, 2013

Muğam Rəqsi, Səma-i Rast

Lalə Cavanşir

(Toronto Universiteti Türkoloji və Orta-doğu Mədəniyyətləri Üzrə Ph.D. Öyrəncisi, şair)

Keçən həftə Kanadanın Toronto Şəhərində dünya şöhrətli Azərbaycan Muğam ustadı Alim Qasımov və Kanadalı-Azerbaycanlı rəqs ustadı Saşar Zərif Azərbaycan musiqi tarixində bir ilkə imza atdılar.


Səma-i Rast adı ilə səhnəyə çıxan sənətçilər rəqslə muğamı bir araya gətirdilər. Ilk olaraq Saşar zərif və Alim Qasımov rəqslə muğam eyni dildə danişa bilər iddasını güclü bir şəkildə isbatlayaraq Azərbaycanlı və qeyr-i Azərbaycanlı tamaşaçıların həyəcan dolu anlar yaşamalarına səbəb olub böyük alqış qazandılar. Aşağıdaki yazı yaşanılan o həyəcan və düşüncənin kiçik bir parçası olaraq sunulur.

Dilin, sözün, və musiqinin bitdiyi yerdən başlayır rəqslə danışmaq. Rəqs bədənin dilidir demişlər, musiqi isə ruhun dili. Əslində sözün, yada başqa bir kələməylə desək şerin, musiqinin və rəqsin ortaq nöqtəsi onların yoruma açıq olmalarıdır. Özəlliklə modern şer yoruma açıq bir ədəbiyyat türüdür. Elə ona görə də hər onu oxuyanın yorumu ilə yorumlanır; anlam qazanaraq çoxalır. Bu təkcə şer üçün deyil musiqi və rəqs üçün də keçərlidir məncə. Musiqinin hər kəsin ruhunda başqa bir naxış, könlündə başqa bir iz qoymasındandır ki, o musiqilərlə oynayanda sanki fərqli-fərqli dənizlərdə fərqli-fərqli alçaq uca dalğalar rəqsə gəlir. Səma-i Rast Rəqsi isə bunun bəlirgin bir örnəyidi.

Saşar Zərif 21 Dekabr, 2012 göstərisində ilk dəfə muğamatı bədən dilinə daşıdı. Birdən birə Azərbaycan ədəbiyyatında Fuzulilərin, Vahidlərin yazıb yaratdıqları o zehinsəl fəza(ortam) xərabat guşələrindən, itib batmış uzaq yüzillərdən qopub modern bir şəhərin səhnələrində yenidən can qazandı. Alim Qasımovun daha öncələrdən genişlətdiyi, duvarlarını yıxdığı və yeni yaradıcılıq üzərinə inşa etdiyi muğam istər şerləri ilə istərsə də melodi və ritmi ilə rəqsdə can tapdı. Sanki Saşar Zərif Alimin etmək istəyib də edəmədiyini, arzusunu yaşatdı. əslində alim Qasımov əlləri ilə, muğama dalıb yerindən sıçramaq və qopmaq istəyi ilə oynamağa çalışmışdı bu musiqini. Saşar Zərif isə bu istəyi hiss etmişcəsinə Alimin səsində birləşən klasik şer və musiqini Alimdən ayrılan çılğın dalğalar kimi alıb şahlandırdı izləyənlərə. “Öylə sərməstəm ki idrak etməzəm dünya nədir” deyən Nəbati yenidən məst oldu. Rəqqasın oturub əlləri ilə, barmaqları ilə, birdən birə dünyanı idrak etməyəcək qədər mənəvi bir məstlik halında göylərə yüksəlməsi ilə rəqsə gəldi şair. Alim Qasımovun sufiləri, xərabatları xatırladan nəfəs nəfəsə təkrar-təkrar “öylə sərməstəm” deməsi ilə ruh tapan şair Nəbati, Saşarın cismində can qazanırdı. Ona görə də Səma-i Rast Sadə bir göstəri deyildi. Şairin, musiqiçinin, və rəqqasın üçlü birləşimində yaşanan bir merac, bir hal anıydı.

Səma-i Rast muğam rəqsinin ən fərqli nöqtələrindən biri də onun özündə səma halını daşımasının yanısıra Azərbaycan xalq rəqslərini də gətirməsiydi. Rəqqas səhnədə hərdən sufi, hərdən dərviş, hərdən savaşçı, hərdən üsyankar, hərdən məcnun, hərdən də məşuq olurdu. Yallı gedən igidkən Leyla deyib səhraları dolaşan o divane-yi aşiq də ola bilirdi. Əslində Saşar Zərifin tək nəfərlik rəqsində şairlər, onlarla birlikdə əfsanələr, dastanlar qol-qola yallı gedirdilər. Bəlkə də ona görə onda Uzun-Dərə Rəqsinin incəliyi, yallının qələbə sevinci, səmanın dərviş ruhu coşqu ilə yaşanırdı.

Bütün bunların yanısıra xanəndə ilə rəqqası bu meraca götürən Tar, Kamança, Balaban, və Nağara insanları nağıllrı ilə birlikdə səhnədən səhnəyə, bir insanın həyatından başqa birinin həyatına aparırdılar. Hamının görüş yerinə, nağılların sonunda göydən düşən üç almanın düşüş anına musiqi alətlərini incədən, dərindən dilləndirən gənc yaşlı musiqiçilər qərar verirdilər. Simlərə toxunan hər mizrabın, kaman üste süzən yayın, balabanı elə bir yanqı ilə danışdıran nəfəsin, və Qobustanı Azərbaycanın bağrından götürüb uzaq ellərə gətirən o əllərin qarşısında bizlərə sadəcə sayğı ilə baş əymək, alğışlamaq düşüdrü.

Azerbaycanın musiqi və rəqs və hətta ədəbiyyat tarixidə bu bir yeni başlanqıcdır. Devamlı olmasını, hər bitən günümüzün dərin və yeniliklərlə dolu bir sabaha açılmasını diləyək. Yaradaq, yaşayaq. Olsun ki gələcək nəsillər bugün atılan addımların davamını güvən dolu addımlarla gətirsinlər.

No comments:

Post a Comment